İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Evin gizli “Qarabağ planı” necə pozuldu: Türkiyəni şantaj edən ABŞ indi geri çəkilir

Ağ Ev rəsmi Bakının beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycan ərazilərini işğaldan azad etməsinə əngəl törətməyə cəhd göstərib, ona görə də, ABŞ-ın yenidən münasibətləri normallaşdırmaq niyyətinin səmimi ola biləcəyinə inanmaq sadəlövlük olardı... ABŞ dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevlə təmas quraraq, iki ölkə arasındakı gərginliyi müzakirə etməsi bu superdövlətin nisbətən geri çəkilməsi anlamı daşıyır, Ağ Ev rəsmi Bakı ilə münasibətlərin normallaşdırılmasını məhz onu korlayan Ceyms Brayenə tapşırıb...

Cənubi Qafqaz beynəlxalq siyasi iradə mərkəzlərinin əsas diqqət mərkəzində yer almaqda davam edir. Dünya nəhənglərinin bu regiona yönəlik strategiyaları və prioritet hədəfləri də tədricən aydınlaşmağa başlayıb. Hər halda, bəzi Qərb ölkələrinin bu regiondakı əsas istinad məkanı da artıq dəqiqləşmiş kimi görünür. Və belə situasiyada gizli manevrlər etmək cəhdləri artıq gözlənilən effektdən uzaq qalmaqdadır.

Məsələ ondadır ki, ABŞ və Qərbin hazırda Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb, çıxartmağa çalışdığı inkaredilməz reallıqdır. Üstəlik, Kreml də artıq bu reallığı qəbul edib və açıq mətnlə gündəmə gətirməyə başlayıb. Eyni zamanda, ABŞ və Qərb Cənubi Qafqaza məhz Ermənistan üzərindən yerləşməyə can atır. Halbuki, Ermənistan bu regionun “qapı”sı olmaq şansına malik deyil. Və bu səbəbdən də, hələ də “erməni faktoru” üzərindən digər region ölkələrinə təzyiq cəhdləri müşahidə olunur.

Təbii ki, ABŞ və Azərbaycan arasında son vaxtlar açıq müstəviyə keçirilmiş ziddiyyətlərin əsas səbəblərindən biri də məhz bu məqamdır. Ağ Ev Cənubi Qafqazda Ermənistanın maraqlarının təminatçısı rolunda çıxış etmək qərarına gəlib. Ona görə də, ABŞ-ın Azərbaycana qarşı təzyiq cəhdləri bütövlükdə regionda situasiyanın gərginləşməsinə yol açmaqdadır. Və bu vəziyyətin hələ bir müddət davam edə biləcəyi də qətiyyən istisna deyil.  

ade012ed-5500-4e6d-844e-ce5f1444d60d.jpg (236 KB)

Onu da qeyd etmək lazımdır ki, ABŞ-Azərbaycan ziddiyyətlərinin açıq müstəviyə çıxarılmasında okeanın o tayındakı ölkənin dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms Obrayenin xüsusi rolu var. Hər halda, onun ABŞ parlamentariləri qarşısında Azərbaycana qarşı açıq təhdid məzmunu daşıyan açıqlamaları hələ unudulmayıb. Üstəlik, C.Obrayen özü də həmin açıqlamaların unudulmasına imkan vermir.

Maraqlıdır ki, Ağ Ev rəsmisinin yeni açıqlamaları da özündən əvvəlkilərdən o qədər də çox fərqlənmir. Belə ki, C.Obrayen bu dəfə bildirib ki, ABŞ Azərbaycvan və Ermənistan arasında sülhə nail olmaq üçün real imkanlar müşahidə edir. Ancaq Ağ Ev rəsmisinin açıqlamasında sülh sazişini imzalamalı olan tərəflərə dolayısı ilə diqtə etmək cəhdi də diqqəti çəkir: “Vaşinqton Bakı və İrəvanın qərarını gözləyir. Biz tərəflərə nələri görməyə ümid etdiyimizi açıq şəkildə mesaj vermişik. Eyni zamanda, əks istiqamətdə addımların yarada biləcəyi nəticələri də xatırlatmışıq. İndi görək, tərəflər hansı qərara gələcəklər. Onlar tezliklə sülh sazişi imzalamaq istəklərini ifadə ediblər və biz bunu görmək istəyirik”.

Göründüyü kimi, bir müddət öncə Azərbaycanı təhdid etmiş C.Obrayenin bu açıqlaması da qeyri-diplomatik üslübla yüklənib. Çünki ABŞ-ın Azərbaycan və Ermənistan arasında sülh sazişinin məzmunundan hansısa gözləntisinin olması yolverilməzdir. Hər halda, bu məsələ yalnız iki qonşu ölkənin gözləntilərini ifadə edə bilər. Və bu məsələyə kənar təsirlər prosesi daha da qəlizləşdirməkdən başqa heç nəyə yaramaz.

Beynəlxalq vasitəçilik missiyasına iddia edən hər hansı ölkənin, o cümlədən də, ABŞ-ın sülh sazişi ilə bağlı belə gözlənti içərisinə girməsi tamamilə məntiqsizdir. Ağ Ev rəsmisinin “əks istiqamətdə atılacaq addımların nəticələri”nə eyham vurması isə ABŞ-ın regional sülh prosesinə həm diqtə, həm də təhdid tonunda müdaxilə cəhdi kimi də dəyərləndirilə bilər. Hər halda, C.Brayenin qeyri-diplomatik üslubu belə düşünməyə tamamilə əsas verir.

trafficjpg_1694173326jpg_1694195375.jpg (52 KB)

Təbii ki, Ağ Evdə də Azərbaycan-ABŞ münasibətlərinin gərginləşməyə doğru yönəldiyini artıq anlamağa başlayıblar. Belə ki, ABŞ öz siyasi iradəsini diqtə ilə qəbul etdirməyə vərdişli bir superdövlətdir. Ağ Evdə hesab edirlər ki, ABŞ-ın siyasi iradəsini və maraqlarını bütün dünya dövlətləri qeyd-şərtsiz qəbul etməlidir. Bu, baş verdikdə isə demək olar ki, elə bir ciddi gərginlik də baş vermir.

Ancaq Azərbaycanla bağlı situasiyada proses bir qədər fərqli istiqamətə yönəlib. Çünki rəsmi Bakı ABŞ-ın deyil, Azərbaycanın prioritetlərini ön plana çəkməyi üstün tutur. Ağ Evin diqtə və təhdid üslubuna isə müqavimət göstərir, sərt reaksiya verir. ABŞ rəsmi dairələrində isə belə qətiyyətli mövqe gözlənilməz xarakter daşıdığından müəyyən mənada, çaşqınlıq yaradır. Və nəticədə iki ölkə arasında indiyə qədər mövcud olmuş normal münasibətlərdə “siyasi çatlar” müşahidə olunur.

Halbuki, indiki situasiyada Azərbaycanla münasibətlərin korlanması da ABŞ-ın maraqlarına qətiyyən cavab vermir. Əksinə, Ağ Evdə anlayırlar ki, Azərbaycan Cənubi Qafqazın regional lideri olan dövlətdir. İstənilən halda, ABŞ Azərbaycanla müəyyən məsələlərdə anlaşmalı olacaq. Bu baxımdan, ABŞ-ın dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng etməsi o qədər də təəccüblü deyil. Üstəlik, bu telefon danışığı zamanı regional sülh prosesi ilə yanaşı, Azərbaycan-ABŞ münasibətlərinin də müzakirə edilməsi gözlənilməz xarakter daşımır.

Belə anlaşılır ki, Ağ Ev rəsmi Bakı ilə mövcud olan siyasi ziddiyyətləri aradan qaldırmaq qərarına gəlib. Hər halda, dövlət katibi Entoni Blinken məhz Azərbaycanı təhdid edən C.Brayenin Bakıya səfəri üçün Prezident İlham Əlievdən razılıq verməsini xahiş edib. Prezident İlham Əliyev isə Azərbaycan rəsmilərinin ABŞ-a səfərinə qarşı qoyulmuş qadağanın ləğv edilməsi şərtilə razılıq verib. ABŞ dövlət katibinin bu şərti qəbul etməsi də onu göstərir ki, Ağ Ev rəsmi Bakı ilə münasibətlərin normallaşdırılmasını məhz onu korlayan C.Brayenə tapşırıb.

09b42f4e-9643-41d5-9767-33a583ce5dbf.jpg (88 KB)

Əlbəttə ki, Azərbaycan-ABŞ münasibətlərinin normallaşdırılması istiqamətində atılacaq istənilə addım təqdirəlayiqdir. Ancaq Ağ Evin Azərbaycana münasibətdə səmimi davranacağı artıq o qədər də inandırıcı görünmür. Xüsusilə də, ermənipərəst Bayden administrasiyası dönəmində bunun baş verə biləcəyinə inanmaq çox çətindir. Üstəlik, bu şübhələrə əsas verən kifayət qədər ciddi faktlar da mövcuddur. Və onlardan birini Türkiyə rəsmi dairələri açıqlayıblar.

Türkiyədə hakimiyyətdə olan AKP-nin rəsmi təmsilçisi Ömər Çelik bildirib ki, ABŞ rəsmi Ankaradan Qarabağ məsələsində Azərbaycana dəstəyin dayandırılmasını tələb edibmiş: “Azərbaycan Qarabağı işğaldan azad edərkən, Ağ Evdən rəsmi Ankaranı şantaj edirdilər ki, Azərbaycana verilən dəstək “F-16” və “F35” döyüş təyyarələrinin Türkiyə göndərilməsi qarşısında əngələ çevrilə bilər. Türkiyə belə şantaj cəhdlərinə təslim olmadı və olmayacaq”.

Göründüyü kimi, ABŞ-ın Ermənistana dəstəyi hətta Ağ Evin Türkiyəni şantaj edəcək qədər təhlükəli inkişaf qazanıb. Ağ Ev rəsmi Bakının beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycan ərazilərini işğaldan azad etməsinə əngəl törətməyə cəhd göstərib. Yəni, böyük ehtimalla gizli “Qarabağ planı” qursa da, onun pozulması ilə barışmaq məcburiyyətində qalan ABŞ üçün beynəlxalq hüquq normaları belə, elə bir ciddi əhəmiyyət daşımır. Və belə situasiyada ABŞ-ın Azərbaycanla münasibətləri normallaşdırmaq niyyətinin səmimi ola biləcəyini düşünmək, Ağ Evə etibar etmək yalnız sadəlövlük olardı.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR