Onlayn ictimai-siyasi qəzet
ABŞ Ədliyyə Nazirliyi Rusiya xüsusi xidmət orqanlarının maraqları naminə fəaliyyət göstərdiyi iddia olunan şəbəkənin beş üzvünə qarşı ittiham irəli sürüb. İstintaq həmin şəxsləri rusiyalı müxaliflərin qətlinin hazırlanması və Avropa ölkələrində diversiya əməliyyatları ilə əlaqələndirir.
Musavat.com xəbər verir ki, təqsirləndirilənlərdən biri Rusiyanın Şimal-Qərb OMON-unun keçmiş komandiri, 63 yaşlı Yuri Xrameyevdir.
ABŞ istintaqının versiyasına görə, Xrameyev sifarişli qətlləri həyata keçirəcək şəxslərin cəlb edilməsində iştirak edib.
İttiham aktında iki mümkün sui-qəsd planından bəhs olunur. Bildirilir ki, 2025-ci ildə Vilnüs yaxınlığında yaşayan rusiyalı müxalifətçinin öldürülməsi üçün icraçıya 25 min dollar təklif edilib.
2026-cı ilin yayında isə Venesuela vətəndaşına Vaşinqton ətrafında yaşayan başqa bir rusiyalı dissidentin öldürülməsi müqabilində 40 min dollar təklif olunduğu iddia edilir.
ABŞ Ədliyyə Nazirliyi eyni şəbəkəni Polşa, Çexiya, Litva və Rumıniyada törədilmiş yanğınlar və diversiya cəhdləri ilə də əlaqələndirir.
İstintaqın ehtimal olunan koordinator kimi göstərdiyi Kuba vətəndaşı Oemis Romaqosa Durrutinin icraçıların səfərlərini təşkil etdiyi, onlara hədəflər barədə məlumat ötürdüyü və əməliyyatların maliyyələşdirilməsini həyata keçirdiyi iddia olunur.
İttiham olunanlar arasında Yuri Xrameyevin oğlu, FSB zabiti Kirill Xrameyev, həmçinin Yaidel Delqado Suares və Anxel Eduardo Kastro da var.
Beş nəfərin hamısına terrorçuluğun maliyyələşdirilməsi məqsədilə əlbir olmaq ittihamı irəli sürülüb. Xrameyev və daha iki şəxs isə əlavə olaraq sifarişli qətlin hazırlanmasında ittiham olunur.
İrəli sürülən ittihamlar məhkəmənin yekun hökmü deyil və təqsirləndirilən şəxslərin günahı məhkəmədə sübuta yetirilməlidir.
Musavat.com
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ