İnsanlara hürriyət, millətlərə istiqlal!

Alimlərə “qara xəbər” - Elmi ad problemi

Azərbaycanda 2025-ci ildə elmi dərəcələrin verilməsi və verilməsindən imtina edilməsi ilə bağlı statistika açıqlanıb. Bu barədə Ali Attestasiya Komissiyası məlumat yayıb.

Bildirilir ki, ötən il 474 nəfərə fəlsəfə doktoru elmi adı verilib, 284 nəfər isə sözügedən elmi dərəcə ilə bağlı imtina cavabı alıb. Elmlər doktoru elmi dərəcəsi isə keçən il 82 nəfərə verilib. 2025-ci ildə 37 nəfərə elmlər doktoru elmi dərəcəsi verilməsindən imtina edilib. Prezident yanında Ali Attestasiya Komissiyasının mütəmadi olaraq elmi dərəcə, elmi ad almaq üçün iddiaçı olanlar haqqında bu məlumatları təqdim etməsi təqdirəlayiq haldır. Amma Ali Attestasiya Komissiyasının mütəxəssisləri qaranlıq qalan məsələlərə aydınlıq gətirsələr, daha faydalı olardı.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov mövzu ilə bağlı Musavat.com-a qeyd edib ki, Ali Attestasiya Komissiyası adından da göründüyü kimi mötəbər bir qurumdur:

“Ali Attestasiya Komissiyası Prezident yanında fəaliyyət göstərir, yəni kifayət qədər ciddi statusa malik, kifayət qədər qapalı bir qurumdur. Hesab edirəm ki, orada məlumatların yalnız statistik rəqəmlər əsasında cəmiyyətə çatdırılması həm də kənar müdaxilələrin minimum səviyyədə olmasını göstərir. Son illərdə Ali Attestasiya Komissiyasında ciddi yanaşmalar ortaya qoyulub və elmi dərəcə verilməsindən imtina edilməsinin əsas səbəbləri bu qurumun nizamlama tələblərindən irəli gələrək formalaşır. Ali Attestasiya Komissiyası haqqında əsasnamə və elmi dərəcələrin verilməsi ilə bağlı təsdiqlənmiş qaydalar var. Yalnız bu qaydalarda pozuntu aşkar edildikdə imtina verilir.
Başlıca səbəblər bunlardır:

- İstinadsız plagiat və müəllif hüquqlarının pozulması

- Elmi yeniliyin olmaması

- Nəşr tələblərinin ödənilməməsi (müvafiq beynəlxalq jurnallarda məqalələrin olmaması)

- Müdafiə prosedur qaydalarının pozulması

- Ekspert şuralarının mənfi rəyi

Yekun qərarı Rəyasət Heyəti verir. Amma ora qədər elmi iş ciddi filtrlərdən keçir. Müdafiə prosesi mərhələlidir, Ali Attestasiya Komissiyasına qədər qeyd olunan məqamların aradan qaldırılması üçün kifayət qədər zaman verilir. Dissertasiya müvafiq iş yerindən, laboratoriyadan, seminardan, dissertasiya şurasından və s. keçir. Hər biri böyük filtrdir. Görünən odur ki, Ali Attestasiya Komissiyasına qədər müvafiq qurumlar prosesə ciddi yanaşmırlar”. 

İlqar Orucov: Görülən işlər Qarabağ Universitetinin dünyanın ən qabaqcıl ali məktəblərindən biri olmasına hədəflənib

İ.Orucovun fikrincə, Azərbaycanda ciddi elmi işlər var:

“Ali Attestasiya Komissiyası iddiaçılara imtina verib deyə, bu o demək deyil ki, elmi işlər yoxdur. Təbii ki, mən də düşünürəm ki, daha yaxşı işlər təqdim oluna bilər. Elmi kəşflər yoxdur çünki bu, ciddi elmi yenilik tələb edir. Patentlər, ixtiralar əldə olunur, elmi nailiyyətlər var, amma Azərbaycanda əsas problemlərdən biri elmi nəticələrin praktikada tətbiqinin zəif olmasıdır. Zəncir burada qırılır. Elmin kommersiyalaşdırılması, bilik iqtisadiyyatının qurulması və innovasiyaların sənayeyə tətbiqi zəifdir. Əslində, elmi dərəcə alan şəxsin işi, xüsusilə fundamental elmlərdə (fizika, riyaziyyat, kimya, biologiya və s.) praktik tətbiqi də ehtiva etməlidir”.

Nigar Həsənli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR