İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda bu xidmət elektronlaşdırıldı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin göstərdiyi "Torpaq sahəsinin koordinatlarının yerdə (naturada) müəyyən edilərək tanıdılması" xidməti elektronlaşdırılıb.

Musavat.com bu barədə quruma istinadən xəbər verir.

Belə ki, əvvəllər müraciətlərin qəbulu və icra nəticəsində hazırlanan cavab məktubunun vətəndaşlara təqdim edilməsi kağız daşıyıcıda həyata keçirilirdisə, hazırda bu proses onlayn qaydada təşkil olunur.

Mülkiyyətində, icarəsində və ya istifadəsində torpaq sahəsi olan fiziki və hüquqi şəxslərin müraciəti əsasında həyata keçirilən bu xidmət torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi, dəqiqləşdirilməsi və döngə (sərhəd xarakterik) nöqtələrinin koordinatlarının təyin olunması üzrə kadastr işlərini əhatə edir.

Bu xidmətin əsas mahiyyəti texniki sənədlərdə qeyd olunmuş döngə nöqtələrinin müasir geodeziya ölçü cihazları və alətləri vasitəsilə bilavasitə yer üzərində dəqiq koordinatlarla təyin edilməsi və mülkiyyətçiyə əyani şəkildə nümayiş etdirilərək tanıdılmasıdır. Bu prosedur qonşu torpaqlarla yaranacaq sərhəd kəsişmələrinin və hüquqi mübahisələrin qarşısını alır, habelə tikinti işlərindən əvvəl ərazinin dəqiq nöqtələrini nişanlamağa imkan verir.

Yeniliyə əsasən vətəndaşlar İqtisadiyyat Nazirliyinin Elektron Xidmətlər Portalı (https://e-services.economy.gov.az/) vasitəsilə xidmətə onlayn qaydada müraciət edə bilərlər. Müraciətin icrası başa çatdıqdan sonra hazırlanan rəsmi cavab məktubu müraciət edən şəxsə elektron formada, xüsusi link vasitəsilə ünvanlanır.

Tətbiq edilən elektronlaşma xidmətə əlçatanlığı artırmaqla yanaşı, vətəndaşların əlavə xərclərini və vaxt itkisini aradan qaldıraraq xidmətdən istənilən məkandan onlayn müraciətə şərait yaradır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR