Onlayn ictimai-siyasi qəzet
"Tayvan ətrafında gərginlik artıb. ABŞ Prezidenti Donald Tramp Tayvana silah satışı məsələsində mövqeyini müəyyənləşdirməyə çalışır və bu, Pekini qəzəbləndirib".
Bu barədə Musavat.com-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, 11 milyard dollarlıq silah sövdələşməsi məsələsi Çin-ABŞ xəttində təhlükəli gərginlik yaradıb:
"Ağ Ev sahibi Çinə səfərindən sonra Tayvan lideri Lay Tsin-de telefonla danışmağı planlaşdırırdı. Söhbət ABŞ-ın Tayvana 11 milyard dollar silah satışından gedir. Tramp bununla bağlı hələ qərar verməyib. Aydındır ki, Pekin ABŞ-la Tayvan arasında hərbi əməkdaşlığın dayandırılmasını tələb edir. Pekin eyni zamanda ABŞ Prezidentinin qeyri-legitim hesab etdiyi Tayvan lideri ilə telefon danışğının da əleyhinə olduğunu gizlətmir. Halbuki, Donald Tramp 2016-cı ildə birinci prezidentliyi döründə Tayvanın o vaxtkı lideri ilə 10 dəqiqə ərzində telefonla söhbət etmişdi. Pekin həmin telefon danışığına görə, Vaşinqtona etirazını bildirmişdi.
“Financial Times” dərgisinin məlumatına görə, Pekin ABŞ müdafiə sektoruna rəhbərlik edən şəxslərin Çinə rəsmi səfərlərinə icazə vermir. Pekinin bu icazəni ona görə vermir ki, həmin şəxslər Tayvana silah satışını təmin edirlər. Donald Tramp Tayvana silah satışıyla bağlı hələ qərarını verməsə də, Vaşinqton Pekinin təzyiqi ilə Tayvanla hərbi əməkdaşlıqdan imtina etmək də istəmir".
Politoloq qeyd edib ki, Tayvan raket arsenalını kəskin artırmağa başlayıb:
"Reuters” agentliyinin məlumatına görə, Tayvan 2029-cu ilin əvvəlinədək gəmi əleyhinə raket arsenalını 1,8 minə çatdırmağı planlaşdırır. Ada daha əvvəl ABŞ istehsalı olan 450 ədəd “Harpoon” gəmi əleyhinə raketi alıb. Tayvan cari ildə daha 400 qanadlı raketin tədarükü üçün 2,4 milyard dollarlıq sazişin yerinə yetirilməsini gözləyir. Sazişə görə, həmin raketlərin 2029-cu il martın sonunadək Tayvanın arsenalına daxil olacağı gözlənilir. Beləliklə, 2029-cu ilin əvvəlində Tayvanın sərəncamında ümumilikdə 850 ABŞ istehsallı “Harpoon” raketi olacaq. Bununla yanaşı, adanın Müdafiə Nazirliyi gəmi əleyhinə raket istehsalını da genişləndirib. Tayvanın hakimiyyət orqanları iyulun 1-dən etibarən radiolokasiya sistemlərini, pilotsuz uçuş aparatlarını və gəmi əleyhinə raket bölmələrini vahid komandanlıq altında birləşdirəcək yeni struktur yaratmağı düşünür.
Beləliklə, Tayvan ABŞ-a arxayın olmadan hərbi texnikanın yerli istehsalını genişləndirib. Bununla yanaşı ABŞ Tayvanın əsas silah təchizatçısı olaraq qalır. Buna cavab olaraq Çin Tayvan adası ətrafında hərbi gəmilərinin sayını artırıb. Pekin bunu xüsusi dəniz əməliyyatı adlandırıb. Pekin bölgədə təhlükəsizlik tədbirləri həyata keçirdiyini bildirib. Tayvan hökuməti mövcud vəziyyətdən narahat olduğunu açıqlayıb".
Elxan Şahinoğlu həmçinin vurğulayıb ki, Yaponiya və Fillipin dəniz sərhədlərinin delimitasiya müzakirəsinə başlayıblar:
"Görünür, Çinin “xüsusi dəniz əməliyyat” Yaponiya ilə Filippin arasında başlanan danışıqlara cavabdır. Pekin də bu danışıqlarda iştirak etmək istəsə də, Yaponiya və Filippindən müsbət cavab almayıb".
Xalidə Gəray
Musavat.com
09 Iyun 2026
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ