Onlayn ictimai-siyasi qəzet
Ermənistanda aparılan sorğuya görə, vətəndaşların əksəriyyəti “Tiqranaşenin” (Kərki kəndi - red) erməni yaşayış məntəqəsi olduğunu düşünür və onun Azərbaycana verilməsinə qarşıdır. Bu barədə Gallup Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyan 22-24 sentyabr tarixlərində 1000 sakin arasında aparılan tədqiqatın nəticələrindən danışarkən deyib.

Məlumata görə, respondentlərin 59%-i kəndin erməni yaşayış məntəqəsi olduğunu və Ermənistan hakimiyyətinin onu Azərbaycana verməməli olduğunu bildirib. Digər 21% bu məsələdə nizamlanmanın strateji əhəmiyyətini vurğulayaraq, onun köçürülməsinin Ermənistan üçün təhlükəsizlik və strateji risklər yarada biləcəyini qeyd edib. Eyni zamanda, respondentlərin 6,4%-i Tiqranaşenin Ermənistan ərazisində olmadığı və buna görə də Azərbaycana verilməli olduğu fikrini bildirib. Rəyi soruşulanların 3,5%-i sualla bağlı fərqli mövqedə olub, 10,1%-i isə dəqiq cavab verə bilməyib və ya vermək istəməyib.
Beləliklə, sorğunun nəticələrinə görə, Kərkinin erməni mənsubiyyəti və ya Azərbaycana verilməməsi mövqeyi respondentlərin 80%-i tərəfindən ümumilikdə paylaşılır. "Gallup"un bu sorğusu Paşinyana bir siqnaldırmı? Baş nazir demişdi ki, Kərkinin Ermənistana aid olduğunu iddia edənlər müharibəni qızışdırır. Bəs bu məsələ necə həllini tapacaq? Erməni cəmiyyəti Kərki üçün ayağa qalxa bilərmi?

Deputat Elşad Musayev Musavat.com-a bildirib ki, Kərki Naxçıvanın kəndidir və ermənilərin bu əraziyə iddia etməsi növbəti saxtakarlıq, həyasızlıqdır. Deputat xatırladıb ki, Kərkinin Azərbaycana aid olduğunu ermənilərin hökumət başçısı Nikol Paşinyan iki dəfə çıxışında təsdiq edib: "Hətta deyib ki, bu əraziyə iddia edənlər müharibəni qızışdırmaq istəyirlər. Ölkənin baş naziri belə anklav ərazilərin Azərbaycana aid olduğunu dediyi halda, sorğuda iştirak edənlərin mövqeyi absurdluqdan xəbər verir. Təəssüflər olsun ki, bu rəy bir daha erməni cəmiyyətində revanş hissinin qaldığını, Azərbaycana qarşı ərazi iddiaları irəli sürdüklərini göstərir. Onlar bu gün də "artsax" deməkdən yorulmur və Qarabağa iddia irəli sürürlər. Belə bir əhval-ruhiyyədə, düşüncədə olan toplumun referendumda Qarabağ iddiasının konstitusiyadan çıxarılmasına səs verəcəyini gözləmək hələlik çətindir".
Elşad Musayev qeyd edib ki, Kərki işğal olunub və uzaq tarix deyil, ermənilərin isə kəndə sahiblənmək istəyi işğalçı zehniyyətindən irəli gəlir: "1920-ci illərdən başlayaraq Azərbaycan SSR və Ermənistan SSR arasında sərhəd məsələləri ilə bağlı mübahisələr Kərki kəndinin inzibati statusuna təsir etdi. Kənd Qarabağ müharibəsi zamanı, 19 yanvar 1990-cı ildə Ermənistan ordusu tərəfindən işğal olunub, onun azərbaycanlı əhalisi məcburi köçkün vəziyyətinə düşüb. İndi hansı əsasla deyə bilərlər ki, Kərki bizimdir? Bu kəndin camaatını didərgin salıblar. Ona görə də burada tarixi mübahisə üçün heç bir əsas yoxdur, Paşinyan da etiraf edib. Sadəcə, anklav kəndlərin həlli mürəkkəb problemə çevrilib. Artıq neçə ildir deyilir ki, delimitasiya prosesi çərçivəsində kəndlərimiz qaytarılacaq. Lakin bu iş uzanır və erməni tərəfi Başkənd istəyir. Azərbaycan isə tarixi torpağını güzəştə getmək niyyətində deyil. Ona görə də bu problemin həlli uzana bilər".
Emil Salamoğlu
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ