İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağcaqanad işğalı, qurbağa sürüləri - Apteklərdə sprey qıtlığı yaranıb

Son aylarda müşahidə olunan intensiv və davamlı yağıntılar Abşeron yarımadasının bir sıra yaşayış məntəqələrində ciddi problemlər yaradıb. Xüsusilə Bakı ətrafı kənd və qəsəbələrdə, eləcə də Sumqayıtın bəzi hissələrində yaranan iri gölməçələr və bataqlıqlaşan sahələr ağcaqanadların və digər həşəratların kütləvi şəkildə çoxalmasına səbəb olub.

Pirşağı, Novxanı, Görədil, Fatmayı, Türkan, Zirə, Hövsan və digər sahilyanı ərazilərdə yaşayan sakinlər bildirirlər ki, axşam saatlarında həyətlərdə, küçələrdə və hətta evlərin içərisində ağcaqanadların sayı dözülməz həddə çatıb. Bəzi yerlərdə qurbağaların da sayının nəzərəçarpacaq dərəcədə artdığı müşahidə olunur. Mütəxəssislərin fikrincə, bu hal ərazilərdə durğun su hövzələrinin və bataqlıqlaşmanın genişlənməsinin göstəricisidir. Qurbağaların çoxalması ilanların da artmasına səbəb olur.

Ağcaqanadlar sadəcə insanların rahatlığını pozan həşəratlar deyil. Dünya təcrübəsi göstərir ki, onlar müxtəlif infeksiyaların və virusların yayılmasında rol oynaya bilirlər. Azərbaycanda hazırda belə xəstəliklərin geniş yayılması qeydə alınmasa da, iqlim dəyişiklikləri fonunda risklərin artması istisna edilmir. Bundan başqa, ağcaqanad sancmaları allergik reaksiyalara, dəri xəstəliklərinə, uşaqlarda və yaşlı insanlarda sağlamlıq problemlərinə səbəb olur. Yay aylarında onların kütləvi artımı insanların açıq havada istirahətini, təsərrüfat işlərini və gündəlik həyatını ciddi şəkildə çətinləşdirir.

0040234425-larger.jpg (103 KB)

Mütəxəssislərin fikrincə, problemin kökündə yağış sularının vaxtında kənarlaşdırılmaması dayanır. Bir çox yaşayış məntəqəsində drenaj və kanalizasiya sistemləri ya köhnəlib, ya da ümumiyyətlə mövcud deyil. Nəticədə yağış suları həftələrlə eyni ərazidə qalır və ağcaqanad sürfələrinin inkişafı üçün ideal şərait yaradır. Əslində bir neçə santimetr dərinliyində olan kiçik gölməçə belə minlərlə ağcaqanadın çoxalması üçün kifayət edir. Ağcaqanadların sayının sürətlə artması əhalinin qoruyucu vasitələrə tələbatını da yüksəldib. Bakı və Abşeronun müxtəlif qəsəbələrində yaşayan sakinlər bildirirlər ki, son günlər apteklərdə ağcaqanad əleyhinə sprey, krem, fumiqator, elektrik mayeləri və digər vasitələri tapmaq çətinləşib. Bəzi satış nöqtələrində məhsullar qısa müddətdə tükənir, digərlərində isə qiymətlərin artdığı müşahidə olunur. Bu isə problemin artıq təkcə sanitariya və ekoloji məsələ olmadığını, sosial və iqtisadi təsirlər yaratmağa başladığını göstərir. Əhali özünü qorumaq üçün fərdi vasitələr axtardığı halda, bazarda yaranan qıtlıq narahatlığı daha da artırır.

Problemin həlli üçün kompleks tədbirlər planına ehtiyac var.

Aidiyyəti qurumlar ağcaqanadların çoxaldığı ərazilərdə dərhal xüsusi preparatlarla emal işləri aparmalıdır. Bu tədbirlər yalnız yaşayış məntəqələrində deyil, kanal və kollektor sistemlərində, gölməçələrin ətrafında və bataqlıqlaşmış sahələrdə də həyata keçirilməlidir.

Abşeronun bir çox yaşayış məntəqəsində yağış sularının axıdılması problemi illərdir həllini tapmır. Yeni drenaj şəbəkələrinin qurulması, mövcud sistemlərin təmizlənməsi və müasir yağış-kanalizasiya infrastrukturunun yaradılması vacibdir.

Ekologiya, səhiyyə və yerli icra hakimiyyəti qurumları bataqlıqlaşan ərazilərin xəritəsini hazırlamalı, mütəmadi monitorinq aparmalı və risk zonalarını nəzarətdə saxlamalıdır.

Durğun suların yaranmasına səbəb olan qanunsuz torpaq işləri, zibilliklər və su axınlarını bağlayan maneələr aradan qaldırılmalıdır.

Əhaliyə həyətlərdə, bağlarda və təsərrüfat sahələrində suyun uzun müddət saxlanılmasının yaratdığı təhlükələr barədə məlumat verilməlidir.

Mütəxəssislər vətəndaşlara həyətlərdə və bağlarda su yığılan qabları boşaltmağı, zirzəmilərdə suyun toplanmasına imkan verməməyi, pəncərələrdə torlardan istifadə etməyi və fərdi qoruyucu vasitələrdən yararlanmağı tövsiyə edirlər.

Alimlər hesab edirlər ki, qlobal iqlim dəyişiklikləri nəticəsində ekstremal hava hadisələrinin və intensiv yağışların sayı artacaq. Bu isə Bakı və Abşeron üçün yağış sularının idarə olunmasını təkcə kommunal məsələ deyil, həm də ictimai sağlamlıq və təhlükəsizlik məsələsinə çevirir. Əgər bu gün qabaqlayıcı tədbirlər görülməzsə, gələcək illərdə ağcaqanadların yaratdığı problemlər daha geniş miqyas ala bilər. Buna görə də məsələ lokal narahatlıq kimi deyil, dövlət səviyyəsində koordinasiya tələb edən ekoloji, sanitariya və ictimai sağlamlıq problemi kimi qiymətləndirilməlidir.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR