İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ referendumu təxirə salındı, bəs konstitusiya referendumu?

İrəvan vaxt udur, Bakı konkret addım gözləyir - yeni konstitusiyanın qəbulu isə qeyri-müəyyən olaraq qalır

Ermənistanda Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı referendumun 2026-cı ildə keçirilməsi real görünmür. Buna səbəb ölkənin hələlik Aİ-yə üzvlük üçün rəsmi müraciət etməməsidir. Bunu baş nazir Nikol Paşinyan RFI-yə müsahibəsində bildirib.

“Bu məsələ ilə bağlı referendumun keçirilməsi üçün ən azı Ermənistanın Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət etməsi zəruridir. Hələlik belə müraciət etməmişik və buna görə də bu il referendumun keçirilməsi real deyil”, - deyə Paşinyan vurğulayıb.

Beləliklə, Aİ-yə üzvlüklə bağlı referendumun bu il keçirilməsi gündəmdən çıxır. Bəs yeni konstitusiyanın qəbulu ilə bağlı referendum nə vaxta qaldı?

Bu məsələ Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Bakı Ermənistan Konstitusiyasının preambulasında 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadı ərazi iddiaları ilə əlaqələndirir və konstitusion dəyişiklikləri sülh sazişinin rəsmən imzalanması kontekstində gündəmdə saxlayır.

Paşinyan avqustda parlamentdə çıxışı zamanı yeni konstitusiya layihəsinin qarşıdakı aylarda dərc ediləcəyini bildirib. Baş nazir yeni sənəddə Müstəqillik Bəyannaməsinə istinadın olmamalı olduğunu da vurğulayıb. Onun fikrincə, həmin sənədə istinad Qarabağ hərəkatının davam etdirilməsi və münaqişə məntiqinə qayıdış kimi qəbul edilə bilər. Bununla belə, referendumun konkret tarixi açıqlanmayıb.

Paşinyan iyulun 9-da da konstitusiya islahatının hakim “Vətəndaş müqaviləsi” Partiyasının seçki proqramında əsas yerlərdən birini tutduğunu bildirmişdi. Lakin o, parlamentdəki qüvvələr nisbətinin dəyişikliklərin mövcud prosedurla qəbuluna imkan vermədiyini qeyd etmişdi.

İyunun 7-də keçirilən parlament seçkilərindən sonra Paşinyanın partiyası 105 yerlik parlamentdə 64 mandat qazanıb. Yeni konstitusiyanın referendum yolu ilə qəbuluna dair qərarın parlamentdə təsdiqlənməsi üçün deputatların ümumi sayının azı üçdə ikisinin, yəni 70 deputatın dəstəyi tələb olunur. Beləliklə, hakim partiyaya əlavə 6 səs lazımdır.

Deməli, məsələ təkcə referendumun tarixinin müəyyənləşdirilməsindən ibarət deyil. Yeni konstitusiya layihəsinin açıqlanması, parlamentdə lazımi dəstəyin əldə edilməsi və referendumun təşkili ilə bağlı hüquqi prosedurlar da həllini gözləyir.

Azərbaycan Avrasiya İqtisadi İttifaqına qoşulsa... - Qulamhüseyn Əlibəyli

Qulamhüseyn Əlibəyli 

Siyasi şərhçi, hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirib ki, yeni konstitusiya layihəsinin dərc olunması və ictimai müzakirələrin təşkili Paşinyan hökumətinin mövqeyini konkret mətn əsasında qiymətləndirməyə imkan verərdi. Onun sözlərinə görə, layihənin açıqlanmaması və referendumun vaxtının müəyyənləşdirilməməsi həm daxili, həm də xarici amillərlə bağlıdır.

Ekspert qeyd edib ki, Ermənistanın rusiyayönümlü müxalifəti yeni konstitusiya təşəbbüsünü Azərbaycanın təzyiqləri ilə əlaqələndirir və bunu ölkənin dövlətçiliyi üçün təhlükə kimi təqdim edir. Paşinyan hökuməti isə islahatı Ermənistanın daxili dövlətçilik və idarəçilik ehtiyacları ilə əsaslandırmağa çalışır.

Əlibəylinin fikrincə, hökumət yeni konstitusiyanın xarici tələblərə tabe olmaq kimi qəbul edilməsinin qarşısını almağa çalışır. Lakin Azərbaycan üçün əsas məsələ sənədin necə əsaslandırılması deyil, onun hansı hüquqi nəticələr doğuracağı və bu nəticələrin nə vaxt əldə ediləcəyidir.

Hüquqşünas xatırladıb ki, müstəqillik bəyannaməsində Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi ilə bağlı Ermənistan Ali Sovetinin qərarına istinad olunur. Bakı həmin istinadı ərazi iddiaları ilə əlaqələndirir və aradan qaldırılmasını tələb edir.

Bununla belə, Ermənistanın hüquqi mövqeyi fərqlidir. İrəvan hesab edir ki, Konstitusiya Məhkəməsinin 2024-cü il qərarı mövcud konstitusiyanın Azərbaycanın ərazi bütövlüyünün tanınmasına mane olmadığını göstərir. Beləliklə, tərəflər mövcud hüquqi vəziyyəti fərqli qiymətləndirirlər.

Əlibəyli hesab edir ki, Paşinyan hökumətinin tərəddüdünə xarici amillər də təsir edir. Onun sözlərinə görə, Ermənistanın Rusiya ilə münasibətlərdəki asılılığı, Moskvanın mümkün təzyiqləri və Zəngəzur dəhlizinə qarşı çıxan İranın mövqeyi İrəvanın qəti qərarlar qəbul etməsini çətinləşdirir. Ekspertin qənaətinə görə, prosesin uzanması bəzi siyasi qüvvələrdə beynəlxalq şəraitin dəyişəcəyi və konstitusiya dəyişikliyi olmadan sülh sazişinin imzalanmasının mümkün olacağı ümidi yarada bilər.

Hüquqşünasın fikrincə, Paşinyan hökumətinin əsas çətinliyi daxili siyasi dəstəyi və xarici etimadı eyni vaxtda təmin etməkdir. Yeni konstitusiya layihəsinin bütöv şəkildə təqdim olunması və geniş islahat paketi kimi əsaslandırılması bəzi müxalifət deputatlarının dəstəyini qazanmağa imkan verə bilər. Lakin müxalifətin böyük hissəsinin Qarabağ və sülh prosesi ilə bağlı sərt mövqeyi bu ehtimalı çətinləşdirir.

Hazırda Paşinyan yeni konstitusiya layihəsinin dərc olunacağını vəd etsə də, referendumun tarixini açıqlamayıb. Parlamentdə tələb olunan 70 səsin təmin edilməsi də ayrıca siyasi vəzifə olaraq qalır.

Beləliklə, əsas sual açıqdır: Ermənistan hökuməti konstitusion dəyişiklikləri nə vaxt real siyasi və hüquqi prosesə çevirəcək və bu məsələ Azərbaycanla sülh sazişinin rəsmən imzalanmasına necə təsir göstərəcək?

Cavanşir ABBASLI,
"Yeni Müsavat"

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR