İnsanlara hürriyət, millətlərə istiqlal!

3909 müəllim yeri necə doldurulacaq?

Elşən Qafarov: “Qanunla sertifikasiyadan kəsilən müəllimlərin hamısının əmək müqaviləsinə xitam verilə bilməz, çünki... ”

Ölkədə təkrar sertifikatlaşdırmada iştirak edən müəllimlərdən 3 909-u müvafiq keçid balını toplaya bilməyib. “”Builki sertifikasiya imtahanlarında 64 min 500 müəllim iştirak edib".  “Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil” adlı tədbirdə çıxışı zamanı deyib.

Nazir bildirib ki, onlardan 31 852-si ibtidai sinif, 9 892-si Azərbaycan dili və ədəbiyyat, 8 807-si riyaziyyat, 13 957-si isə xarici dil müəllimi olub.

E.Əmrullayev qeyd edib ki, sertifikasiya imtahanlarında 20 faiz (6 238) müəllim yüksək nəticə göstərib: “10 faiz müəllim isə qənaətbəxş nəticə göstərib. Ümumilikdə isə 27 min 379 müəllim uğur qazanıb”.

O vurğulayıb ki, hər iki cəhddə keçid balını toplaya bilməyənlər cəmi 4 030 nəfərdir ki, bu da ibtidai sinif müəllimlərinin 13 faizini təşkil edir: “443 müəllim isə hələ prosesdə iştirak etməyib”.

“Astara rayonunda hər üç müəllimdən biri ilə sağollaşmaq məcburiyyətində olacağıq. Çünki həmin rayon üzrə zəif nəticə çoxdur”, - nazir əlavə edib.

Bəs təkrar sertifikatlaşdırmadan kəsilən müəllimlər növbəti il sertifikasiyada iştirak edərək işə qayıtmaq imkanları olacaqmı? 

Təhsil haqqında qanunda dəyişikliklər (Elşən Qafarov) - ARB24 (Gündəm)

Elşən Qafarov

Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov “Yeni Müsavat”a danışıb: “Öncə onu qeyd edim ki, bu günə qədər sertifikasiyadan kəsilən müəllimlərin sayı 5 mindən çoxdur. Belə ki, ötən il 745 nəfər, bu il  isə ümumilikdə 4300 nəfər sertifikasiyadan kəsilib. Beləliklə, say 5 mini ötüb. Həmin müəllimlərin əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndi ilə həyata keçirilir. Həmin bənddə deyilir ki, tutduğu vəzifəyə uyğun gəlməməsi ilə bağlı müvafiq orqanın qərarı ilə əmək müqaviləsinə xitam verilir. 

Amma proses kobud şəkildə qanunvericiliyin pozulması ilə müşahidə olunur. Belə ki, məktəb direktorlarına tapşırılıb ki, müəllimlərin ərizələrini alsınlar. Müəllimlərə deyilir ki, sizin əmək müqavilənizə Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndi ilə xitam verilsə, siz bir daha heç bir yerdə, heç vaxt müəllim işləyə bilməyəcəksiz, ondansa gəlin ərizə yazın, işdən öz ərizənizlə gedin. Məqsəd sertifikasiyadan kəsilənlərin sayını aşağı endirməkdir. Bu isə çox gülüncdür və qanunvericiliyin çox kobud şəkildə pozulması deməkdir".

Ekspert qeyd edib ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndi ilə əmək müqaviləsinə xitam verilməsi müəllimin əmək hüququnu əlindən almır: “Ümumiyyətlə, hər hansı peşə üzrə işləmək hüququ yalnız məhkəmənin qərarı ilə alına bilər. Hətta Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə - hansı ki, bunu c bəndi ilə səhv salaraq müəllimləri aldadırlar, bu bəndlə əmək müqaviləsinə xitam verildikdə belə, qanunvericiliyə əsasən yalnız 1 il həmin sahədə çalışa bilməz. Amma qeyd etdiyim kimi, bu ç bəndidir, c bəndi deyil. 

Yaranmış vəziyyətdən yararlanan bəzi məktəb direktorları müəllimlərdən pul tələb edir və deyirlər ki, gəlin ərizə yazın, əmək kitabçanız korlanmasın, gələcəkdə hər hansı işdə işləyə biləsiniz. Bu, çox təəssüfedici haldır. Qanunvericiliyə əsasən Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası qərar qəbul edir, həmin siyahını hazırlayır, siyahı Məktəbəqədər və Ümumi Təhsil Agentliyinə təqdim olunur, agentlik isə müvafiq əmr verərək, həmin müəllimlərlə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı təhsili idarəetmə orqanlarına məktub göndərir. Həmin  məktuba əsasən də yeni tədris ilinin başlanmasına qədər məktəb direktorları Əmək Məcəlləsinin 70-ci Maddəsinin  c bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verəcək".

O ki qaldı sertifikasiyadan kəsilən müəllimlərin gələcək taleyinə, Elşən Qafarov qeyd edib ki, həmin müəllimlərin heç də hamısı ilə əmək müqaviləsinə xitam vermək olmaz: “Belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən əmək müqaviləsinin işəgötürən tərəfindən xitam verilməsini məhdudlaşdıran hallar var. Hamilə qadınlar, 3 yaşına qədər övladı olan qadınlar və yaxud 3 yaşına qədər övladını təkbaşına böyüdən valideynlər, məktəb yaşına qədər, yəni 6 yaşı tamam olana qədər övladını təkbaşına böyüdən və yeganə qazanc yeri həmin müəssisə olan şəxslər, ailəsində 1-ci qrup əlil olan şəxslər və yaxud 18 yaşına qədər əlilliyi müəyyən edilmiş övladı olan valideynlərlə əmək müqaviləsinə xitam verilməsi qadağandır. 

Sertifikasiyadan keçə bilməyən müəllimlərə demək istəyirəm ki, əgər doğrudan da müəllim işləmək istəyirlərsə, hazırlaşıb, növbəti müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edib, uğur qazanıb, vakant yerlər üzrə müəllim işləyə bilərlər".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR