İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev "sülh elçisi"ndən savaşın "sponsor"una çevrilir: Bakı Fransa ilə yanaşı, ABŞ-a da güvənmir

Qərbin əsas hədəfinin Cənubi Qafqazda hərbi toqquşmalara nail olunmasına indeksləşdiyi açıq-aşkar nəzərə çarpır, çünki yalnız bu halda, regionda arbitr statusu ilə yerləşmək şansı qazana bilər... Bu məkrli niyyətdən duyuq düşən rəsmi Bakı ermənipərəst Fransanın regional sülh prosesində iştirakının bloklanmasının ardınca, Azərbaycana təzyiq siyasəti yürüdən ABŞ-ı da Cənubi Qafqazdan uzaq tutmağa çalışır...

Cənubi Qafqazı yenidən qarışdırmaq istəyirlər. Bu, artıq inkaredilməz bir reallıqdır. Hər halda, son vaxtlar baş verən hadisələr bunu birmənalı şəkildə təsdiqləyir. Üstəlik, siyasi bəyanatlarda "sülh elçiləri" kimi çıxış edənlər, indi Cənubi Qafqazda yeni savaşın ssenarilərinə və sponsorlarına çevriliblər. Və bu reallığı da artıq gizlədə bilmirlər.

Məsələ ondadır ki, ABŞ və Qərb tamamilə Ermənistanın himayədarı rolunda çıxış edir. Rəsmi İrəvanın uydurma siyasi narrativlərini dəstəkləyərək, Azərbaycana qarşı təzyiq mövqeyində dayanıb. Belə davranışlarsa, Cənubi Qafqazda sülh prosesinin bloklanmasına səbəb olur. Və bu baxımdan, Qərbin sülh çağırışlarının sadəcə, manipulyasiya olduğunu sübut etməyə ehtiyac belə qalmır.

Buna əmin olmaq üçün ABŞ-ın son davranışlarına diqqət yetirmək belə, kifayətdir. Belə ki, ABŞ Konqresində "Dağlıq Qarabağ dinləmələri"nin keçirilməsi yalnız regional sülh prosesinə deyil, həm də Azərbaycan-ABŞ münasibətlərinə sarsıdıcı zərbə hesab oluna bilər. Və bu "dinləmələr" ucbatından Azərbaycan-ABŞ münasibətlərinin ciddi şəkildə gərginləşdiyi də açıq-aşkar nəzərə çarpır.

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB)

Birincisi, ABŞ Konqresində "Dağlıq Qarabağ dinləmələri" Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə birmənalı şəkildə hörmətsizlikdir. Çünki beynəlxalq hüquqa görə, "Dağlıq Qarabağ" Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Həmin ərazidə bütün baş verənlər birmənalı şəkildə Azərbaycanın daxili işidir. Azərbaycan ABŞ-ın hər hansı ştatında baş verən hadisəni öz parlamentində müzakirə etmədiyi kimi, ABŞ Konqresi də öz üzərinə belə bir qeyri-hüquqi məsuliyyəti götürməməlidir. Və üstəlik, ABŞ Konqresində anlamalıdırlar ki, "Dağlıq Qarabağ" adlı ərazi bölgüsü artıq mövcud deyil, Azərbaycanın Qarabağ iqtisadi regionu mövcuddur.

Ancaq bu, qətiyyən hamısı deyil. Belə ki, ABŞ parlamentində çıxış edən dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen Qarabağdakı rus sülhməramlıların çıxarılmasının və onların başqa beynəlxalq kontingent ilə əvəzlənməsinin vacibliyini vurğulayıb. Ancaq ABŞ dövlət katibinin köməkçisi bunu hansı səlahiyyət və hüquqla gündəmə gətirdiyini izah etməyə ehtiyac duymayıb. Ceyms Obrayen yəqin ki, Qarabağın ABŞ-ın deyil, məhz Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunun fərqində deyil.

Təbii ki, istənilən halda, Ağ Ev təmsilçisinin bu davranışı yolverilməz xarakter daşıyır. Çünki rus sülhməramlıların Azərbaycan ərazisindən nə vaxt çıxarılacağının ABŞ-a heç bir aidiyyatı yoxdur. Bu məsələ Azərbaycan və Rusiya arasında müzakirə edilə biləcək mövzudur. Və yekun qərarın verilməsi hüququ da məhz rəsmi Bakıya aiddir.

eliyev-pasha-sened.JPG (67 KB)

Digər tərəfdən, hər imkanda Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının vacibliyini gündəmə gətirən Ağ Ev əvvəlcə neytral mövqe tutmaq barədə düşünməlidir. Çünki ABŞ Konqresində "Erməniləri müdafiə" sənədinin qəbul edilməsi Ağ Evin Ermənistanın yanında olduğunu təsdiqləyir. Üstəlik, Azərbaycana hərbi yardımları qadağan edən "Azadlıq aktı"na 907-ci düzəlişin yenidən aktivləşdirilməsi də ABŞ-ın ermənipərəst mövqeyini qabartdır. Və bu, o deməkdir ki, ABŞ Azərbaycana münasibətdə faktiki olaraq, ötən əsrin 90-cı illərinə geri dönməyə başlayıb.

Məsələ ondadır ki, 907-ci düzəliş məhz həmin dövrdə qəbul edilmişdi. Üstəlik, Azərbaycan indiki kimi güclü deyildi, olduqca ağır mərhələdən keçirdi. Ermənistan Rusiyanın fəal dəstəyi ilə Azərbaycan ərazilərini işğal etmişdi. Yəni, Azərbaycan hərbi işğala məruz qalmış tərəfiydi. ABŞ Konqresi isə haqsızlığa uğrayan, Rusiyanın dəstəyi ilə Ermənistan tərəfindən əraziləri işğal olunan, əhalisi soyqırımı məruz qalan və bir milyona yaxın qaçqın problemiylə üzləşən Azərbaycana qarşı 907-ci düzəlişi qəbul etdi. Və bununla da ABŞ-dakı erməni diasporunun "kaprizlər"inə təslim olaraq, işğalçı Ermənistanın himayədarına çevrildi.

Ona görə də, Ağ Evin indi tutduğu mövqeyi də məhz ABŞ-ın ötən əsrin 90-cı illərindəki davranışları ilə eyniləşdirmək mümkündür. Çünki son üç ildə Azərbaycan beynəlxalq hüquqa zidd heç bir addım atmayıb. Əksinə, beynəlxalq hüququn təmin edə bilmədiyi suverenliyinin bərpasına nail olub. Azərbaycan 30 ildən sonra öz ərazilərini Ermənistanın işğalından tam şəkildə azad edib. Və belə anlaşılır ki, ABŞ Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən qətiyyən məmnun deyil.

Böyük ehtimalla Ağ Ev ATƏT-in Minsk Qrupunun həmsədri olduğu dönəmdə mövcud olan situasiyanın yaranmasında daha çox maraqlıdır. Əks halda, Ermənistanın himayədarı rolunda çıxış etmək əvəzinə məhz beynəlxalq hüququn yanında yer alardı, regional sülh prosesində neytral mövqe tutardı. Və Ağ Ev bunu etmədikcə, Azərbaycanın nəzərində ədalətli vasitəçi statusu qazana bilməyəcək.

685772a6f686fcd5fd6be7a9165c38a8.jpg (98 KB)

Ona görə də, rəsmi Bakının ABŞ-ın son davranışlarına sərt reaksiya verməsi qətiyyən təəccüb doğurmur. Azərbaycan ABŞ-ın vasitəçiliyi ilə sülh prosesinin uğur qazanacağına demək olar ki, inanmır. ABŞ-ın son ermənipərəst davranışlarına cavab olaraq, rəsmi Bakının noyabrın 20-də Vaşinqtonda keçirilməsi nəzərdə tutulan xarici işlər nazirlərinin görüşündə iştirakdan imtinası tamamilə doğru qərardır.

Halbuki, Ağ Ev təmsilçiləri hələ də Cənubi Qafqazda sülh prosesini dəstəklədiklərini israrla vurğulayırlar. Hətta bildirirlər ki, Azərbaycan və Ermənistan arasında danışıqlar Vaşinqtonda, yaxud başqa bir platformada keçirilməsindən asılı olmayaraq, ABŞ bu prosesin uğur qazanması üçün hər şeyi etməyə hazırdır. Və bu, guya ABŞ-ın Cənubi Qafqaz siyasətində prioritet təşkil edir.

Ancaq indiki situasiyada buna rəsmi Bakı deyil, yalnız sadəlövhlər inana bilər. Hər halda, ABŞ və Qərbin hazırda hansı niyyətlərin üzərində fokslaşdığını təxmin etmək o qədər də çətin deyil. Çünki Qərbin əsas hədəfinin Cənubi Qafqazda hərbi toqquşmalara nail olunmasına indeksləşdiyi açıq-aşkar nəzərə çarpır. Yalnız bu halda, ABŞ və Qərb regionda arbitr statusu qazanaraq yerləşmə şansı əldə edə bilər. Və bu məkrli niyyətdən duyuq düşən rəsmi Bakı ermənipərəst Fransanın regional sülh prosesində iştirakının bloklanmasının ardınca Azərbaycana təzyiq siyasəti yürüdən ABŞ-ı Cənubi Qafqazdan uzaq tutmağa çalışır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR