İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ qeyri-formal "Minsk Qrupu" yaradıb: Ağ Ev "müqəddəs həmsədrlər" üçlüyünün tərkibini də dəyişdirib

Belə anlaşılır ki, qeyri-formal yeni "müqəddəs üçlük" üçün müəyyən edilmiş plan, proqram və strategiya da Ermənistana sərfəli ortaq maraqlara indeksləşdirilib... Belə vəziyyətdə rəsmi Bakının beynəlxalq hüquq normalarını kobud şəkildə pozan "müqəddəs həmsədrlər"ə qarşı prinsipiallıqla müqavimət göstərməsi, indi Azərbaycan dövlətinin əsas prioritetinə çevrilmək üzrədir...

Cənubi Qafqaz artıq "nifaq alması"na çevrilməyə başlayıb. İndi dünya nəhəngləri bu regionda əsas geopolitik oyunçu statusu qazanmaq üçün bütün mümkün variantları işə salmış kimi görünürlər. Ona görə də, Cənubi Qafqaz uğrunda mübarizə hər ötən gün daha da sərtləşir, amansız xarakter alır. Və qarşıduran tərəflər üçün istənilən güzəşt böyük ölçüdə geri çəkilmə, rəqibə məğlubiyyət təhlükəsi vəd edir.

Təbii ki, belə vəziyyətin yaranması dünya nəhənglərinin beynəlxalq hüquq normalarını kobud şəkildə pozmasına da səbəb olur. Cənubi Qafqaza nəzarət hüququna sahib olmaq üçün ikili standartlara yol verilir, beynəlxalq ədalət "dəfn" edilir. Və bu baxımdan, böyük önəm daşıyan regional plasdarmda yeni savaş ehtimalı getdikcə, daha inandırıcı görünür.

Ancaq bu prosesdə ən önəmli məqam ondan ibarətdir ki, dünya nəhəngləri Cənubi Qafqaz uğrunda bir-birinə qarşı mübarizə aparsalar da, əslində, regional arbitr rolunda məhz Azərbaycan çıxış edir. Ona görə də, beynəlxalq rəqabətin iştirakçılarının kimliyindən asılı olmayaraq, mübarizənin nisbi qalıbini məhz rəsmi Bakı müəyyən edəcək. Və bu reallığı dəyişmək indiki situasiyada demək olar ki, mümkün deyil.

814e4a1f24910383014a04866e883c48.jpg (256 KB)

Məsələ ondadır ki, rəsmi Bakı son üç il ərzində Cənubi Qafqazda yeni situasiya yaratmağa, geopolitik şərtləri dəyişməyə nail olub. İndi bu regionda geopolitik proseslər tamamilə Azərbaycanın siyasi iradəsindən asılı vəziyyətə düşüb. Xüsusilə də, Azərbaycan ordusunun Cənubi Qafqazda "erməni layihəsi"ni tamamilə sıradan çıxartması bu regionda maraqları olan beynəlxalq güclərin manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırıb. Və bu səbəbdən də, bəzi beynəlxalq siyasi iradə mərkəzlərinin çaşqınlıq içərisində yeni təsir faktorları yaratmağa çəhd göstərməsi o qədər də gözlənilməz deyil.

Maraqlıdır ki, Ermənistanın açıq xəyanətinə uğrayan Rusiya Cənubi Qafqazda yaranmış yeni situasiyanın mövcud şərtləri ilə indiki mərhələdə barışmış kimi görünür. Ancaq eyni fikirləri ABŞ və Qərbə də aid etmək mümkün deyil. Çünki Rusiyadan fərqli olaraq, ABŞ və Qərbin Cənubi Qafqaza nüfuz etmək mexanizmləri olduqca məhduddur. Ona görə də, Azərbaycan ordusu tərəfindən erməni separatizmi və terrorizminin "dəfn" edilməsi ABŞ və Qərb üçün geopolitik itki sayıla bilər. Və bu baxımdan, indi yeni regional mexanizmlərin axtarılmasına, hətta onların "icad" edilməsinə göstərilən cəhdlər qətiyyən təəccüblü deyil.

Ancaq hazırda ABŞ və Qərbin ümid bəsləyə biləcəyi regional faktorların sayı o qədər də geniş deyil. Belə ki, yenə də Ermənistanın geopolitik alət kimi istifadə edilməsi yeganə məqbul varianta çevrilib. Ona görə də, ABŞ və Qərb Rusiya ilə geopolitik savaşda məhz Ermənistandan istifadə etməyə çalışır. Paşinyan hakimiyyətinə Rusiya əleyhinə təlimatlar verilir, rəsmi İrəvanın könüllü geopolitik alət rolunun gücləndirilməsinə cəhd göstərilir.

Təbii ki, bunun əvəzində Ermənistanın maraqları ön plana çəkilir, ABŞ və Qərbin geopolitik planlarını pozub, risk altına salmış Azərbaycana qarşı isə təzyiq mexanizmləri işə salınır. Halbuki, rəsmi Bakı üçün yeni nəsə baş vermir. Hər halda, II Qarabağ savaşından öncə Azərbaycan təxminən 30 il analoji situasiya ilə qarşı-qarşıya qaldığından belə vəziyyətə demək olar ki, vərdişlidir. Və ona görə də, rəsmi Bakının Qərbin ermənilərə dəstək xarakteri daşıyan təzyiq kampaniyasına hazırlıqsız yaxalandığını iddia etmək qətiyyən mümkün deyil.

87b2cda9b163b56892f4e00a15c14b5d.jpg (491 KB)

Məsələ ondadır ki, ABŞ və Qərb, eləcə də Rusiya 30 ilə yaxın bir müddət ərzində işğalçı Ermənistanın maraqlarına bağlı beynəlxalq mövqeyə maksimum səviyyədə dəstək verib. ATƏT-in Minsk Qrupu onilliklər boyu beynəlxalq hüquq normalarının icrası istiqamətində heç bir addım atmayıb. Bu qurumun həmsədrləri - ABŞ, Rusiya və Fransa Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini legitimləşdirməyə çalışıb. Azərbaycanı "münaqişənin hərbi yolla həlli yoxdur" məzmunlu uydurma tezislə şantaj edib. Ermənistanın beynəlxalq himayədarları rolunda çıxış edən hər üç həmsədr ölkə bu regional münaqişənin onilliklər boyu "dondurulmuş" vəziyyətdə qalmasına nail olub.

Rəsmi Bakı isə bütün xarici təzyiqlərə tab gətirməklə yanaşı, regional münaqişənin yeganə həll variantının məhz hərbi varianta bağlı olduğunu artıq birmənalı şəkildə sübuta yetirib, Minsk Qrupu həmsədrlərinin 30 il ərzində nizamlaya bilmədiyi problemi cəmisi 44 gündə həll edib. Ona görə də, indi ABŞ və Qərbin Azərbaycana qarşı təzyiq mexanizmləri o qədər də geniş deyil. İndi yalnız regional proseslərin Ermənistanın maraqlarına uyğun məzmun alması istiqamətində fəaliyyət göstərməkdən başqa çarə qalmayıb.

Təbii ki, belə situasiyada ABŞ və Qərbin Cənubi Qafqazdakı geopolitik prosesləri növbəti dəfə qarışdıra biləcək yeni "Minsk Qrupu"na ehtiyacı var. Azərbaycana qarşı beynəlxalq təzyiqlərin qaynaqlarına və məzmununa diqqət etdikdə, bu istiqamətdə ciddi addımların atılmaqda olduğu qətiyyən şübhə doğurmur. Buna əmin olmaq üçün ABŞ, Avropa Birliyi və Fransanın vahid plan və strategiya altında davranışlarına diqqət etmək tamamilə yetərlidir.

Fransa erməni narrativlərini öz prioritetinə çevirib, rəsmi İrəvandan daha çox Azərbaycana qarşı düşmənçilik edir. Rəsmi Paris Ermənistanın beynəlxalq səviyyədə müdafiəsini təşkil etməklə yanaşı, onu müasir hərbi texnika ilə silahlandırır. Avropa Birliyi Azərbaycana qarşı qərəzli mövqe tutur, rəsmi Bakını qondarma iddialarla ittiham edir, Ermənistan ərazisində hərbi kəşfiyyatçılardan ibarət müəmmalı hədəflərə xidmət edən mülki müşahidə missiyası yerləşdirib.

3d107a676f63b4b95b2c610cfc9a996f.jpg (196 KB)

ABŞ isə Azərbaycana qarşı ərazi iddialarından hələ də imtina etməyən Ermənistanın toxunulmazlığını təmin etməyə çalışır. Ağ Ev buna paralel olaraq, Azərbaycana qarşı bütün təzyiq mexanizmlərini işə salıb, rəsmi Bakını erməni narrativlərinə uyğun məzmunlu sülh sazişinə sövq etməyə cəhd göstərir. Və bütün bunların böyük ölçüdə üst-üstə düşən ortaq fəaliyyətin əlamətləri olması Qərbin mövqeyinə münasibətdə kifayət qədər ciddi şübhələr doğurur.

Belə təəssürat yaranır ki, ABŞ və Qərb rəsmi Bakının artıq "dəfn" etdiyi Minsk Qrupunun başqa formatda və modeldə bərpasına cəhd göstərir. Belə ki, ABŞ, Fransa və Avropa Birliyi Cənubi Qafqazdakı sülh prosesinə münasibətdə eyni mövqedən çıxış edirlər. Bu, faktiki olaraq, Minsk Qrupunun ənənəvi fəaliyyət prinsiplərinin təkrarlanması anlamı daşıyır. Sadəcə, yeni formatda iflasa uğramış Minsk Qrupunda təmsil olunmuş Rusiya oyundankənar vəziyyətə salınıb. Rusiyanın kənarlaşdırılmsı nəticəsində boşalan yerin isə məhz Avropa Birliyi ilə doldurulduğu da qətiyyən diqqətdən yayınmır.

Belə anlaşılır ki, ABŞ və Qərb qeyri-formal olaraq, yeni "Minsk Qrupu"nu artıq yaradıb. Bu yeni formatda "müqəddəs həmsədrlər" üçlüyünü ABŞ, Fransa və Avropa Birliyi təşkil edir. Üstəlik, bu üçlüyün plan, proqram və strategiyası da ortaq maraqlara indeksləşdirilib. Və belə vəziyyətdə rəsmi Bakının qeyri-formal "müqəddəs üçlüyə" qarşı prinsipial şəkildə müqavimət göstərməsi indi Azərbaycan dövlətinin əsas prioritetinə çevrilmək üzrədir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR