İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanəsilli İsveç deputatı milli geyimlə parlamentə gəldi - VİDEO

İsveç parlamentinin açılış mərasimində azərbaycanəsilli deputat Aylin Nuri (Fazelian) Azərbaycan milli geyiminin bir hissəsini geyinib. O, bununla bağlı paylaşımında milli geyimin insanın tarixi və mənsubiyyəti ilə bağlı olduğunu, İsveç cəmiyyətinə aid olmaq üçün öz keçmişindən imtina etməyə ehtiyac olmadığını bildirib.

Aylin Nuri yazıb ki, İsveç parlamentində milli geyimdə olan deputatları görmək ona həmişə gözəl təsir bağışlayıb. Ailəsi İsveçə o doğulmazdan bir qədər əvvəl gəldiyi üçün nəsildən-nəslə ötürülən İsveç milli geyimi olmadığını deyən deputat, valideynlərindən aldığı Azərbaycan irsinin də kimliyinin bir hissəsi olduğunu vurğulayıb.

“İsveç demokratları İsveç cəmiyyətinə inteqrasiyanın yolu kimi assimilyasiyadan danışırlar. Mən bununla razı deyiləm. İnsan İsveç cəmiyyətinə aid olduğunu hiss etmək üçün öz tarixinin və keçmişinin bir hissəsini silməyə məcbur qalmamalıdır”, – deyə o qeyd edib.

Deputatın sözlərinə görə, anası vaxtilə ailəsinin fərqli keçmişindən utanıb, cəmiyyətə uyğunlaşmaq üçün buruq saçlarını düzəltməyə çalışıb. “Kaş ki, o zaman mənim bu gün bildiyimi biləydi”, – Fazelian yazıb.

O, Azərbaycan milli geyiminin bir hissəsini geyinərək parlamentə daxil olmasının mənasını belə ifadə edib: “Mənim tarixim məni daha az isveçli etmir. Mənim tarixim İsveç tariximin bir hissəsidir”. Fazelian paylaşımının sonunda insanın İsveçə mənsubiyyətini sağçı ekstremistlərin müəyyən etmədiyini, bunu hər kəsin özünün müəyyən etdiyini bildirib.

Aylin Nuri (Fazelian) Sosial-Demokrat Fəhlə Partiyasını təmsil edir. O, 2018-ci ildə İsveç parlamentinə — Riksdağa seçilib, 2026-cı il parlament seçkisində də mandatını qoruyub. İsveç Seçki Administrasiyası seçkinin yekun nəticələrini sentyabrın 19-da təsdiqləyib.

Aylin Fazelian Güney Azərbaycan əsilli Mahmud Bilginin qızıdır. Bilgin Güney Azərbaycan siyasi fəalı və ziyalısı kimi tanınır. O, uzun illər İsveçdə mühacir həyatı yaşayıb, hazırda İsveç vətəndaşıdır. Mahmud Bilgin Vahid Azərbaycan və Güney Azərbaycan məsələləri ilə bağlı çıxışları ilə də diqqət çəkir. Musavat.com-un əvvəlki müsahibələrində o, Güney Azərbaycan təşkilatlarının fəaliyyəti və bölgədəki siyasi proseslər barədə danışıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR