İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ "düyməni" söndürsə, Avropada... - ŞOK

Avropa illərdir ABŞ-nin texnologiya nəhənglərindən asılılığını azaltmaq və "rəqəmsal suverenlik" əldə etmək barədə danışır. Bəs ABŞ texnologiyaları bir gün həqiqətən əlçatmaz olsa, adi avropalının həyatı necə dəyişər? "Politico"nun jurnalisti bunu öz üzərində sınaqdan keçirib və 72 saat ərzində ABŞ texnologiyalarından tamamilə imtina etməyə çalışıb.

Musavat.com xəbər verir ki, "Politico" saytının arıaşdırmaçıları üç gün Brüsseldə "iPhone", "Mac", "Google Search" və "Maps", "ChatGPT", "WhatsApp", "Signal", "Facebook", "Instagram", "Slack", "Teams", hətta "Visa" və "Mastercard" olmadan yaşamağa və işləməyə çalışıblar.

Təcrübənin arxasında isə kifayət qədər ciddi siyasi sual dayanır: Vaşinqton Avropanın ABŞ texnologiyalarından asılılığını nə vaxtsa siyasi və iqtisadi təzyiq vasitəsinə çevirə bilərmi?

Bu qorxu artıq tamamilə nəzəri deyil. ABŞ prezidenti Donald Trampın administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinin fransız əsilli hakimi Nikola Giyonu ABŞ ilə əlaqəli maliyyə və texnologiya xidmətlərindən məhrum etmişdi. Hakim bunun nəticəsini "rəqəmsal ölüm"ə bənzətmişdi. ABŞ-nin ixrac məhdudiyyətləri iyunda "Anthropic" şirkətini iki qabaqcıl süni intellekt modelinə bəzi xarici vətəndaşların çıxışını bağlamağa da məcbur etmişdi.

"Politico"nun istinad etdiyi "Proton" sorğusu problemin Avropa biznesində də ciddi narahatlıq doğurduğunu göstərir: Avropa şirkət rəhbərlərinin 74 faizi ABŞ texnologiyalarına çıxışın kəsilməsinin onların fəaliyyətini poza biləcəyindən ehtiyat edir.

Jurnalistin ilk problemi smartfon olub. "iPhone"u söndürərək Finlandiyanın klassik "Nokia" telefonlarından birinə keçib. Lakin tezliklə məlum olub ki, müasir həyatın böyük hissəsi artıq adi telefon zəngi və SMS üzərində qurulmur. Bildirişlər, messencerlər, sosial şəbəkələr və videozənglər birdən-birə yoxa çıxıb.

Daha ciddi problem isə pul ödəmək zamanı ortaya çıxıb. Jurnalist mağaza və restoranlarda bank kartından da istifadə edə bilməyib. Səbəb sadədir: "Visa" və "Mastercard" Avropada kart ödənişləri bazarında dominantdır və hətta Avropa bankının verdiyi kartla edilən ödəniş çox vaxt ABŞ şirkətlərinin infrastrukturundan keçir. Nəticədə jurnalist üç gün ərzində əsasən nağd pulla yaşamalı olub.

Əyləncə sahəsində vəziyyət də fərqli olmayıb. "Netflix", "Amazon Prime", "Disney+" və "YouTube"dan imtina etmək kifayət etməyib. Jurnalistin televizoru və planşeti də "Google" proqram təminatı ilə işlədiyi üçün Avropa striminq xidmətlərinə keçmək belə çətinləşib.

Eksperimentin ən maraqlı nəticəsi isə ABŞ texnologiyalarının Avropanın öz şirkətlərinin arxasında belə gizlənməsi olub.

Məsələn, İsveçin "Spotify" və Estoniyada yaradılmış "Bolt" kimi Avropa şirkətləri də ABŞ-nin tətbiq mağazalarından, əməliyyat sistemlərindən, ödəniş şəbəkələrindən və digər rəqəmsal infrastrukturundan ciddi şəkildə asılıdır.

Daha böyük problem "bulud" (cloude) infrastrukturu ilə bağlıdır. Avropada saytların, məlumatların və rəqəmsal xidmətlərin işləməsi üçün istifadə edilən bu bazarın böyük hissəsinə "Amazon", "Microsoft" və "Google" nəzarət edir. "Politico" yazır ki, bu xidmətlərin birdən-birə dayanması halında Avropa iqtisadiyyatının, dövlət idarəçiliyinin və kommunikasiya infrastrukturunun mühüm hissələri normal fəaliyyət göstərməkdə çətinlik çəkə bilər.

Jurnalist iş həyatında ABŞ texnologiyalarını Avropa alternativləri ilə əvəz etməyə çalışıb. Linux əməliyyat sistemli kompüter, İsveçrənin "Proton" elektron poçtu, Norveçin "Vivaldi" brauzeri, Fransanın "Qwant" axtarış sistemi, "LibreOffice" və Fransanın "Mistral" süni intellekt xidmətindən istifadə edib. Texniki baxımdan işləmək mümkün olub.

Problem başqa yerdən çıxıb: ətrafındakı hər kəs ABŞ platformalarından istifadə etməyə davam edib.

"Slack" və "Teams"də keçirilən görüşlərə qatıla, "WhatsApp" və "Signal"dakı mesajları görə bilməyən jurnalist faktiki olaraq öz kollektivindən təcrid olunub.

"Politico"nun 72 saatlıq eksperimentindən çıxardığı əsas nəticə də məhz budur: Avropanın rəqəmsal suverenliyi ayrı-ayrı insanların "iPhone"u "Nokia" ilə, "Google"u Avropa axtarış sistemi ilə əvəz etməsi ilə mümkün deyil. İnsanlar, şirkətlər və dövlət qurumları birlikdə alternativ infrastruktura keçməsələr, fərdi şəkildə ABŞ texnologiyalarından imtina edən şəxs daha müstəqil olmaq əvəzinə rəqəmsal baxımdan təcrid olunur.

Eksperiment bitdikdən sonra jurnalist özü də əvvəlki həyatına çox sürətlə qayıdıb: "iPhone" yenidən cibinə, bank kartı pulqabısına qayıdıb, mesajlar isə ABŞ platformalarından gəlməyə başlayıb. Dostlarının ona göndərdiyi ilk mesajlardan biri üç günlük təcrübənin nəticəsini ironik şəkildə ümumiləşdirib: "WhatsApp"a qayıdırıq?"

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR