İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerika ən böyük neft mənbəyindən MƏHRUM OLUR!

Uzun illər ərzində Kanada ABŞ-ın ən böyük və ən etibarlı ticarət tərəfdaşı olub. 2025-ci ilə qədər Kanada ixracının 76%-i, idxalının isə 62%-i məhz Birləşmiş Ştatların payına düşürdü. Lakin Donald Trampın hakimiyyətə qayıdışı və ardınca başlayan "tarif hoqqabazlığı" bu mənzərəni kökündən dəyişməyə başladı. Tramp administrasiyası əmin idi ki, Kanada onsuz da məhsullarını başqasına sata bilməyəcək və nəticədə ABŞ-ın alçaldıcı şərtlərini qəbul etməyə məcbur olacaq – yəni ABŞ Kanada mallarına sərt tariflər tətbiq edəcək, Kanada isə buna adekvat cavab verə bilməyəcək.

Amma Vaşinqton mühüm bir reallığı gözardı edib. ABŞ-ın neft idxalının 60-64%-ni məhz Kanada təmin edir, özü də əksər hallarda bazar qiymətindən daha sərfəli şərtlərlə. Trampın durmadan artan təzyiqləri Kanadanı tabe etmək əvəzinə, onu yeni və daha etibarlı bazarlar axtarmağa sövq etdi.

Trampın ağlabatan siyasət yürüdəcəyinə ümidini tamamilə üzən Kanada, ilk addım olaraq Çinlə ticarət münasibətlərini dərinləşdirməyə başladı. Əgər əvvəllər Kanada nefti demək olar ki, yalnız ABŞ bazarına yönəlirdisə, hazırda ölkə Çinə sutkada 350-450 min barrel neft satır.

Düzdür, ABŞ-a satılan sutkalıq 4 milyon barrel ilə müqayisədə bu rəqəm hələ ki azdır, lakin əvvəllər bu istiqamətdə demək olar ki, heç nə satılmadığını nəzərə alsaq, bu, böyük strateji dönüşdür. Kənara daha çox xam neft satılmasına indiyə qədər dəniz neft terminallarının gücü imkan vermirdi. Məhz buna görə də Kanada Trans Mountain neft kəmərinin genişləndirilməsi layihəsini işə saldı və ona gələn dəniz terminalının gücünü kəskin artırdı. ABŞ isə özünün ən etibarlı və sadiq təchizatçısını öz əlləri ilə itirməkdədir.

Ticarət sazişləri ətrafındakı qalmaqallardan sonra Kanada təkcə iqtisadi deyil, həm də siyasi cəhətdən ABŞ-ın təsir dairəsindən çıxmaq üçün tarixi addımlar atır. Ölkə artıq Avropa İttifaqının (Aİ) assosiativ üzvü olmaq niyyətindədir və Aİ onu məmnuniyyətlə qəbul etməyə hazırdır.

Aİ-nin Kanadaya "assosiativ üzvlük" təklif etməsi hər iki tərəf üçün böyük tapıntıdır. Rusiya ilə enerji əlaqələrini kəsmiş və enerji defisiti yaşayan Avropa üçün Kanada kimi zəngin neft və qaz ölkəsi əvəzolunmaz tərəfdaşdır. Üstəgəl, Kanada Arktika ilə ən çox sahili olan ikinci ölkədir ki, bu da Aİ-nin strateji maraqlarına və təhlükəsizlik arxitekturasına tam cavab verir. Kanadanın siyasi rəhbərliyi də ölkənin iqtisadi suverenliyini qorumaq üçün bu inteqrasiyanı qətiyyətlə dəstəkləyir.

Kanadanın belə kəskin kurs dəyişməsi və küncə sıxılmaq əvəzinə yeni qlobal oyunçularla ittifaqa girməsi Donald Trampı bərk qəzəbləndirib. Onun şantaj siyasətinin işləməməsi ABŞ administrasiyası üçün gözlənilməz zərbə oldu. Yəqin ki, yaxın 10-15 gün ərzində TruthSocial platformasında Trampın bu hadisəyə, xüsusən də Kanadanın Aİ və Çinə doğru addımlarına həsr olunmuş qəzəbli yazılarını və animasiyalarını bol-bol görəcəyik. Qısamüddətli daxili xal qazanmağa hesablanmış bu sərt təzyiq siyasəti, reallıqda Amerikanı ən sadiq dostlarından uzaqlaşdırmağa davam edir.

E.Məmmədəliyev,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR