Onlayn ictimai-siyasi qəzet
Bir dəfə, qədim zamanlarda radikal dini terrorçular Zaqatalada polisə basqın eləmişdilər, bu münasibətlə qəzetə açıqlama verən nadir ekspertimiz söyləmişdi:
“Hal-hazırda quldurlar ya rayon ərazisində gizlənir, ya da rayonu tərk etmişlər”. Həqiqətən, mükəmməl analiz idi. Bunu fikirləşib tapmaq üçün sayın ekspert bir həftə özünə qapanmışdı, hətta deyirdilər qulağını da təmizləmirmiş ki, birdən fikirlər uçub getməsin.
Ancaq indi belə ekspertlər, jurnalistlər, politoloqlar çoxdur, maşallah. Məsələn, görürsən açıqlama partladıblar: “Bu gecə Tramp İranı vuracaq. Lakin vurmaya da bilər”. Ən son olaraq şanlı futbol ekspertlərimizdən birinin izahatını sayın oxucularımızdan Ruslan bəy tapıb, mənə yollamışdır. Orada mütəxəssis deyir: “Əgər “Qarabağ” Sofiyada da Bakıdakı kimi oynasa, CSKA klubuna qalib gələ bilməyəcək”. Sözgəlişi, bu mövzunun, yəni, “dünənki kimi olacaq” söhbətinin yaxşı bir lətifəsi də var. Dovşan girir avtobusa, deyir tez mənə yer verin, yoxsa dünənki kimi olacaq. Bir-iki dəfə bunu deyir, lakin heyvanların heç biri qalxmır. Axırda canavar əsəbləşir, qalxıb dovşanın qulağının dibinə bir şapalaq ilişdirir. Dovşan tirtap uzanır avtobusun içərisinə. Su səpib ayıldırlar, soruşurlar: “Ay dovşan, bizə maraqlıdır, dünən necə olmuşdu?” Dovşan deyir: “Elə dünən də belə olmuşdu”. Bəli, söhbətin filoloji, leksik-sintaktik analizinin əhəmiyyəti böyükdür. Misal üçün, bugünlərdə pul idarəmizin müdiri intervü verib, deyir qəti narahat olmayın, devalvasiya gözlənilmir, manat etibarlı əllərdədir, inflyasiya xaricdən ixrac olunur, bizlik deyil və sairə.
Düzmü buyurur? Hardasa, doğrudur. Yuxarıda adını çəkdiyimiz Tramp nə qədər yerindədir, bizi maliyyə sektorunda problem gözləmir. Çünki arada yalançı sülh-atəşkəs razılaşması olsa da, gah ABŞ İranı vurur, gah İran onun dostlarına bomba atır. Hörmüz boğazı isə lap yetimin boğazına dönüb, kim istəsə xirtdəkləyir. Hələ bir “çarıq-patavalı” husilər var, onlar ümumiyyətlə dəlidir, heç kimi tanımırlar. Nəticədə dünya bazarında neftin qiyməti havalarda uçur, bu da bizim büdcənin əsas mənbəyidir. Deməli manat əlini cibinə qoyub Yallı gedə bilər. Ancaq sayın pulçumuzun müsahibəsindəki bir hissə diqqətimi çəkdi. Heç İran raketindən qaçıb İordaniyada bunkerdə gizlənən amerikalı əsgərlərin videosu o dərəcədə maraqlı deyildi. Sitat: “Bəzən heç bir əsas olmadan insanlar arasında “kurs dəyişəcək” kimi fikirlər yayılır. İnsanlar da başlayır narahat olmağa və hamı axırıncı manatını götürüb qaçır valyuta mübadilə məntəqələrinə, dollar alır, bir həftədən sonra isə satır. Bunun üçün hər hansı fundamental əsas yoxdur. Hansısa qərarı verməmişdən öncə təhlillər aparmalıyıq, yəni doğrudanmı bizdə problem var? Bizim əsas məqsədimiz, mandatımızın qiymət sabitliyidir və makroiqtisadi sabitlikdir”.
Yəqin ki, sayın məmur axırıncı cümlədə “manat” demişdir, jurnalist səhvən “mandat” yazıb. Əks halda, mandat satılmır, qiyməti də sabit olsun. Bizdə bütün mandatları xalq verir! Lakin mövzumuz indi bu deyil. Mən də yuxarıda yazdığım kimi, milli valyutamızın ucuzlaşmağına hansısa səbəb görmürəm, sadəcə, məmurun “axırıncı manatını götürüb valyuta mübadiləsi məntəqəsinə qaçanlar” ifadəsini tək sözlə deyil, canlı olaraq göz önünə gətirdim. Elə bil Nolanın “Odisseya” filminə baxırdım. Özü də deyir hamı qaçır! Niyə görəsən? Dövlətimizin maliyyə siyasətinə etibar edən tək-tük adamlar da yoxdurmu? Əlbəttə, var. Biri elə mən özüm. Heç vaxt eksçeyncə qaçmıram. Çünki axırıncı manatı dollara çevirsək, gərək bir həftə ac qalaq. Elə müsahibənin açar sözü də o “axırıncı manat” sözü idi. Niyə bizim həmişə axırıncı manatımız qalır, bu barədə fikirləşmək lazımdır.
Ya da fikirləşmək lazım deyil.
04 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ