Onlayn ictimai-siyasi qəzet
Nyu-Yorkda xarici işlər nazirləri Ceyhun Bayramov və Abbas Əraqçi arasında görüş baş tutub. BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən görüşdə ikitərəfli və çoxtərəfli gündəmi, regional prosesləri, təhlükəsizlik məsələlərini müzakirə ediblər. Görüşün diqqətçəkən tərəfi Azərbaycan və İran arasında yüksək səviyyəli təmasların davam etdirilməsinin, qarşılıqlı hörmət və mehriban qonşuluq münasibətlərinin vacibliyinin vurğulanmasıdır.
Tərəflər həmçinin diplomatiya və dialoqun regionda sülh və sabitliyin təmin olunmasında əhəmiyyətini qeyd ediblər. Bu görüş Bakı ilə Tehran arasında münasibətlərin yeni mərhələdə hansı istiqamətdə inkişaf edə biləcəyi məsələsini yenidən gündəmə gətirir. Xüsusilə Azərbaycan və İran prezidentlərinin 2026-cı ilin avqustunda Bişkekdə keçirilmiş görüşünün əməkdaşlığın genişləndirilməsi baxımından mühüm addım kimi qeyd olunması da diqqətdən yayınmır.
Deputat Bəhruz Məhərrəmov Musavat.com-a bildirib ki, bu görüş Cənubi Qafqaz və Yaxın Şərq regionlarının kəsişməsində formalaşan yeni geostrateji konyunkturanın bariz təzahürüdür: “Bişkekdə keçirilmiş ali səviyyəli dövlət başçıları görüşünün davamı sayıla bilən bu diplomatik təmas iki qonşu dövlət arasında gərginliklərin diplomatik alətlərlə neytrallaşdırılması və münasibətlərin institusional müstəviyə keçirilməsi iradəsini əks etdirir. İki dövlət arasında intensivləşən dialoq BMT Nizamnaməsinin 2-ci maddəsində təsbit olunmuş suveren bərabərlik, ərazi bütövlüyünün toxunulmazlığı və daxili işlərə qarışmamaq prinsiplərinə söykənir. Aydındır ki, Bayramov-Əraqçi görüşündə qarşılıqlı hörmət və mehriban qonşuluq münasibətlərinin vurğulanması ilk növbədə tərəflərin beynəlxalq hüququn imperativ normalarına sadiqliyini nümayiş etdirir. Çünki suverenliyin hüquqi baxımdan tanınması regional təhlükəsizlik arxitekturasının formalaşmasında əsas şərtdir. Bakı və Tehran arasında əvvəlki dövrlərdə müşahidə olunan ritorik kəskinləşmələrin yerini dialoqa verməsi, beynəlxalq müqavilələr hüququ üzrə Vyana Konvensiyasının ruhuna uyğun olaraq ikitərəfli öhdəliklərin icrasına sağlam hüquqi zəmin yaradır”.

Deputatın sözlərinə görə, prezidentin postmünaqişə dövründə formalaşdırdığı yeni geostrateji konfiqurasiya Cənubi Qafqazda kənar güclərin diktəsini istisna edən, regional sahiblik prinsipinə dayanır: “Bu konsepsiya region dövlətlərinin bərabərhüquqlu tərəfdaşlığını və təhlükəsizlik məsələlərinin daxili imkanlarla həllini nəzərdə tutur. Məlumdur ki, İlham Əliyevin təşəbbüsü olan "3+3" əməkdaşlıq formatı Tehranın regional proseslərdən təcrid olunması riskini aradan qaldırır və İrana bərabərhüquqlu tərəfdaş kimi çıxış etmək imkanı verir. Eyni zamanda, Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvan Muxtar Respublikası ilə İran ərazisindən keçməklə birləşdirən Araz dəhlizi layihəsi Bakının regional nəqliyyat kommunikasiyalarında Tehrana hazırkı geoiqtisadi dalandan strateji alternativdir. Bu addım "Şimal-Cənub" və "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizlərinin effektivliyini artırmaqla yanaşı, İranın tranzit potensialını da xeyli gücləndirir. Azərbaycanın balanslaşdırılmış xarici siyasəti İranın öz şimal sərhədlərində təhdid hissi keçirməsinin qarşısını alır və Bakının suveren hüquqları çərçivəsində yürütdüyü müstəqil xəttin üçüncü dövlətlərə qarşı yönəlmədiyini hüquqi və siyasi faktlarla sübut edir.
Bundan başqa, Bakı-Tehran xəttindəki siyasi dialoqun deklarativ bəyanatlardan praktiki əməkdaşlığa transformasiyası bir neçə əsas istiqamətdə konkret nəticələr vəd edir. İlk növbədə, Xudafərin və Qız Qalası su qovşaqlarının, eləcə də yeni nəqliyyat infrastrukturlarının birgə istismarı üzrə hüquqi rejim möhkəmlənir. Transmilli cinayətkarlıq və regional sabitliyə təhdid törədən elementlərə qarşı birgə hüquqi və əməliyyat mexanizmlərinin işlənilməsi təhlükəsizlik sahəsində koordinasiyanı dərinləşdirir. Habelə ikitərəfli ticarət dövriyyəsinin artırılması, elektrik enerjisinin mübadiləsi və "swap" qaz əməliyyatlarının hüquqi çərçivəsinin genişləndirilməsi iqtisadi dividendləri artırır. Nyu-York görüşü göstərir ki, Bakı və Tehran regional təhlükəsizliyin alternativsizliyi prinsipindən çıxış edərək mövcud fikir ayrılıqlarını diplomatiya yolu ilə həll etməyə üstünlük verirlər”.
Cavanşir Abbaslı
Musavat.com
14 Oktyabr 2026
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ