İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-Çin dostluğu ilə bağlı İLGİNC PROQNOZ

“ABŞ-Çin münasibətləri heç vaxt bu qədər yaxşı olmayıb”.

Bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə Si Cinpinlə birlikdə keçirilən şam yeməyində deyib.

Çinin dövlət rəhbəri isə qeyd edib ki, Pekin və Vaşinqton arasındakı münasibətlər yeni tarixi mərhələyə qədəm qoyub.

Si Cinpin deyib ki, Pekin və Vaşinqton dostluq tarixində yeni bir fəsil yaza bilər, Çin və Amerika xalqları arasında dostluğun gələcəyi parlaq görünür:

“Gəlin, Çin-ABŞ dostluğunun gözəl çiçəklənməsini inkişaf etdirmək və birlikdə yeni bir fəsil yazmaq üçün qüvvələrimizi birləşdirək”.

Dünyanın iki nəhəng dövlətinin münasibətlərinin yaxşılaşması, qüvvələrinin birləşdirilməsi dünyaya nə vəd edə bilər?

QULİYEV.jpg (37 KB)

Siyasi şərhçi Aydın Quliyev Musavat.com-a bildirib ki, hazırkı mərhələdə söhbət ABŞ və Çinin dotlaşmasından, rəqabətdən imtina etməsindən yox, rəqabəti idarə etməyə və əməkdaşlıq sahələrini genişləndirməyə çalışmasından gedə bilər:

“Trampın “heç vaxt bu qədər yaxşı yola getməmişik” sözləri siyasi-diplomatik istiləşməni göstərir, lakin ABŞ-Çin strateji rəqabətinin başa çatdığı hesab edilə bilməz. Hazırkı prosesi “ABŞ və Çin dost oldu” kimi deyil, daha çox “iki supergüc qarşıdurmanı idarəolunan səviyyədə saxlamaq üçün yeni razılaşma modeli axtarır” kimi xarakterizə etmək daha düzgün olardı. Çin tərəfi də münasibətlərin “əməkdaşlığın əsas, rəqabətin idarə olunan” olduğu istiqamətə keçirilməsini təklif edir. İki nəhəngin yaxınlaşması qlobal iqtisadiyyatda sabitliyə töhfə verə bilər. ABŞ və Çin dünyanın iki ən böyük iqtisadi gücüdür. Onların iqtisadi müharibəsi, texnologiya məhdudiyyətləri və kritik xammal üzərində qarşıdurması qlobal təchizat zəncirlərinə təsir göstərir. 2026-cı ilin mayında tərəflər ticarət və investisiyalar üzrə xüsusi mexanizmlər yaratmaq barədə razılaşıblar. Əgər bu xətt davam edərsə, şirkətlər üçün qeyri-müəyyənlik, logistika xərcləri və bəzi malların qiymətləri üzərində təzyiq azala bilər”.

Ekspert qeyd edib ki, ABŞ-Çin qarşıdurmasının ən təhlükəli tərəflərindən biri onun üçüncü ölkələrə də yayılmasıdır:

“ABŞ və Çin arasında birbaşa qarşıdurma ehtimalının azalması Tayvan məsələsi, Cənubi Çin dənizi, Koreya yarımadası və digər regionlarda risklərin idarə edilməsinə kömək edə bilər. Çin və ABŞ artıq Şimali Koreyanın nüvəsizləşdirilməsini ortaq məqsəd kimi ifadə ediblər. ABŞ-Çin münasibətlərinin sabitləşməsi Şərq-Qərb ticarətinin genişlənməsinə və Orta Dəhlizin əhəmiyyətinin artmasına şərait yarada bilər. Çin mallarının Avropaya daşınmasında alternativ marşrutlara ehtiyac qalır və qlobal ticarətin genişlənməsi Azərbaycan üzərindən keçən nəqliyyat bağlantıları üçün əlavə imkanlar yaradar”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR