İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı platforması və yeni təhlükəsizlik arxitekturası

Hazırda beynəlxalq münasibətlər sistemində baş verən proseslər təhlükəsizlik anlayışının məzmununda fundamental dəyişikliklərə səbəb olub. Geosiyasi rəqabətin intensivləşməsi, müxtəlif regionlarda davam edən silahlı münaqişələr, beynəlxalq münasibətlərdə etimad böhranının dərinləşməsi, transmilli terrorçuluq və mütəşəkkil cinayətkarlığın yeni imkanlar əldə etməsi, kiberməkanın strateji qarşıdurma müstəvisinə çevrilməsi və süni intellekt texnologiyalarının sürətli inkişafı təhlükəsizliyin ənənəvi çərçivələrini əhəmiyyətli dərəcədə genişləndirir. Müasir təhlükəsizlik mühitinin əsas xüsusiyyətlərindən biri təhlükələrin getdikcə daha çox transsərhəd və qarşılıqlı əlaqəli xarakter almasıdır. Bir regionda meydana çıxan siyasi və ya hərbi böhran qısa müddətdə enerji, ərzaq, nəqliyyat və kommunikasiya təhlükəsizliyinə təsir göstərə bilər. Eyni zamanda terrorçuluq, kibercinayətkarlıq, qanunsuz silah və narkotik dövriyyəsi kimi təhdidlər dövlət sərhədlərindən kənarda fəaliyyət göstərən şəbəkələr vasitəsilə yayılır. Bu reallıq milli təhlükəsizliklə beynəlxalq təhlükəsizlik arasındakı qarşılıqlı asılılığı daha da gücləndirir.

Prezident İlham Əliyevin IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciəti məhz belə mürəkkəb təhlükəsizlik mühitinin siyasi və institusional təhlili baxımından əhəmiyyət daşıyır. Müraciət yalnız terrorçuluğa qarşı mübarizənin konkret aspektlərini əhatə edən diplomatik mətn deyil. Burada təhlükəsizlik anlayışının transformasiyası, təhdidlərin xarakterinin dəyişməsi, preventiv yanaşmanın zəruriliyi, texnoloji inkişafın yaratdığı yeni risklər və dövlətlərarası əməkdaşlığın institusional əhəmiyyəti vahid məntiq daxilində təqdim olunur.

Bu baxımdan müraciətin əsas politoloji məzmununu təhlükəsizlik təhdidlərinin transmilliləşməsi, təhlükəsizlik siyasətinin reaktiv modeldən preventiv modelə transformasiyası və dövlətlərarası əməkdaşlığın təhlükəsizlik arxitekturasının əsas komponentinə çevrilməsi müstəvisində ümümuləşdirmək mümkündür.
Müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik artıq yalnız dövlətin ərazi bütövlüyünün və siyasi suverenliyinin qorunması məsələsi kimi nəzərdən keçirilə bilməz. Dövlətin təhlükəsizliyi onun kritik infrastrukturlarının, enerji və nəqliyyat sistemlərinin, informasiya məkanının, maliyyə sabitliyinin və sosial dayanıqlılığının qorunmasını da əhatə edir.

Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına  müraciət ünvanlayıb | Milli.Az

Prezidentin müraciətində geosiyasi rəqabətin kəskinləşməsi, münaqişələrin davam etməsi və etimad böhranının dərinləşməsi ilə yanaşı, terrorçuluq, ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, qanunsuz silah və narkotik dövriyyəsi, kibercinayətkarlıq kimi müxtəlif xarakterli təhdidlərin eyni təhlükəsizlik çərçivəsində təqdim edilməsi təsadüfi deyil.

Bu yanaşma müasir təhlükəsizliyin ayrı-ayrı istiqamətlər üzrə sistemli və qarşılıqlı asılılıq əsasında qiymətləndirilməsini tələb edir.

Təhlükəsizlik sahəsində baş verən transformasiyanın mühüm nəticələrindən biri də dövlət və qeyri-dövlət aktorlarının qarşılıqlı münasibətlərinin dəyişməsidir. Terrorçu şəbəkələr, transmilli kriminal qruplar, radikal ideoloji platformalar və kiberməkanda fəaliyyət göstərən qeyri-dövlət aktorları milli dövlət institutlarının qarşısında tamamilə yeni və çevik reaksiyatələb edən problemlər yaradır. Bu aktorların fəaliyyət imkanları texnologiyanın inkişafı ilə genişləndikcə, dövlətlərin təhlükəsizlik mexanizmləri də yeni metod və alətlərə uyğunlaşdırılmalıdır.

Beləliklə, müasir təhlükəsizlik arxitekturasının əsas problemi yalnız təhlükələrin sayının artması deyil. Əsas problem onların bir-biri ilə qarşılıqlı əlaqədə olması və bir təhlükənin digərini gücləndirmək imkanının yaranmasıdır.

Prezidentin müraciətinin konseptual baxımdan ən mühüm tezislərindən biri təhlükəsizlik siyasətinin yalnız mövcud təhdidlərin nəticələrinin aradan qaldırılmasına yönəlməməsi, risklərin əvvəlcədən müəyyən edilməsi və qarşısının vaxtında alınması zərurətidir.

Bu yanaşma təhlükəsizlik idarəçiliyində reaktiv modeldən preventiv modelə keçidi ifadə edir.

Reaktiv model, bir qayda olaraq hadisə baş verdikdən sonra cavab tədbirlərinin görülməsi perspektivinə əsaslanır. Preventiv model isə təhlükənin yaranmasına səbəb ola biləcək proseslərin əvvəlcədən müəyyən edilməsini, onların inkişaf dinamikasının təhlilini və mümkün ssenarilərin modelləşdirilməsini nəzərdə tutur.

Burada təhlükəsizlik orqanlarının fəaliyyəti yalnız operativ cavabvermə funksiyası ilə məhdudlaşmır. Analitik imkanlar, erkən xəbərdarlıq mexanizmləri, risklərin qiymətləndirilməsi, məlumatların emalı və müxtəlif ssenarilərin modelləşdirilməsi təhlükəsizlik siyasətinin struktur elementlərinə çevrilir.

Başqa sözlə, dövlətin təhlükəsizlik qabiliyyəti artıq yalnız böhran zamanı necə reaksiya verməsi ilə deyil, böhranı nə qədər əvvəl görə bilməsi ilə də ölçülür.
Bu xüsusda, Prezidentin müraciətində vurğulanan qabaqlayıcı yanaşma müasir dövlət idarəçiliyinin daha geniş transformasiyası ilə əlaqələndirilə bilər. Təhlükəsizlik siyasətində analitika və proqnozlaşdırma yardımçı fəaliyyət deyil, strateji qərarvermənin əsas komponentlərindən birinə çevrilir.

IV Bakı Təhlükəsizlik Forumu keçirilib - Operativ Media

Müraciətin diqqət çəkən istiqamətlərindən biri müasir texnologiyaların, xüsusilə süni intellektin terrorçuluq və ekstremist fəaliyyət üçün istifadə imkanları ilə bağlıdır.
Bu məsələ təhlükəsizlik siyasətində yeni paradoks yaradır. Texnoloji inkişaf təhlükələrin genişlənməsinə şərait yarada bildiyi kimi, həmin təhlükələrin aşkarlanması və qarşısının alınması üçün yeni imkanlar da formalaşdırır.

Nəzərə almaq lazımdır ki, süni intellektin özü də radikal ideyaların daha sürətlə yayılmasına, manipulyativ məzmunun hazırlanmasına, potensial tərəfdarların müəyyənləşdirilməsinə və terrorçu şəbəkələrin kommunikasiya imkanlarının genişlənməsinə xidmət edə bilər. Digər tərəfdən, eyni texnologiyalardan böyük həcmdə məlumatların təhlili, risklərin müəyyənləşdirilməsi, şübhəli fəaliyyətlərin aşkarlanması və erkən xəbərdarlıq mexanizmlərinin təkmilləşdirilməsi üçün istifadə etmək də mümkündür.

Deməli, texnologiyanın təhlükəsizlik baxımından nəticəsi texnologiyanın özündən daha çox onun idarə olunması, hüquqi və institusional çərçivəsi və beynəlxalq koordinasiyanın səviyyəsi ilə müəyyənləşir.

Bu səbəbdən müasir təhlükəsizlik siyasətində texnoloji üstünlük anlayışına texnoloji məsuliyyət anlayışı da əlavə olunur.

Müraciətdə qarşılıqlı etimadın möhkəmləndirilməsi, təhlükəsizlik orqanları arasında peşəkar əlaqələrin inkişaf etdirilməsi və məlumat mübadiləsinin səmərəliliyinin artırılması xüsusi vurğulanır.

Bu yanaşma diqqətin təhlükəsizlik arxitekturasının çox vaxt görünməyən, lakin fundamental komponentinə - institusional etimada yönləndirilməsinə zəmin yaradır.
Transmilli təhlükələrə qarşı mübarizə aparan dövlətin malik olduğu məlumat digər dövlətin malik olduğu informasiya ilə birləşdirilmədikdə həmin məlumatın təhlükəsizlik baxımından dəyəri məhdudlaşa bilər. Buna görə müasir təhlükəsizlik sistemində məlumatın yalnız əldə olunması deyil, onun vaxtında paylaşılması və düzgün qiymətləndirilməsi də mühüm əhəmiyyət daşıyır.

Bu isə təhlükəsizlik sahəsində əməkdaşlığın sadəcə siyasi bəyanatlardan ibarət olmamasını tələb edir. Səmərəli əməkdaşlıq institusional əlaqələrin, etibarlı kommunikasiya kanallarının, operativ informasiya mübadiləsinin və qarşılıqlı fəaliyyət prosedurlarının mövcudluğunu nəzərdə tutur.

IV Bakı Təhlükəsizlik Forumu keçirilib

Beləliklə, müasir təhlükəsizlik arxitekturasının dayanıqlılığı müəyyən mənada onun iştirakçıları arasında mövcud olan etimad kapitalından asılıdır.

Bu xüsusda Bakı Təhlükəsizlik Forumunun əhəmiyyəti yalnız beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə edildiyi tədbir anlayışı çərçivəsində qiymətləndirilməməlidir.

Forum müxtəlif ölkələrin xüsusi xidmət və təhlükəsizlik strukturlarının rəhbər və nümayəndələrini bir araya gətirməklə peşəkar dialoq, təcrübə mübadiləsi və qarşılıqlı əlaqə üçün institusional imkan yaradır.

Bakı platformasının əhəmiyyəti onun gündəliyinin terrorçuluqla mübarizədən daha geniş təhlükəsizlik məsələlərini əhatə etməsində də özünü göstərir. Qlobal təhlükəsizlik arxitekturasının transformasiyası şəraitində belə platformalar dövlətlərə yalnız mövcud problemləri müzakirə etmək deyil, təhlükələrin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək və əməkdaşlığın yeni mexanizmlərini formalaşdırmaq imkanı verir.

Azərbaycanın bu prosesdə təqdim etdiyi əsas yanaşmalardan biri təhlükəsizliyin qarşıdurma deyil, əməkdaşlıq müstəvisində nəzərdən keçirilməsidir. Prezidentin müraciətində beynəlxalq sülh və təhlükəsizliyin bütün dövlətlərin ortaq məsuliyyəti kimi təqdim edilməsi də məhz bu institusional yanaşmanı ifadə edir.

Bu baxımdan Bakı platformasının funksiyası yalnız təhlükəsizlik məsələlərinə dair mövqelərin səsləndirilməsi ilə məhdudlaşmır. Onun daha mühüm funksiyası müxtəlif təhlükəsizlik sistemləri arasında kommunikasiya, qarşılıqlı etimad və praktiki əməkdaşlıq imkanlarının genişləndirilməsidir.

Azərbaycanın yerləşdiyi geosiyasi məkan təhlükəsizlik məsələlərinə kompleks yanaşmanı zəruri edən amillərdən biridir. Cənubi Qafqazın Avropa ilə Asiya arasında nəqliyyat, enerji və kommunikasiya bağlantılarının kəsişmə nöqtələrindən biri olması regionda sabitliyin yalnız regional deyil, daha geniş beynəlxalq proseslər baxımından əhəmiyyətini artırır.

Bu reallıq Azərbaycanın təhlükəsizlik siyasətində hərbi komponentlə yanaşı, enerji, nəqliyyat, kommunikasiya və informasiya təhlükəsizliyinin də önəmini ön plana çıxarır.

Bu baxımdan, Azərbaycan üçün təhlükəsizlik yalnız potensial hərbi təhdidlərin qarşısının alınması deyil, dövlətin strateji infrastrukturunun və inkişaf imkanlarının qorunması məsələsidir.

IV Bakı Təhlükəsizlik Forumu keçirilib | Baku.ws Xəbər saytı - Son ...

Prezidentin müraciətində təhlükəsizlik, sabitlik və əməkdaşlığın paralel şəkildə təqdim edilməsi də bu yanaşmanın məntiqi davamıdır.

Burada diqqəti çəkən digər məqam təhlükəsizlik anlayışının gələcəyə yönəlməsidir. Əgər ənənəvi təhlükəsizlik siyasətinin əsas məqsədi mövcud təhdidi neytrallaşdırmaq idisə, yeni yanaşmanın məqsədi dövlət və cəmiyyətin mümkün böhranlara qarşı dayanıqlılığını əvvəlcədən formalaşdırmaqdır.

Bütövlükdə, Prezident İlham Əliyevin IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciəti müasir beynəlxalq təhlükəsizlik mühitində baş verən transformasiyalara sistemli yanaşmanı əks etdirir. Müraciətin məntiqindən aydın olur ki, təhlükəsizlik artıq milli sərhədlərin və dövlətlərin fiziki təhlükəsizliyinin qorunması ilə məhdudlaşan anlayış deyil. Regional münaqişələr, terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, kibertəhdidlər, enerji və nəqliyyat təhlükəsizliyi kimi müxtəlif istiqamətlər bir-biri ilə qarşılıqlı əlaqədə olan vahid təhlükəsizlik sisteminin komponentlərinə çevrilir. Bu reallıq təhlükəsizlik siyasətinin də mahiyyətcə dəyişməsini, riskləri əvvəlcədən müəyyənləşdirməyə, onların inkişaf dinamikasını təhlil etməyə və mümkün nəticələrin qarşısını vaxtında almağa əsaslanan preventiv yanaşmanın gücləndirilməsini zəruri edir.

Belə bir şəraitdə analitik təhlil, proqnozlaşdırma və erkən xəbərdarlıq mexanizmləri təhlükəsizlik idarəçiliyinin texniki vasitələri olmaqdan çıxaraq onun strateji komponentlərinə çevrilir. Eyni zamanda, texnoloji inkişaf, xüsusilə süni intellekt və rəqəmsal imkanların genişlənməsi təhlükəsizlik gündəliyinə yeni ölçülər gətirir. Bu texnologiyalar terrorçuluq və ekstremist fəaliyyətin imkanlarını genişləndirə bildiyi kimi, təhlükələrin daha erkən aşkarlanması, məlumatların emalı və risklərin qiymətləndirilməsi üçün yeni imkanlar da yaradır. Bu səbəbdən texnoloji tərəqqinin təhlükəsizlik baxımından nəticəsi yalnız texniki imkanlarla deyil, onun institusional idarə olunması və beynəlxalq əməkdaşlıq mexanizmlərinin səmərəliliyi ilə müəyyənləşir.

Müraciətin ümumi məntiqində qarşılıqlı etimad və informasiya mübadiləsinə verilən əhəmiyyət də məhz bu kontekstdə xüsusi məna kəsb edir. Transmilli xarakter daşıyan təhdidlərin qarşısının alınması ayrı-ayrı dövlətlərin milli imkanları ilə məhdudlaşmır, bunun üçün təhlükəsizlik institutları arasında peşəkar əlaqələrin, operativ məlumat mübadiləsinin və koordinasiyalı fəaliyyət mexanizmlərinin inkişaf etdirilməsi tələb olunur. Bu mənada, beynəlxalq təhlükəsizlik sisteminin dayanıqlılığı yalnız ayrı-ayrı dövlətlərin imkanlarından deyil, həmin imkanların qarşılıqlı əlaqələndirilməsi və etimad əsasında birgə fəaliyyətə çevrilməsi qabiliyyətindən də asılıdır.

Məhz bu məqamda Bakı Təhlükəsizlik Forumunun institusional əhəmiyyəti ön plana çıxır. Forumun müxtəlif ölkələrin xüsusi xidmət və təhlükəsizlik strukturlarının nümayəndələrini bir araya gətirməsi onu yalnız təhlükəsizlik problemlərinin müzakirə edildiyi platforma deyil, həm də peşəkar dialoqun, qarşılıqlı etimadın, təcrübə və informasiya mübadiləsinin inkişaf etdirildiyi institusional mexanizm kimi xarakterizə etməyə imkan verir. Beləliklə, Bakı platformasının əhəmiyyəti onun iştirakçı coğrafiyasının genişliyi ilə yanaşı, dəyişən təhlükəsizlik mühitinə adekvat cavabların formalaşdırılması üçün dövlətlər arasında əlaqələndirilmiş yanaşmaların inkişafına verdiyi töhfə ilə müəyyən olunur.

2.jpg

Bu baxımdan Prezidentin müraciətinin əsas politoloji əhəmiyyətini təhlükəsizlik anlayışının yeni məzmununda görmək mümkündür. Müasir dünyada təhlükəsizlik yalnız sərhədlərin qorunması və mövcud təhdidlərin zərərsizləşdirilməsi deyil. Təhlükəsizlik eyni zamanda risklərin qabaqcadan müəyyənləşdirilməsi, dövlət institutlarının adaptasiya qabiliyyətinin artırılması, kritik sistemlərin dayanıqlılığının təmin edilməsi və beynəlxalq əməkdaşlıq şəbəkələrinin gücləndirilməsidir.

Bu məntiqdən çıxış etdikdə Bakı mesajının əsas ideyası daha aydın görünür. Yeni təhlükəsizlik arxitekturasında üstünlük yalnız təhlükəyə cavab vermək imkanına deyil, təhlükənin yaranma dinamikasını əvvəlcədən görmək, onu düzgün qiymətləndirmək və koordinasiyalı şəkildə qarşısını almaq qabiliyyətinə əsaslanır.

Beləliklə, IV Bakı Təhlükəsizlik Forumuna ünvanlanmış müraciət Azərbaycanın təhlükəsizlik gündəliyini qlobal proseslərin daha geniş müstəviyə qaldırır və təhlükəsizliyi qarşılıqlı asılılıq, preventiv idarəetmə, texnoloji məsuliyyət və institusional əməkdaşlıq prinsipləri əsasında nəzərdən keçirən yanaşmanı ön plana çıxarır.

Bu yanaşmanın mahiyyəti böhranın yaranmasına gətirib çıxaran riskləri vaxtında müəyyənləşdirmək və onların sistemli təhlükəyə çevrilməsinin qarşısını almaqdır.

Müasir beynəlxalq münasibətlər sisteminin getdikcə daha mürəkkəb və qarşılıqlı asılı xarakter aldığı şəraitdə təhlükəsizlik siyasətinin gələcəyi də məhz bu preventiv və əməkdaşlığa əsaslanan modelin nə dərəcədə effektiv qurulmasından asılı olacaq.

Elçin Mirzəbəyli
Milli Məclisin deputatı

Elçin Mirzəbəyli YAP-a üzv olub?

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR