İnsanlara hürriyət, millətlərə istiqlal!

730 gün sonra da sağalmayan Gəncə yarası: şahidlər Şəhidlərdən danışır... - VİDEO

11 oktyabr 2020-ci il. Bu tarix Azərbaycan xalqının yaddaşlarından xüsusən, Gəncədə yaşayan sakinlərin xatirələrindən heç bir zaman silinməyəcək. Gecə saat iki radələri. Düşmən Gəncə şəhərini yenidən balistik raketlərlə hədəf alır. Bunadək ölkənin ikinci böyük şəhəri Vətən müharibəsi dövründə artıq bir neçə dəfə bombalanmışdı. Lakin oktyabrın 11-i Gəncə daha ağır hücumla üz-üzə qalır.

Öldürülən günahsız insanlar, valideyinlərini bir gecədə itirən itirən körpələr. Həmin gün Nilay Əliyevanın heç iki yaşı yox idi. Balaca qızcığazın atası Adil Əliyev partlayış zamanı, anası Günay Əliyeva isə bir gün sonra həyatını itirib. Beləcə düşmən bu körpəni ata-ana qayğısına həsrət qoyub. İndi Nilayın 4-yaşı var. Ana nənəsi və babasının himayəsində yaşayır. Nə baş verdiyini bilmir. Otağı gəlinciklərlə doludur. Artıq baxaçaya gedir, oxumağı və yazmağı öyrənir. Azərbaycan əsgəri şeiri isə Nilayın dilinin əzbərinə çevrilib.

***

Sevil Babazadə də yaşanan dəhşətlərin canlı şahidi olub. Yaxınlarının necə dağıntılar altından çıxarldığını öz gözləri ilə görüb.

Müsahibimiz deyir ki, Nilay hələ də valideyinlərinin gələcəyini gözləyir. Otaqda ata - atasının fotolarına baxır, nənəsi və babasından valideyinlərini soruşur.

***

Ağır yaralar almasna baxmayaraq həyata gülümsəyən, öz təbəssümü ilə düşmənə sanki göz dağı verən Bəxtiyar Heydərli. Sonradan hər kəs onu Milli Qəhrəmanımız Polad Həşimova bənzədəcəkdi. Bəxtiyar da möcüzə nəticəsində erməni terrorundan sağ çıxan uşaqlardandır.


Bəxtiyarı yaralı halda dağıntılar altından ilk olaraq dayısı, sonra əraziyə gələn hərbiçilər xilas edib. Qaranlıq gecədə, qışqırıq səsləri altında yaxınları Bəxtiyarı axtarıb.

***

İnsan nə keçmişini, nə də gələcəyini unutmamalıdır. Bəxtiyar da unutmayacaq, nə yaşadıqlarını, nə bunu ona yaşadanları.

***

Vətən müharibəsi dönəmində erməni terrorunun dərin izlər buraxdığı ailələrdən biri də Xəlilovlardır. Vüsal Xəlilov Gəncənin balistik raketlərlə hədəfə alındığı zaman anası Dürrə Cəfərovanı itirib. Vüsal Xəlilov Vətən müharibəsi dönəmində orduya yollanıb. Torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərə qatılıb. O, TV Musavatın müxbirinə deyib ki, cəbhədə olan zaman Gəncənin bir neçə dəfə bombalanması ilə bağlı məlumatlar alıb. Amma ağlına belə gəlməyib ki, atılan raketlərdən biri onun yaşadığı evin tam yaxınlığına düşəcək və nəticədə anası həyata əbədi gözlərini yumacaq. Vüsal Xəlilov anasının ölüm xəbərini atasından eşidib.

Artıq iki ildir ki, Xəlilovlar ailəsi bu acı ilə yaşamaqdadır. Vüsal isə tez-tez dağıntılar altında qalan köhnə evlərinə gəlir. Xatirələr onu keçmişə aparır. Erməni terroru sonrası doğmalarını itirən bu insanların indi ən böyük təsəllisi Vətən müharibəmizdə əldə etdiyimiz qələbə, torpaqlarımızın işğaldan azad ediləməsidir. Rəsmi statistikaya görə, 11 oktyabr 2020-ci tarixində atılan ballistik raketlərin Gəncədə partlaması nəticəsində 10 nəfər həlak olub, 40- a yaxın sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 7 ədəd çox mənzilli yaşayış binası tamamilə dağılıb. Bir neçə gün sonra ,yəni 2020 ci ilin 17 oktyabrında Gəncə daha bir dəfə bombalanacaq. Daha 15 - dinc sakin: uşaq, qoca, qadın həyatını itirəcəkdi.

Allah Vətən uğrunda, xain düşmənlə müharibədə həyatını itirən bütün soydaşlsrımıza rəhmət etsin!

İlham Məmmədov,
Nazir Quliyev
Xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR