Onlayn ictimai-siyasi qəzet
"Qızılbaş" Gəncləri Maarifləndirmə İctimai Birliyinin təmsilçisi, "Yeni Çağ" saytının baş redaktoru Aqil Ələsgərin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Vyanada keçirilən İnsan Ölçüsü Konfransındakı çıxışı ətrafında aparılan müzakirələrə yeni bir istiqamət verilir. Kimlərsə bu mövzunu manipulyasiya edərək dövlətin üzərinə yönəldir. Fürsətcillər Aqil Ələsgəri GONGO (hökumətin təsirində olan qeyri-hökumət təşkilatı) adlandıraraq, onun ATƏT tədbirinə dövlət tərəfindən göndərildiyini, “hazır tezisləri oxuyarkən yanlışa yol verdiyini” iddia edirlər. Yekun olaraq Azərbaycan dövlətini həm “QHT-ləri öz təsirinə salıb sifarişlə işlətmək”də, həm də “beynəlxalq tədbirlərdə bacarıqsız təmsilçilik”də qınamağa təşəbbüs göstərirlər (https://www.facebook.com/share/v/17ySHcRTDj/ ).
Aqil Ələsgər bu tip ittihamlara öz adından zəruri izah verib. Sosial şəbəkə profilindən paylaşım edərək, tədbirə şəxsi təşəbbüsü və şəxsi maliyyəsi ilə qatıldığını açıq şəkildə bildirib ( https://www.facebook.com/share/v/1AisKRf8kC/ ). Aidiyyatı qurumlar da tamamlayıcı məlumatlar veriblər. Məsələn, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva mediaya bildirib ki, Aqil Ələsgərin Vyana səfəri QHT Agentliyinin xətti ilə maliyyələşdirilməyib, tədbirdə iştirak üçün ona heç bir istiqamət verilməyib ( https://news.milli.az/country/1320816.html ). Bu açıqlamalardan sonra müzakirəni bitirmək, dövlət adını bu mövzuya qatmağın əsasız təşəbbüs olduğunu anlayıb, sakitləşmək mümkün idi. Amma ki, dayanmırlar, ağıllarına və ağızlarına gələni danışaraq gedirlər. Qondarma ittihamlarını isbatlamaq üçün yeni-yeni ideyalar uydururlar.
Əslində səsləndirdikləri ittihamlar fonunda özlərinin təkcə fürsətcil deyil, həm də qeyri-peşəkar və diletant olduqlarını nümayiş etdirirlər. ATƏT-in dövlətlərarası təşkilat olmasından belə nəticə çıxarırlar ki, onun tədbirlərinə qatılanlar guya üzv dövlətlər tərəfindən razılaşdırılan, yönləndirilən şəxslərdirlər. Tamamilə yanlışdır. Əksinə, bu tip qurumlar öz tədbirlərinə alternativ və tənqidi fikir daşıyıcılarını daha çox cəlb edirlər, nəinki hakimiyyətlərin təbliğatçılarını.
Məsələn, ATƏT-in Media Azadlığı üzrə Nümayəndəliyi media azadlığının durumunu müşahidə və təşviq edən qurumdur. Üzv dövlətlərdə söz, ifadə, media azadlığı ilə bağlı prinsip və öhdəliklərin yerinə yetirilməsini müdafiə edir. Pozuntu hallarına operativ reaksiya verir. O, cari problemləri müzakirə etmək üçün illik toplantılarına rəsmi hökumət nümayəndələri ilə yanaşı həm də tənqidçi media təmsilçilərini, jurnalistləri,vətəndaş cəmiyyəti institutları və akademik çevrələri cəlb edir. Qurumun təşkilatçılığı ilə dövri olaraq Tiflisdə keçirilən “Cənubi Qafqaz Media Konfransları”na dəfələrlə qatılmışam. Dəvəti təşkilatçılardan almışam, iştirakımı heç bir yerli strukturla razılaşdırmamışam. Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun toplantıları da eyni qəbildəndir. QHT-lər təşkilatçıdan aldıqları dəvət əsasında və ya öz təşəbbüsləri ilə bu toplantılarda iştiraklarını razılaşdıra bilirlər.
Təkcə ATƏT-də deyil, beynəlxalq statuslu dövlətlərarası təşkilatların əksəriyyətində QHT-lərlə əməkdaşlıq platformaları mövcuddur. Bu sahədə ən təkmil strukturu Birləşmiş Millətlər Təşkilatı (BMT) formalaşdırıb. Qurumun İqtisadi və Sosial Şurası (ECOSOC) QHT-lərlə əməkdaşlıq üçün geniş imkanlar təklif edir ( https://www.un.org/ecosoc/en/home ). Burada da üzvlük və tədbirlərdə iştirak üçün nə hər hansı bir dövlət qurumun razılığı, nə də tövsiyyəsi tələb edilmir.
Son illərdə QHT-lərin beynəlxalq təşkilatlar müstəvisində artan nüfuzu vardır. Bu, xüsusilə insan hüquqlarının müdafiəsi sistemində böyük ölçüdədir. Avropa Şurasının nəzdində olan Avropa Hüquq və Ədalət Mərkəzi (AHƏM) Avaropa İnsan Haqları Məhkəməsinin (AHİM) hakimləri ilə QHT-lər arasında hətta sistemli şəkildə maraq uzlaşmasının olduğunu müəyyən edib. Onun hazırladığı tədqiqat Avropa İnsan Haqları Məhkəməsində çalışmış 100 hakimdən dörddə birinin QHT-lərlə sıx əlaqələrini müəyyən edib. Hesabatda göstərilirdi ki, AİHM hakimlərinin bir qismi əvvəllər QHT-lərdə çalışmış, əməkdaşlıq etmişlər. 2018-ci ildə AİHM-nin müsbət qərar verdiyi işlər üzrə kommunikasiya rolunu 14 QHT oynayıb ( https://eclj.org/ngos-and-the-judges-of-the-echr?lng=en ).
Avropa Şurasının media sahəsində siyasətinin formalaşmasında mühüm rol oynayan “Promote the protection of journalism and safety of journalists” platformasının üzvləri və koordinatorları da QHT-lərdən ibarətdir. Bu platforma keçən həftə yaydığı hesabatda üzv dövlətlərdə media azadlığının durumunu kəskin tənqid etmişdi.
Vurğulamaq istədiyim hal odur ki, beynəlxalq dövlətlərarası təşkilatlar müstəvisində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq sərbəstdir. Onların quruduqları platformalarda üzvlük, əməkdaşlıq, tədbirlərdə iştirak üçün rəsmi dövlət qurumlarının razılığı, tövsiyyə və yönləndirməsi şərt deyil. Aqil Ələsgərin ATƏT tədbirində iştirakını manipulyasiya edib dövlətə qarşı yönləndirənlər bu faktı bilmirlərmi? Yoxsa dövləti hər fürsətdə hədəfə gətirməyə vərdişkarmı olublar?

Müşfiq Ələsgərli,
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ