İnsanlara hürriyət, millətlərə istiqlal!

Paytaxtın yükdən azad olunması, regionların inkişafı ilə bağlı ilginc təkliflər

Son günlər paytaxt Bakının yüklənməsi, şəhər həyatının tıxac səbəbindən bəzən iflic hala düşməsi barədə geniş müzakirələr aparılır. Amma bir reallıq var ki, paytaxtın yüklənməsinin səbəbi bölgələrimizin sürətlə boşalması və mərkəzə axının artmasıdır. Dövlət başçımız dəfələrlə regionlardakı problemlərin həll edilməsi, kəndlərin, rayonların əhalisinin iş yerləri ilə təmin olunması, vətəndaşları məmnun edən addımların atılması barədə tapşırıqlar verib, bununla bağlı vacib proqramlar qəbul olunub.

Sentyabrın 30-da Milli Məclisin payız sessiyasının ilk plenar iclası keçiriləcək və yəqin ki, bu mövzu müzakirə mövzularından olacaq. Bir sıra deputatlar yay tətilində olduqları müddətdə və ondan sonrakı dönəmdə də seçicilərlə nəzərdə tutulmuş qrafik əsasında görüşlər keçirdilər, bu barədə internet resurslarında və mediada da məlumatlar yayıldı.

382457.jpg (32 KB)

Deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimlinin bu mövzularla bağlı Musavat.com-a müsahibəsinin ikinci bölümünü təqdim edirik:

(Əvvəli burada: https://musavat.com/news/ehalinin-regionlardan-bakiya-axininin-sengidilmesi-ucun-deputatdan-muhum-teklifler-ilginc-aciqlamalar_1292397.html)

- Əli bəy, paytaxt Bakını yükdən azad etmək üçün nələrdən başlamaq lazımdır?

- Azərbaycanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi və onun nəticəliyinin artırılması xeyli dərəcədə regionların potensialından istifadənin dairəsi, dolğunluq, səmərəlilik və bu əsasda paytaxt Bakının yükünü azaldılması dərəcəsindən asılıdır. Ona görə də Azərbaycanda bölgələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bölgələrin inkişafını sürətləndirməkdən ötrü 2004-cü ildən başlayaraq 2004–2008-ci, 2009–2013-cü, 2014–2018-ci və 2019–2023-cü illəri əhatə edən dörd Dövlət Proqramı həyata keçirilib. Həmin proqramların həyata keçirilməsi nəticəsində regionlarda infrastrukturun inkişafı, yollarının tikintisi, qaz, su, elektrik təchizatının yaxşılaşdırılması və sair istiqamətlərdə mühüm rol oynadı. Müasir məktəblər, xəstəxanalar və “Asan Xidmət” mərkəzləri regionlarda sosial xidmətlərin əlçatanlığını artırır. Bununla belə regionların geniş miqyasda qalxınmasını təmin etmək və Bakının yüklənməsini azaltmaq üçün tətbiq edilən regional inkişaf proqramları və digər tədbirlər indiyədək paytaxta olan miqrasiyanın qarşısını ala bilməyib. Ona görə də bölgələrdə yaşamaq və işləmək üçün əlverişli şəraitin yaradılası üçün hələ çox işlər görülməlidir. Hazırda Bakı şəhəri ölkə əhalisinin, təhsil müəssisələrinin və biznes subyektlərinin böyük hissəsini özündə cəmləşdirərək həddindən artıq yüklənib. İqtisadi fəallığın, sənayenin və infrastrukturun böyük hissəsinin bir nöqtədə cəmləşməsi Bakıda bir sıra problemləri, ekoloji, nəqliyyat və sosial təzyiqləri kəskinləşdirir, xüsusən də paytaxt çox ciddi infrastruktur təzyiqi ilə üzləşir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ikinci prioritet kimi yer alan dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət quruculuğu üçün zəruri olan məsələlər arasında Bakı ilə regionlar arasında fərqlərin azaldılması və tarazlı inkişafa nail olunması məsələsi önə çəkilib. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında və aidiyyatı qurumlara tapşırıqlarında regionlardakı problemlərin həllinin sürətləndirilməsi məsələləri xüsusi yer tutur. Həmin çıxışlarda regionlardakı problemlərin həlli sadəcə təkcə yerli xarakterli məsələ kimi deyil, ölkənin ümumi makroiqtisadi sabitliyinin, iqtisadi müstəqilliyinin və daxili təhlükəsizliyinin təmin olunmasında əsas hərəkətverici qüvvə kimi qiymətləndirilir. Dövlət başçısının regionlara etdiyi çoxsaylı səfərlər təkcə yeni müəssisələr və obyektlərin açılışı ilə məhdudlaşmır, həm də orada görülən işlərə birbaşa yerində nəzarət mexanizmi və rayona əlavə dəstək verilməsi vasitəsidir. Məsələn, Prezident İlham Əliyev tərəfindən Şəki şəhərinin və rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə müxtəlif illərdə bir neçə mühüm sərəncam imzalanmış və Prezidentin ehtiyat fondundan Şəkiyə maliyyə ayrılmışdır. Bu sərəncamlar əsasən,  şəhərin tarixi-memarlıq üslubunun qorunması, infrastrukturun yenilənməsi və kəndlərarası avtomobil yollarının tikintisi kimi əlavə tədbirləri əhatə edir. Qax rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında da bir neçə mühüm sərəncam imzalanmış və regional və sahəvi proqramlarda nəzərdə tutulan bir sıra tədbirləri həyat keçirmək üçün Qaxa da əlavə maliyyə ayrılıb.

Dövlət başçısının regionlara etdiyi çoxsaylı səfərlər təkcə yeni müəssisələr və obyektlərin açılışı ilə məhdudlaşmır, həm də orada görülən işlərə birbaşa yerində nəzarət mexanizmidir. Bu kontekstdə Azərbaycanın regionlarının potensialından istifadənin dairəsinin genişləndirmək, dolğunluq və səmərəlilik dərəcəsini artırmaq üçün qısa, orta və uzunmüddətli dövrdə nəticə verə bilən tədbirlər kompleksinin effektiv kombinasiyasına nail olmaq lazımdır. Buna optimal variantda nail olunması regionların daxili resurslarına əsaslanan, rəqəmsallaşma və institusional islahatlar və digər bu kimi tədbirləri birləşdirən sistemli yanaşmanı tələb edir. Bu strateji hədəfə nail olmaq üçün tələb olunan tədbirlər kompleksinin qısamüddətli tədbirləri arasında bölgələrdə yeni, rəqabətədavamlı və yüksək gəlirli iş yerlərinin yaradılmasını sürətləndirilməsi, xüsusən də gənclər üçün ixtisaslı və yüksək gəlirli iş yerlərinin artırılması ilə yanaşı regionlarda qazlaşdırılmamış kəndlərin qazlaşdırılması, işıq su sarıdan mövcud problemlərin həllinin sürətləndirilməsi, kənddaxili yolların qaydaya salınması, kəndlərarası yolların təmiri sürətləndirilməsi, regionlararası logistik xətlər müasirləşdirilməsi, internetin sürət və keyfiyyətinin yüksəldilməsinə da böyük ehtiyac var. Bununla yanaşı regionlarda istehsalın, xüsusən də kiçik və orta biznes şəbəkəsi əhəmiyyətli dərəcədə genişləndirilməsinə yönəlik təşviqlər tətbiq olunmalıdr. Əgər bir sahibkar çox zəruri profilli bir müəssisəni Bakıda deyil, Şəkidə və ya Qaxda açırsa, dövlət tərəfində ona əlverişli şərtlərlə torpaq ayrılması və ya torpağı pulsuz verilməsi, orta müddətdə korporativ vergidən əhəmiyyətli dərəcədə və ya tam azad edilməsi, ucuz kredit ayrılması məqsədəuyğun olar. İnfrastrukturun rəqəmsallaşdırılması və regionlarda distant iş imkanlarının dəstəklənməsi və sair də xüsusi əhəmiyyət kəsb edir.

Bakıda 8 yolda tıxac var | Baku.ws Xəbər saytı - Son xəbərlər və Hadisələr

- Regionların inkişafı ilə bağlı dövlət başçısının mütəmadi tapşırıqları və sərəncamları olub. Bu istiqamətdə daha hansı addımların atılmasında fayda  var?

- Ortamüddətli tədbirlər sırasında regionlarda yalnız xammal istehsalı deyil, bütövlükdə dəyər zəncirinin qurulması prioritet təşkil etməli, onun emalı, qablaşdırılması və brendləşdirilməsi təmin edilməlidir. Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının müzakirısinı həsr olunmuş müşavirədə Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, Azərbaycanda 2027-2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafının strategiyasının tam Dəyər Zəncirinin Yaradılması üzərində qurulmalıdır. Bu cür yanaşma təbii resurslar sadəcə xammal kimi ixrac etmək yox, dəmir filizi, alüminium, mis və qızılın ölkə daxilində tam emal edilərək yüksək əlavə dəyər yaradan son məhsula çevrilməsini nəzərdə tutur. Bu, yüksək əlavə dəyərə malik məhsulların istehsalına imkan verəcək. Bu da resursları qlobal bazarlara filiz kimi ixrac etməkdən xeyli sərfəlidir. Bu cür layihələr birbaşa regionların sosial-iqtisadi inkişaf gündəliyini əks etdirir və bölgələrdə yeni iş yerlərinin yaradılmasını sürətləndirəcəkdir. Bununla yanaşı regionlarda çox ucuz və uzunmüddətli kreditlərlə gənclər üçün müasir binalar tikilməsi də çox vacibdir. Beynəlxalq praktikadan məlumdur ki, bu xeyli dərəcədə insanların yaşayış şəraiti ilə səbəbli, böyük şəhərlərə köçməsinin qarşısını alır. Dövlət Statistika Komitəsinin məlumatına görə Azərbaycanda 2026-cı il avqustun 1-i vəziyyətinə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ölkə üzrə 1 176,7 manat təşkil edib. Bakıda orta aylıq nominal əmək haqqı 1487 manat, Xankəndidə-1644 manat, Şuşada- 942 manat,Gəncədə-756 manat, Şəkidə-681 manat, Qaxda 581 manatdır. Deməli beynəlxalq təcrübədən yaradıcılıqla istifadə ilə yanaşı, elə öz təcrübəmiz, yəni işğaldan azad edilən ərazilərdə görülən işlərin təcrübəsi və ilkin sosial-iqtisadi nəticələrin səviyyəsi göstərir ki, yerlərdə idarəetmə sistemini normallaşdırıb, yetərincə sərmayə qoyub, ondan səmərəli istifadə edəndə həm yerli istehsal göstəriciləri, həm də gəlirlərin səviyyəsi baxımdan nəticələr də yüksək olur, yəni əmək haqqı Xankəndinin timsalında Bakıdan, Şuşanın timsalında isə Gəncə və Azərbaycanın digər şəhər və rayonlarının göstəricilərindən yüksək olur. Gəncədə, Şəkidə, Qaxda və digər yerlərdə yaşamaq və işləmək üçün əlverişli şərait və əhalinin gəlirləri, əmək haqqı Bakıdakı qədər olsa, orada iqtisadi fəallıq Bakıdakından yüksək olar. Beynəlxalq praktikadan məlum olan “Gücün Paylanması” prinsipindən yaradıcılıqla istifadə edib Bakı ilə yanaşı, Gəncənin, Şəkinin, Şuşanın və digər şəhərlərin hesabına investisiya, sənaye, mədəniyyət, təhsil mərkəzləri yaratmaq olar. Kənd təsərrüfatı Nazirliyini Gəncəyə və ya digər münasib bir şəhərə, Mədəniyyət Nazirliyini və ya bir sıra komitə və baş idarələri,onların struktur bölmələrini Şəkiyə və ya Şuşaya köçürmək olar. Bakıdan kənar iqtisadi zonaların aparıcı şəhərlərinin bir qismi, məsələn, Şəki-Zaqatala zonasında Şəki xüsusi investisiya zonaları elan edilsə, Bakı ilə Şəki-Zaqatala iqtisadi rayonun inkişafının tarazlaşmasına bir sıra töhfələr verə bilər. Bu kontekstdə uzunmüddətli tədbirlər sırasında insan kapitalının, elm və təhsilin, o cümlədən peşə təhsilinin inkişafı, regional universitetlərin və peşə məktəblərinin proqramlarının birbaşa həmin regionun iqtisadi profilinə uyğunlaşdırılması mühüm əhəmiyyət kəsb edir. “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələri ilə yanaşı “Ağıllı region” konsepsiyasının da hazırlanıb tətbiq edilməsi regionlarda yeni perspektivlər açar. Dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi, regional irimiqyaslı infrastruktur layihələrinə (yollar, alternativ enerji stansiyaları) özəl investisiyaların cəlb edilməsi üçün hüquqi və iqtisadi mexanizmlərin tam işə salınması çox vacibdir.

Bakının bəzi yollarında yenı TIXAC VAR

- Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə çox mühüm məsələlərdən bəhs olundu. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu da bu mənada ölkəmiz üçün mühüm perspektivlər vəd edir, həm də yeni iş yerlərinin yaradılması, regionların inkişafı baxımından. Bu barədə fikirləriniz necədir?

- Bakıda düzənlənən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) səslənən əsas ideya və prioritetlərin reallaşdırılması Azərbaycanın Bakıdan kənar rayon və iqtisadi zonaların sosial-iqtisadi inkişafına birbaşa və uzunmüddətli müsbət təsir göstərə bilər. Forumun gündəliyi ölkənin uzunmüddətli inkişaf strategiyasına uyğunlaşdırıldığı üçün müzakirə olunan layihələr regionlarda infrastrukturun yenilənməsinə və yeni iş yerlərinin açılmasına zəmin yaradır. Forumda qaldırılan məsələlərin Azərbaycanın regionlarına göstərə biləcəyi əsas təsirlər özünü daha çox regional nəqliyyat və logistika mərkəzlərinin güclənməsinə birbaşa təkan verəcək. Regional səviyyədə “yaşıl enerji zonaları”nın yaradılması yerli resursların səmərəli istifadəsinə imkan verəcək. Azərbaycanın regional rəqəmsal sənaye mərkəzinə çevrilmək hədəfi və süni intellekt mövzuları regionlarda internet təminatının və rəqəmsal xidmətlərin səviyyəsini yüksəldəcək. Regional mərkəzlərdə innovasiya ekosisteminin qurulması gənclərin paytaxta axınının qarşısını almağa kömək edəcək. Forum çərçivəsində mühüm sənədlərin və investisiya sazişinin imzalanması kapitalın və yeni texnologiyaların ölkəyə gəlməsi imkanlarını artırır. Bu texnologiyalar regionlarda fəaliyyət göstərən aqrar, emal və istehsal müəssisələrinin rəqabət qabiliyyətliliyini artıraraq onların xarici bazarlara çıxışını asanlaşdıracaq. Əgər regionların qalxınmasına yönələn tədbirlərin iqtisadi, sosial, institusional, ekoloji və sair baxımdan effektləri gözləntilərdən aşağıdırsa, deməli, yeni yanaşma tətbiq edilməlidir. Bu kontekstdə əsas məsələ regionların öz potensialına layiq səviyyədə qalxınmasına, tərəqqisinə və orada yaşayanların güzəranının hərtərəfli yaxşılaşmasına davamlı və dayanıqlı xarakter verməkdən ötrü, bütün bu dediklərimizə əlavə çox fundamental bir amili də mütləq dövriyyəyə qoşmaq lazımdır. Elə bir yeni yola çıxmaq lazımdır ki, orada regionlara sadəcə ərazi kimi yox, Azərbaycan xalqının milli genotipi, əsrlər boyu formalaşmış və nəsildən-nəsilə ötürülən mənəvi, mədəni, psixoloji və sosial dəyərlər sisteminin,köklü adət-ənənələrinin ölkənin dayanıqlı sosial-iqtisadi inkişafını sürətləndirən əvəzsiz strateji resurs kimi baxmaq lazımdır. Bu resursdan dolğun şəkildə istifadə etməklə, milli dəyərlərimizi iqtisadi tərəqqinin hərəkətverici qüvvəsinə çevrilməsini təmin etməklə, ölkəmizdə insan kapitalının inkişafına əvəzsiz töhfə vermək olar. Bir sözlə, bu söylənilənlər kontekstində regionların potensialının hərtərəfli şəkildə hərəkətə gətirilməsi, insanların fəaliyyətinə qanunla müəyyən olunmuş bütün istiqamətlərdə zəruri şərait yaradılması həm regionlardan Bakıya axın xeyli məhdudlaşar, həm də bu, Bakının həddən artıq yüklənməsi nəticəsində yaranmış problemlərin, xüsusən də getdikcə kəskinləşən tıxac kimi çox ciddi probleminin səngiməsində həlledici rol oynaya bilər.


Elşad Paşasoy,
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR