İnsanlara hürriyət, millətlərə istiqlal!

Apokalipsis HƏYƏCANI - Putin 37 il əvvəl baş verən DƏHŞƏTi təkrarlamaq üçün HƏRƏKƏTƏ keçdi

Ukraynanın Zaporojye Atom Elektrik Stansiyası ətrafında gərginlik davam edir.

İyulun 4-də Ukrayna Baş Qərargahı Rusiyanın işğalında olan stansiyanın damına minaya bənzər əşyaların yerləşdirildiyi, cəbhədə Ukrayna ordusunun hücumunun qarşısını almaq üçün Rusiyanın stansiyada təxribat törədəcəyi barədə xəbərdarlıq yayıb. Daha sonra Ukrayna prezidenti Volodimir Zelenski dünya birliyinə müraciət edərək Zaporojye AES-də Rusiyanın törədə biləcəyi təxribatın bütün dünyaya təhdid yaratdığını deyib. Onun sözlərinə görə, Rusiya tərəfi atom enerji bloklarının yerləşdiyi korpusların damında mina partlatmaqla oranın guya Ukrayna tərəfindən atəşə tutulduğu görüntüsü yaratmağa çalışır. Prezident qeyd edib ki, dünya Rusiyanın Kaxovski SES-i partlatmasına lazımi qədər sərt reaksiya vermədiyi üçün indi Moskva daha irəli gedə bilər: “Təəssüf ki, Kaxovski su elektrik stansiyasındakı terror aktına vaxtında və miqyaslı reaksiya olmadı. Bu, Kremli yeni qəddarlığa sövq edə bilər. Onu dayandırmaq bütün dünyanın vəzifəsidir. Heç kim kənarda qala bilməz, çünki radiasiya heç kimi kənarda qoymur”.

kaxovski.jpg (211 KB)

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Zelenskinin müraciətini şərh edərkən stansiyanı Ukraynanın özünün partlatmaq istədiyini bildirib. Onun sözlərinə görə, ABŞ və Böyük Britaniya Kiyevə mane olmaq niyyətində deyil, çünki hər hansı hadisənin onlara təsiri olmayacağını zənn edirlər: “Lakin onlar unudurlar ki, dünya okeanı, atmosfer deyilən bir müstəvilər var və onlarla zəhərli maddələrin hər yerə yayılması realdır. Üstəlik, kənd təsərrüfatı məhsulları var – uzun illər boyu zəhərli maddələri yayırlar”.

Maraqlıdır ki, Rusiya tərəfi Ukraynanın Zaporojyeyə Cənub AES-dən gətirilən zəhərli tullantıları atmaq istədiyini iddia edir.

Ukraynalı fizika-riyaziyyat elmləri doktoru, Atom Tədqiqatları İnstitutunun keçmiş işçisi Lüdviq Litvinski bildirib ki, Zaporojye AES-də təxribat baş verərsə, bu, Çernobıl qədər təhlükəli nəticələrə səbəb olmayacaq: “Hər hansı apokalipsis olmayacaq. Hətta ən pis variantda belə nəticələr Çernobıldan daha az olacaq”.

AES.jpg (92 KB)

Alim fikrini onunla əsaslandırır ki, Zaporojye AES-də nüvə reaktorları artıq neçə aylardır fəaliyyət göstərmir, buna görə də hazırda onlarda qısahərəkətli nuklidlər yoxdur: “Çirklənmə, əlbəttə, olacaq. Lakin təkrar edirəm, apokalipsis olmayacaq. Stansiyanın bir neçə on km-liyində, həmçinin küləyin istiqamətində 150 km boyunca olan insanlar pəncərələri möhkəm bağlayıb bayıra çıxmasınlar, minimum 2 günlük su ehtiyatı yaratsınlar. Hətta açıq havada olanlarda belə ən ağır nəticə bir neçə ildən sonra onkoloji xəstəliklərin meydana gəlməsi ola bilər”.

Ukrayna Enerji Araşdırmaları Mərkəzinin rəhbəri Aleksandr Xarçenko RBK-Ukraynaya bildirib ki, AES-dəki nüvə reaktorları o qədər güclü mühafizəyə malikdir ki, onları içindəkilərin havaya axması səviyyəsində partlatmaq üçün çox böyük güc tələb olunur: “Fukusimadakı qəzadan sonra Zaporojyedəki reaktorların mühafizə qatı tamamilə yenilənib və qat-qat gücləndirilib. Havadan atılan hər hansı bomba və raketlə onları dağıtmaq mümkün deyil. Bunun üçün içəridən çox nəhəng həcmdə partlayıcıdan istifadə etməklə, özü də bir neçə mərhələdə partlatma lazımdır. Bir reaktorun partladılması üçün Kaxovski SES-dəkindən daha çox partlayıcıya ehtiyac var, stansiyada isə reaktorların sayı 6-dır. Mən eşitməmişəm ki, stansiyaya o qədər partlayıcı gətirilsin. MAQATE nümayəndələri var orada, gətirilsəydi, onlar da qeydə alardılar”.

PARTT.PNG (1.26 MB)

Xarçenkonun sözlərinə görə, əgər reaktorların qapağının açılması baş verərsə, Pireneydən tutmuş Urala qədər Avropa və Asiyanın bütün əraziləri mənfi təsirlərini hiss edər: “Rusiya ərazisinin çox böyük hissəsi ən qatı təsir dairəsində olacaq. Çünki söhbət 6 Giqavattlıq gücdən gedir. Külək hansı tərəfə əssə, o tərəf min kilometrlərlə ən ağır təsirə məruz qalacaq. Lakin yenə də qeyd edirəm, ruslar buna nail ola bilməzlər. Hər reaktoru tam dağıtmaq üçün bir neçə mərhələ partlayışa ehtiyac var. Biri partladıldıqdan sonra stansiyada kim qalıb digərlərini partladacaq? Buna görə də düşünürəm ki, ruslar sadəcə, reaktorları bir daha işləməməsi üçün addımlar atacaqlar. Bu, Ukrayna üçün böyük itki olacaq, çünki reaktorlar kifayət qədər qiymətli aktivlərdir”.

Qeyd edək ki, Zaporoje AES Avropanın ən böyük atom elektrik stansiyasıdır. Ukraynada ilk AES-in tikintisi 1977-ci ildə başa çatdırılıb. Çernobılda yerləşən AES-in istismarına da həmin il başlanıb. Keçmiş SSRİ hökuməti Ukraynada 9 AES tikməyi planlaşdırmışdı. 1977-1989-cu illərdə bunların 5-də 16 enerji blokunun işə salınması nəzərdə tutulurdu: Zaporojye, Rivnensk, Xmelnitsk, Çernobıl və Cənubi Ukrayna. Çernobıl fəlakəti baş verənədək – 1986-cı ilin aprelinədək Ukraynada 10 atom enerji bloku artıq istismara verilmişdi. 1986-1990-cı illərdə ölkədə daha 6 atom enerji bloku istismara verildi. 1990-cı ilin avqustunda Ukrayna Ali Radası ölkə ərazisində yeni atom enerji bloklarının tikintisinə moratorium qoyuldu. Buna görə də Xmelnitsk, Rivnensk və Zaporojye AES-lərdə enerji bloklarının tikintisi yarımçıq saxlandı. Lakin sonradan ölkədəki enerji çatışmazlığı nəzərə alınaraq moratorium qaldırıldı. 1995-ci ildə Zaporojye AES-də 6-cı enerji bloku işə salınmaqla bu stansiya Avropanın ən böyük atom elektrik stansiyasına çevrildi.

Çernobıl AES isə qəzadan sonra istismardan çıxarılmağa başlandı. 2000-ci ildə burada axırıncı enerji bloku istismardan çıxarılıb, stansiyaya ixtisaslaşmış müəssisə statusu verilib.

CERNOBİL.jpg (140 KB)

Hazırda Ukraynadakı AES-lərdə 15 enerji bloku var. Onların Ukraynanın ümumi enerji qoyuluşu gücündəki payı 26,3 faiz təşkil edir.

Rusiya son illərdə Ukraynanın AES-lərdə ABŞ-ın “Westinghouse Electric” şirkətinin istehsalı olan yanacaqdan istifadə etməyə başlamasından ciddi narahatlıq keçirib. Məlumdur ki, Sovet dövründə qurulan Ukrayna AES-ləri Rusiya yanacağı ilə işləyirdi. Son illərdə Ukrayna bu asılılıqdan qurtarmaq üçün başqa yanacaq istehsalçıları ilə əlaqələr quraraq, mövcud reaktorları onların məhsullarına uyğunlaşdırmaq prosesinə start verib.

2017-ci ildə Ukrayna hökuməti ölkə AES-lərinin eyni mənbədən yanacaq alışının 2020-ci ildə 70 faizə, 2025-ci ildə isə 60 faizə endirilməsinə dair qərar qəbul edib. “Westinghouse Electric” şirkəti ilə bağlanmış müqavilələr əsasında Ukrayna AES-lərində olan 15 enerji blokundan 7-si artıq bu şirkətin yanacağı ilə işləyir. Bu bloklardan 4-ü Zaporoje AES-də, 2-si Cənubi Ukrayna AES-də, 1-i isə Rivnensk AES-dədir.

2019-cu ildə Ukrayna Rusiyanın “Rosatom” şirkətindən 240,9 milyon dollarlıq, “Westinghouse Electric” şirkətindən isə 155,98 milyon dollarlıq nüvə yanacağı alıb. Beləliklə, Ukrayna AES-lərinin yanacaq təchizatında Rusiya şirkətinin payı 60,7 faiz, ABŞ şirkətinin payı isə 39,3 faiz təşkil edib. Bu isə Ukraynanın Rusiyadan nüvə yanacağı asılılığından sürətlə çıxması deməkdir.

xmel.jpg (115 KB)

Bundan əlavə, ABŞ şirkəti Xmelnitsk AES-də yeni enerji blokunun tikintisinə başlayıb. Bununla bağlı 2021-ci ilin sentyabrında Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-a səfəri zamanı məlumat verib. Onun dediyindən aydın olur ki, pilot xarakterli olan bu layihə başa çatdıqdan sonra “Westinghouse Electric” Ukraynada daha 4 enerji bloku quracaqdı. Ukrayna AES-lərini idarə edən “Enerqoatom” Dövlət Müəssisəsi tərəfindən şirkətlə bağlanmış müqavilənin dəyəri 30 milyard dollar həcmindədir. Ukrayna bununla həm Sovet dövründən qalan və istismar müddətinin 2030-cu ildən artıq uzadılması mümkün olmayan enerji bloklarını istismardan çıxartmağı, həm də bu sahədə Rusiyadan asılılığı minimuma endirməyi hədəfləyirdi.

Rusiya 1 ildən çoxdur Zaporojye AES-i ələ keçirib. Lakin ABŞ yanacağına keçirilən reaktorların yenidən öz yanacağına uyğunlaşdırılmasına nail ola bilməyib. “Rosatom”da bunun yalnız 2030-cu ildə mümkün olacağını bildirirlər. Ukrayna ordusunun əks-hücum əməliyyatı gücləndikcə, Rusiya stansiyanı əlində saxlamaq imkanlarının azaldığını görür. Bu baxımdan, ən azı stansiyadakı reaktorların fəaliyyətini bərpa etməməsi üçün nələrsə ediləcəyi gözləniləndir. Burada məqsəd həm də Ukraynanın diqqətini stansiyaya yönəltməklə hücumun qarşısını almaqdır. Kaxovski SES və su anbarının  partladılması, Ukrayna tərəfi etiraf etməsə belə, əks-hücum əməliyyatının xeyli gecikməsinə, planların dəyişməsinə səbəb oldu. İndi Rusiyanın analoji addımı Zaporojye AES-də atmaqla vaxt qazanmağa çalışması kifayət qədər realdır.

zapoj.jpg (117 KB)

Zaporojye AES-də fəlakət baş verərsə, bunun Azərbaycana təsiri ola bilərmi? Aydın məsələdir ki, Azərbaycandan uzaqda yerləşdiyinə görə birbaşa təsir olmayacaq. Lakin Şərqi Avropa, Belarus, Ukrayna və Rusiya ərazisinin uzunmüddətli dövr üçün zəhərli maddələrlə örtülməsi Azərbaycan və bütün dünya üçün böyük təhdidlər formalaşdıracaq. Çünki həmin ərazilər kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşıb. Bu isə onilliklər boyu o ərazilərdə yetişəcək məhsulların orqanizm üçün zərərli maddələrlə zəngin olacağı deməkdir. Nəzərə alsaq ki, Azərbaycan həm Şərqi Avropa, həm Ukrayna, həm də Rusiyadan ərzaq idxal edir, onda ölkəmiz üçün də təhdidlərin olduğunu söyləyə bilərik.

Dünya SAKİT,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR