İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan mina bəlasına qarşı niyə tək qalıb?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”a əsasən, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılan 4454,9 milyon manat vəsaitdən 74,8 milyon manatı ərazilərin minalardan təmizlənməsinə xərclənib.

ad74116c3b8b44f278dc8696a16c523e.jpeg (333 KB)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov WUF13 çərçivəsində Musavat.com-a eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanın mina probleminin həlli istiqamətində beynəlxalq dəstək istənilən səviyyədə deyil:

“Bu, bizim üçün humanitar həmrəylik məsələsidir. Amma Azərbaycan hökuməti bu yükü öz boynuna götürüb, minatəmizləmə fəaliyyətini öz maliyyəsi hesabına həyata keçirilir. Bu günə qədər 272 min hektardan çox ərazi minalardan təmizlənib. 251 minə yaxın partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib. Müəyyən yardımlar olsa da, bu, ümumi xərclənən vəsaitin heç 5 faizi deyil. Sözsüz ki, biz bu problemi müxtəlif platformalarda diqqətə çatdırırıq. Dünya ictimaiyyəti bunu bilməlidir”.

Milli Məclisin deputatı Azay Quliyev Musavat.com-a şərhində deyib ki, ərazilərin minalarla çirklənməsi dünyada, beynəlxalq humanitar qanunlarda ən təhlükəli və həlli vacib olan humanitar problem kimi təsbit olunub.

 WhatsApp Image 2026-06-09 at 16.16.47.jpeg (252 KB)

Deputat vurğulayıb ki, bu sahədə ixtisaslaşmış strukturlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minatəmizləmə prosesinə həm texniki, həm də maddi dəstəyi artırmalıdır:

“Təəssüf ki, ərazilərimizin işğaldan azad edilməsindən 5 ildən çox müddətin keçməsinə baxmayaraq, hələ də beynəlxalq qurumlardan və ayrı-ayrı ölkələrdən Azərbaycana lazımi dəstək göstərilmir. Bu da bizim daim üzləşdiyimiz ikili yanaşmanın təzahürüdür. İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə prosesinə gözlənilən köməyin olmaması həm də dünyada görünməmiş çox mənfi presedent yaradır. ABŞ-nin, eyni zamanda Avropa İttifaqı və başqa-başqa qurumların müəyyən dəstəyi olsa da, bu, real miqyasa uyğun deyil. Hesab edirəm ki, Azərbaycanın üzləşdiyi miqyasda mina problemi başqa ölkədə olsa idi, məsələn, Ermənistanda, BMT, Avropa İttifaqı, ABŞ və dünyanın aparıcı ölkələri dərhal beynəlxalq donor konfransları təşkil edər və milyardla dollar vəsait toplayar, müvafiq dəstək fondları yaradardılar. Ancaq bizə gələndə bu cür təşəbbüslərin şahidi olmuruq. Buna görə də Azərbaycan öz ərazilərini təkbaşına azad etdiyi kimi, azad edilmiş ərazilərdəki mina problemini, o cümlədən “Böyük Qayıdış” prosesini təkbaşına həll etməyə məcbur qalıb”.

Yeri gəlmişkən, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında bu gün mina mövzusunda paylaşım edib:

“Minalar Ermənistan-Azərbaycan münaqişəsinin ən ağır mirası olaraq qalır və aktiv döyüşlərdən sonra da can almağa davam edir. 2020-ci il noyabrın 10-dan 2026-cı il iyunun 9-dək Azərbaycanda 264 mina hadisəsi baş verib, nəticədə 427 nəfər minaya düşüb, onlardan 73-ü həlak olub, 354-ü isə xəsarət alıb.

Mina qurbanlarının arasında 231 mülki şəxs və 196 hərbçi var. 1991-ci ildən bəri mina qurbanlarının ümumi sayı 3500 nəfəri ötüb. Onların arasında 362 uşaq və gənc, eləcə də 38 qadın var. Faciəvi insan itkisindən əlavə, geniş yayılmış mina çirklənməsi məcburi köçkün düşmüş ailələrin təhlükəsiz qayıdışına, azad olunmuş ərazilərin yenidən qurulmasına, iqtisadi inkişafa və kənd təsərrüfatına əsas maneə olmaqda davam edir. Hər bir tapılmış və təmizlənmiş mina sadəcə potensial xilas edilmiş həyatı yox, həm də yaxşılaşmaya doğru bir addımı təcəssüm etdirir. Minatəmizləmə fəaliyyəti təkcə təhlükəsizlik məsələsi deyil, həm də humanitar məcburiyyət və dayanıqlı yenidənqurma və inkişaf üçün başlıca şərtdir”.

WhatsApp Image 2026-06-09 at 16.16.47 (1).jpeg (312 KB)

Nigar Həsənli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR