İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı yollarında “saat oyunu”: Tıxac azalacaq, yoxsa...

Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə dövlət qurumlarında fərqli iş qrafiklərinin tətbiqinə başlanılıb. Sentyabrın 15-dən etibarən iki ay müddətində bir sıra dövlət qurumlarında əməkdaşların 08:00–17:00, 09:00–18:00 və 09:30–18:30 qrafikləri üzrə çalışması nəzərdə tutulur. Məqsəd səhər və axşam saatlarında nəqliyyat axınlarının bölüşdürülməsi və paytaxt yollarındakı sıxlığın azaldılmasıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nazirlər Kabinetinə təqdim etdiyi təklifə əsasən, işçilər ən azı 30 faiz olmaqla üç müxtəlif iş rejimi üzrə bölüşdürüləcək. İki aylıq sınaq müddətində isə yeni qrafiklərin Bakı şəhərində nəqliyyat sıxlığına təsiri monitorinq ediləcək. Nazirlər Kabineti təklifi qəbul edib. Dəyişkən iş qrafikinin tətbiqi “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda da nəzərdə tutulub.

Bundan başqa, əmək funksiyasının imkan verdiyi hallarda hibrid və distant iş formasından istifadə, özəl müəssisələrə isə iş vaxtı rejimlərini yeni qrafiklərə uyğunlaşdırmaq tövsiyə olunur. Hazırda bəzi dövlət qurumlarında, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, TƏBİB, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Bakı Metropoliteni” QSC-də dəyişkən iş qrafiki tətbiq edilir.

Bəs iş saatlarının 09:00-18:00 və 09:30-18:30 formatında müəyyənləşdirilməsi paytaxtın əsas problemini – tıxacları həqiqətən azalda biləcəkmi?

    “Yol təhlükəsizliyi insan həyatına verilən dəyərin göstəricisidir”- Nəqliyyat eksperti Rauf Ağamirzəyev

Nəqliyyat eksperti Rauf Ağamirzəyev Musavat.com-a açıqlamasında bildirib ki, bu addım tıxacın özünü aradan qaldırmayacaq, sadəcə nəqliyyat axınlarının parçalanmasına müəyyən qədər təsir göstərə bilər.

“İş qrafiklərinin dəyişdirilməsi tıxacı azaltmayacaq. Bu, sadəcə, axınların parçalanmasına qismən təsir edəcək. Əsas məsələ odur ki, bu sayda insanı daşıyacaq nəqliyyat növləri və onların hərəkətini təmin edən imkanlar necədir”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, şəhərdə insanların hərəkət etdiyi məsafəyə uyğun nəqliyyat alternativləri yaradılmalıdır. “Şəhərdə insanların hərəkətini təmin edən məsafəyə uyğun təkliflər olmalıdır. Qısa məsafələr üçün piyada infrastrukturu davamlı olmalıdır. Qısa keçidləri təmin edən zebrələrin, svetoforlu keçidlərin sayı artırılmalıdır ki, insanlar piyada hərəkət etməyə həvəsli olsunlar”, – Rauf Ağamirzəyev qeyd edib.

Ekspert mikromobilliyin də bu məsələdə mühüm rol oynaya biləcəyini düşünür. O bildirib ki, Bakıda son üç ildə formalaşan mikromobillik sisteminin daha geniş əraziləri əhatə etməsinə ehtiyac var: “İkinci məsələ mikromobillikdir. Artıq üç ildir Bakıda formalaşır. Onun şəbəkələşməsi və daha böyük əraziləri əhatə etməsi təmin olunmalıdır. Axınları ayırmaqla, qısa keçidləri təmin etməklə bu nəqliyyat növünə meyli artırmaq olar”.

Rauf Ağamirzəyev hesab edir ki, orta və uzun məsafələrdə əsas yük müxtəlif ictimai nəqliyyat növlərinin üzərinə düşür. Burada isə metro, avtobus və dəmir yolu nəqliyyatının imkanları ön plana çıxır: “Orta və uzun məsafəli ictimai nəqliyyatın müxtəlif növləri var. Burada da vəziyyətimiz hazırda necədir? Metroda xətlərin ayrılması layihəsinin müəyyən təsirləri olacaq. İlkin hesablamalara görə, metronun sərnişindaşınmasında 30 faiz azalma müşahidə olunur. Üç xətt üzrə ümumi daşınmanı təmin edirlər”.

Ekspertin fikrincə, metroda həyata keçirilən dəyişikliklərin nəticələri yaxın aylarda daha aydın görünə bilər: “Düşünürəm ki, 10-11 aydan sonra ilkin olaraq daha sağlam hərəkət edən metro müşahidə edəcəyik. Növbəti dövlət proqramı çərçivəsində yeni 10 xəttin tikilib istifadəyə verilməsindən sonra isə daha çox sərnişindaşıma imkanı yaranacaq”, – Ağamirzəyev deyib.

Ekspert avtobus və dəmir yolu nəqliyyatının da şəhərdaxili hərəkətdə mühüm əhəmiyyət daşıdığını qeyd edib. Onun sözlərinə görə, ictimai nəqliyyatın sürətli və komfortlu olması insanların şəxsi avtomobildən imtina edib alternativ nəqliyyat vasitələrinə yönəlməsində əsas amillərdən biridir.

“Əgər ictimai nəqliyyat sürətli, komfortlu deyilsə və bunu təmin edə bilmirsə, bu, bir reallıqdır. Əgər təmin edirsə, daha çox insanı öz tərəfinə çəkə bilir. Həmin qrafik dəyişikliyi də onda daha effektiv olur”, – nəqliyyat eksperti qeyd edib.

Mütəxəssisə görə, hazırda əsas məsələ Bakıda bu qədər insanın hərəkətini təmin etməkdir. Bunun üçün yalnız iş saatlarını dəyişmək kifayət etmir: “İndiki halda bizim əsas məsələmiz bu sayda insanların hərəkət etməsidir və bu hərəkəti təmin edən nəqliyyat növlərindəki vəziyyətimizdir. Bax, vəziyyət budur”.

Onun fikrincə, digər mühüm məsələ iş yerlərinin şəhər üzrə düzgün bölüşdürülməsidir. “Yəni, istiqamətlər üzrə lokasiyasının dəyişməsidir. Başqa sözlə, iş yerlərinin bir nöqtədə yox, fərqli nöqtələrdə cəmlənməsi məsələsi də nəzərə alınmalıdır”, – Rauf Ağamirzəyev əlavə edib.

Beləliklə, dəyişkən iş qrafikinin tətbiqi paytaxt yollarında nəqliyyat axınlarının müəyyən qədər parçalanmasına imkan verə bilər. Lakin ekspertin şərhindən də göründüyü kimi, Bakının tıxac probleminin uzunmüddətli həlli yalnız işə başlama və işdən çıxma saatlarının dəyişdirilməsi ilə məhdudlaşmır. Burada ictimai nəqliyyatın keyfiyyəti, piyada və mikromobillik infrastrukturu, metro şəbəkəsinin genişləndirilməsi və iş yerlərinin şəhər üzrə daha balanslı yerləşdirilməsi kimi amillər də paralel şəkildə həllini tapmalıdır.

İki aylıq sınaq müddətinin nəticələri isə yeni iş qrafiklərinin real nəqliyyat axınlarına nə dərəcədə təsir etdiyini göstərəcək.

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR