İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Türkiyə-Səudiyyə-Pakistan ittifaqından niyə narahatdır?


"Hörmüz boğazı ətrafında artan gərginlik Yaxın Şərqin digər strateji su yollarının, xüsusilə Bab əl-Məndəb boğazının əhəmiyyətini də kəskin şəkildə artırıb".

Bu sözləri Musavat.com-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki,İran Hörmüz boğazına nəzarət edərkən, SEPAH-la əlaqəli olan Yəməndəki husilər Bab əl-Məndəb boğazına nəzarət etməyə çalışırlar:

"İran bu məqsədlə husiləri raket və dronlarla təhciz edir. Bu boğaz Qırmızı dənizi və Ərəbistan dənizinin Ədən körfəzini birləşdirir. Bab əl-Məndəb boğazı Ərəbistan yarımadasının (Yəmən) cənub-qərb ucu ilə Afrika materikinin şimal-şərq hissəsi (Cibuti və Eritreya) arasında yerləşən qitələrarası boğazdır. Uzun illərdir ki, Somali piratları və Yəmən üsyançıları boğazda neft tankerlərinə təhlükə yaradırlar. Bir neçə il əvvəl husilərin hücumları tankerləri alternativ, ancaq daha uzun məsafədən istifadəyə məcbur etmişdi".


Elxan Şahinoğlu qeyd edib ki, husilərin Bab əl-Məndəb boğazından keçən tankerləri və digər ticarət gəmilərini hədəf alması bu marşrutdan istifadə edən dövlətləri ciddi şəkildə narahat edir:

"Məsələn, Hindistan hərbi dəniz qüvvələri Bab əl-Məndəb boğazından keçən neft gəmilərini müşayiət etmək məcburiyyətində qalıb. Hindistan hərbi dəniz qüvvələrinin komandanlığı yayımladığı bəyanatda hərbi dəniz qüvvələrinin həyati əhəmiyyətli enerji yüklərinin təhlükəsiz daşınmasını təmin etməyə və Hindistanın dəniz maraqlarını qorumağa davam etdiyini bildirib.
Səudiyyə Ərəbistanı illərdir husilərlə mübarizə apararaq boğazın təhlükəsizliyini təmin etməyə çalışır. Ancaq Səudiyyə Ərəbistanı təkbaşına istədiyi nəticəni əldə etməkdə çətinlik çəkir. Ər-Riyad bu səbəbdən ittifaq yaratmağa başlayıb. Bab əl-Məndəb boğazında və Qırmızı dənizdə təhlükəsizliyin təmin edilməsi məqsədilə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Çoxmillətli Dəniz Müdafiə Koalisiyasına 13 ölkə rəsmi olaraq qoşulub. 13 dövlət daxili prosedurları tamamlayaraq koalisiya nizamnaməsini imzalayıb və rəsmi şəkildə quruma qoşulduğunu elan edib. Bu addım koalisiyanın fəaliyyətə başlamasına və institusional, eləcə də əməliyyat mərhələsinə keçməsinə imkan verib. Koalisiyanın əsas məqsədi Bab əl-Məndəb boğazı və Qırmızı dənizdə dəniz təhlükəsizliyinin gücləndirilməsidir. Bu koalisiya o deməkdir ki, husilərə qarşı böyük ittifaq formalaşıb və onlar ticarət gəmilərini hədəf götürərlərsə, qarşılarında artıq müxtəlif dövlətləri görəcəklər".

Elxan Şahinoğlu bildirib ki, Yaxın Şərqdə gedən proseslər Avropanın da diqqət mərkəzindədir. Onun sözlərinə görə, Avropa institutları regionda baş verən hadisələrə daha çox diqqət yetirilməsinin vacibliyi ilə bağlı müxtəlif hesabatlar hazırlayıblar:

"Avropanın əsas diqqəti Rusiya-Ukrayna müharibəsində olsa da, Yaxın Şərqdəki proseslərin də köhnə qitəyə təsiri var. Avropanın siyasi və ekspert dairlərində Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan ittifaqı geniş müzakirə olunur. Səudiyyə Ərəbistanının İslam dünyasında böyük maliyyə resursları və təsiri var. Pakistan Asiyada ən böyük silahlı qüvvələrdən birinə malikdir və yeganə müsəlman nüvə gücüdür. Türkiyənin isə NATO-da ikinci ən böyük ordusu, getdikcə inkişaf edən müdafiə sənayesi və ən əsası Avropaya uzanan coğrafiyası var. Müasir dronlar, raketlər, döyüş gəmiləri, zirehli maşınlar və elektron müharibə sistemləri istehsal edən Türkiyə eyni zamanda hərbi texnologiyanın mühüm ixracatçısına çevrilib. Türkiyənin gücü bununla kifayətlənmir. Ankaranın Suriya və Liviyaya artan təsiri Türkiyənin bölgədəki rolunu daha da artırıb. Buna görə Brüssel Məkkə Paktına yalnız Yaxın Şərq və ya İranla son müharibə kontekstində baxmır. Həmin paktda Türkiyənin iştirakı Avropa üçün əhəmiyyət kəsb edir. NATO üzvü olan Türkiyə Yaxın Şərqəki proseslərdə aktiv rol oynamaqla yanaşı, həm də Qərbin təhlükəsizlik alyansında yer alıb. Buna baxmayaraq, Türkiyənin artan rolundan Qərbdə narahat olan qüvvələr və ölkələr də az deyil".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR