İnsanlara hürriyət, millətlərə istiqlal!

8 min manatlıq dələduzluq, videoçəkiliş və kredit pulu–Sabunçuda baxılan cinayət işinin təfərrüatı

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin “Umbakı” müəssisəsinin nəzarətçisi dələduzluqda ittiham olunub.

1995-ci il təvəllüdlü Bərdə rayon sakini Fərid həmin müəssisədə işlədiyi dövrdə tanışı Nemətin həyat yoldaşını Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birinə nəzarətçi vəzifəsinə düzəldəcəyinə dair yalan vəd verib, ondan 8 min manat alıb.  Fəridin barəsində Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib.

Fərid elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, ifadəsində göstərib ki, 2023-cü ildən 2025-ci ilin sonlarınadək Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin “Umbakı” penitensiar müəssisəsinin rejim-nəzarət şöbəsində inspektor vəzifəsində işləyib, xüsusi rütbədə xidmət edib: "Nemətlə 2025-ci ilin təxminən yanvar-fevral aylarında tanış oldum. O, bir neçə dəfə həyat yoldaşını Penitensiar Xidmətə işə düzəltmək istədiyini söylədi".

Təqsirləndirilən şəxs bildirib ki, 2025-ci ilin iyul ayında anasının səhhəti pisləşdiyindən və müalicəsinə pul lazım olduğundan Neməti aldadıb, ondan arvadını işə düzəltmək adı ilə pul almaq qərarına gəlib:

"Nemətə telefonda bildirdim ki, arvadını Penitensiar Xidmətin qadınlar üçün nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin birinə nəzarətçi işinə düzəldə bilərəm, buna görə 13000 manat pul verməlidir. Dedim ki, ilkin olaraq 8000 manat ver, iş düzələndən sonra 5000 manatı verərsən”.

Onun ifadəsinə görə, Nemətlə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində “Səma” adlı kafedə görüşüblər: "Ondan 8 min manatı aldım və həyat yoldaşını təxminən 1 ay müddətinə nəzarətçi işinə düzəldəcəyimi bildirdim. Nemət pulu verəndə telefonu ilə videoçəkiliş də apardı. Videoçəkiliş zamanı Nemətin verdiyi pulu ondan alaraq saydım və götürdüm. Pulu anamın müalicəsinə sərf etdim.

Nemət bir ay sonra işin düzəlmədiyini gördü, pulu geri istəməyə başladı. Mən isə pulu xərclədiyim üçün qaytara bilmədim. Nemətə həmin pulu konkret hansısa vəzifəli şəxsə verəcəyimi bildirməmişəm”.

Təqsirləndirilən şəxs ifadəsində vurulmuş ziyanın məbləğinı tam ödədiyin, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayəti olmadığını deyib. Həmçinin vurulmuş ziyanın 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini xahiş edib.

İş üzrə zərərçəkmiş Nemət bildirib ki, Fərid onun həyat yoldaşını işə düzəlmək üçün müəyyən şəxslərlə dəqiqləşdirmədən sonra konkret məbləği deyəcəyini söyləyib: “Məsələni həll etmək və Fərid istədiyi zaman ona pul vermək üçün 2025-ci ilin may ayında bankdan 9000 manat kredit götürdüm. İyulda Fərid zəng etdi ki, həyat yoldaşımı işə düzəltmək məsələsi ilə maraqlanıb və 13 min manat pul lazımdı. Ona məbləği bir dəfəyə düzəldə bilməyəcəyimi söylədim.

Fərid təklif etdi ki, 8 min manatı əvvəlcədən verim, iş düzələndən sonra da 5 min manatı çatdıraram. Mən də razılaşdım. Bir həftə sonra bankdan kredit aldığım puldan 8 min manatı ona verdim. Fərid pulu alanda bir daha vəd verdi ki, arvadımı 1-2 ay ərzində qadınlar üçün nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin birində nəzarətçi vəzifəsinə işə düzəldəcək”.  Teleqraf.com yazıb ki, cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Tanınmış vəkil Ceyhun Yusifov, Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələblərinə əsasən cinayət təqibinə xitam verilməsi məsələsini Musavat.com-a şərh edib.

Vəkil bildirib ki, bu maddənin tətbiqi ilə cinayət təqibinə xitam verilməsi müasir cinayət-hüquq siyasətində hümanizm və bərpaedici ədalət prinsiplərinin ən bariz təzahürlərindən biridir. Normanın əsas fəlsəfəsi dövlətin yalnız cəzalandırma və ya qisasçılıq funksiyasından uzaqlaşaraq, vurulmuş ziyanın bərpasını, zərərçəkmişin pozulmuş hüquqlarının təmin olunmasını və tərəflər arasında sosial barışın əldə edilməsini ön plana çəkməsidir. Ceyhun Yusifov maddənin tətbiqi mexanizmini və hüquqi incəliklərini bir neçə əsas istiqamətdə diqqətə çatdırıb:

"Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi üzrə şəxsin cinayət məsuliyyətindən azad edilməsi avtomatik xarakter daşımır və müəyyən edilmiş şərtlərin eyni anda mövcudluğunu tələb edir. Cinayət əməli mütləq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər sırasına daxil olmalıdır. Cinayət nəticəsində dəymişmaddı və ya mənəvi ziyan, yaxud əldə edilmiş qanunsuz gəlir mütləq şəkildə tam həcmdə ödənilməli və ya dövlətə təhvil verilməlidir.  Tərəflər arasında rəsmi barışıq olmalıdır.  Qanunun tələbinə uyğun olaraq, dəymiş ziyanın və ya əldə edilmiş gəlirin müvafiq misli miqdarında dövlət büdcəsinə əlavə maliyyə ödənişi edilməlidir".

Vəkilin sözlərinə görə, təqsirləndirilən şəxs üçün ən mühüm məqam odur ki, bu maddə ilə cinayət təqibinə xitam verildikdə şəxs məhkum olunmuş sayılmır: “Yəni onun tərcümeyi-halında məhkumluq ləkəsi qalmır, azadlıqdan məhrum etmə və ya digər cinayət cəzaları riskindən tam azad olur. Lakin nəzərə almaq lazımdır ki, bu xitam bəraətverici əsas deyil, qeyri-bəraətverici əsasdır. Bu səbəbdən təqsirləndirilən şəxsin bu prosesə yazılı, şüurlu və könüllü razılığı mütləqdir. Zərərçəkmiş şəxs üçün isə bu norma böyük üstünlük yaradır. Ənənəvi məhkəmə çəkişmələrində zərərçəkmiş tərəf illərlə dəymiş ziyanın ödənilməsini gözləməli və mülki icraatın çətinlikləri ilə üzləşməli olduğu halda, bu maddə ziyanı ibtidai istintaq və ya məhkəmə mərhələsində çox qısa müddətdə və tam şəkildə almaq imkanı verir.

Ceyhun Yusifov əlavə edib ki, təcrübədə bu maddənin tətbiqi müstəntiqin, prokurorun və ya məhkəmənin mülahizəsindən də asılıdır. Bütün şərtlər yerinə yetirildikdə belə, hüquq-mühafizə orqanının bu normanı tətbiq etmək hüququ vardır, lakin bu, onun üzərinə mütləq bir öhdəlik qoymur. Məhz bu mərhələdə professional vəkil müdafiəsinin rolu həlledici olur. Vəkil tərəflər arasında barışığın düzgün rəsmiləşdirilməsini, ziyanın ödənildiyini sübut edən qəbzlərin işə əlavə olunmasını və büdcə ödənişinin dəqiq hesablanaraq prosessual baxımdan düzgün təqdim edilməsini təmin edir. Vəkil  vurğulayıb ki, cinayət təqibinə 73-1.2-ci maddə ilə xitam verilmişsə, bu, müdafiə tərəfinin hüquqi imkanlardan düzgün və vaxtında yararlandığını, həmçinin dövlətin cəza siyasətindəki humanizmin real nəticəsini göstərir.

 

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Sentyabr 2026

10 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR