Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda 2027-ci ilin dövlət büdcəsinin əsas göstəriciləri açıqlanıb. Gələn il dövlət büdcəsinin gəlirlərinin 39 milyard 234 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı proqnozlaşdırılır. Beləliklə, gəlir və xərclər arasında 3 milyard 166 milyon manatlıq fərq yaranacaq.
2027-ci il büdcəsində hansı dəyişikliklər diqqət çəkir?
İqtisadçı Eyyub Kərimliyə görə, kəsirin ÜDM-də xüsusi çəkisi 2,2 faiz təşkil edəcək: “2026-cı ilin təsdiqlənmiş göstəriciləri ilə müqayisədə gəlirlərin 1,6 faiz, xərclərin isə 1,7 faiz artması nəzərdə tutulur”.
Eyyub Kərimlinin fikrincə, burada daha mühüm məsələ büdcə gəlirlərinin strukturudur. 2027-ci ildə gəlirlərin 23 milyard 754 milyon manatı və ya 60,5 faizi qeyri-neft-qaz sektorunun, 15 milyard 480 milyon manatı və ya 39,5 faizi isə neft-qaz sektorunun payına düşəcək. İqtisadçı bunu dövlət maliyyəsinin qeyri-neft mənbələrinə söykənməsinin gücləndirilməsi baxımından mühüm göstərici kimi qiymətləndirir.
Eyyub Kərimli hesab edir ki, büdcə hesablamalarında neftin bir barelinin 65 dollar götürülməsi fiskal baxımdan ehtiyatlı yanaşmanın davamıdır: “2027-ci ilin xərc siyasətində iqtisadi artımın dəstəklənməsi, sahibkarlıq və yerli istehsalın inkişafı, müdafiə qabiliyyətinin gücləndirilməsi, azad edilmiş ərazilərin bərpası və məskunlaşdırılması, sosial müdafiə, rəqəmsallaşma və süni intellekt, eləcə də yaşıl enerji əsas prioritetlər sırasında qalır”.
İqtisadçı Eldəniz Əmirov isə 2027-ci ilin büdcəsində ayrı-ayrı xərc istiqamətləri üzrə dəyişikliklərə diqqət çəkib. Onun sözlərinə görə, 2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38,6 milyard manat olduğu halda, 2027-ci ildə bu rəqəmin 39,2 milyard manata çatması gözlənilir:
“Artım 625 milyon manat və ya 1,6 faiz təşkil edəcək. Xərclər isə 41,7 milyard manatdan 42,4 milyard manata yüksələcək. Burada artım 696,4 milyon manat və ya 1,7 faizdir. Nəticədə büdcə kəsiri 3,095 milyard manatdan 3,166 milyard manata yüksələcək. Kəsirdə artım 71,4 milyon manat və ya 2,3 faiz təşkil edir. 2027-ci ildə büdcə xərclərində ən böyük artım iqtisadi fəaliyyət istiqamətində gözlənilir. Bu sahəyə ayrılan vəsaitin 7,86 milyard manatdan 8,89 milyard manata yüksələcəyi proqnozlaşdırılır. Artım 1,03 milyard manat və ya 13,2 faizdir”.
İqtisadçı qeyd edir ki, iqtisadi fəaliyyət istiqaməti həmçinin 2027-ci ildə büdcədən ən çox vəsait ayrılan sahə olacaq: “Müdafiə və milli təhlükəsizlik xərclərinin isə təxminən 8,72 milyard manatdan 8,82 milyard manata yüksəlməsi gözlənilir. Artım 99 milyon manat və ya 1,1 faiz təşkil edəcək. Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri 3,34 milyard manatdan 3,43 milyard manata yüksələcək. Bu istiqamətdə artım təxminən 97 milyon manat və ya 2,9 faiz olacaq. Təhsil xərclərinin 5,02 milyard manatdan 5,10 milyard manata, səhiyyə xərclərinin isə 2,02 milyard manatdan 2,08 milyard manata çatdırılması nəzərdə tutulur. Təhsil xərclərində artım təxminən 82 milyon manat və ya 1,6 faiz, səhiyyə xərclərində isə 58 milyon manat və ya 2,9 faiz olacaq. 2027-ci ildə icmal büdcə üzrə səhiyyəyə ümumilikdə 3,96 milyard manat ayrılması nəzərdə tutulur. Sosial müdafiə və sosial təminat xərcləri də artacaq. Bu istiqamətdə vəsait 4,87 milyard manatdan 4,92 milyard manata yüksələcək. Artım təxminən 43 milyon manat və ya 0,9 faiz təşkil edir. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasəti üzrə xərclər 632 milyon manatdan 645 milyon manata yüksələcək. Ətraf mühitin mühafizəsi xərcləri isə 415,8 milyon manatdan 438,7 milyon manata çatdırılacaq. Kənd təsərrüfatına ayrılan vəsaitdə də nəzərəçarpacaq artım gözlənilir. 2026-cı ildə bu sahəyə 1,23 milyard manat ayrıldığı halda, 2027-ci ildə məbləğin 1,38 milyard manata yüksəlməsi nəzərdə tutulur. Bu, təxminən 153 milyon manat və ya 12,5 faiz artım deməkdir. Mənzil və kommunal təsərrüfatı xərclərində isə ciddi dəyişiklik gözlənilmir. 2026-cı ildə nəzərdə tutulan 334,5 milyon manatın 2027-ci ildə 335 milyon manat olması proqnozlaşdırılır”.
Eldəniz Əmirov bəzi istiqamətlərdə xərclərin azalacağını da qeyd edir: “Ümumi dövlət xidmətləri üzrə vəsait 5,52 milyard manatdan 5,51 milyard manata enəcək. Daha böyük azalma isə əsas bölmələrə aid edilməyən xərclərdə nəzərdə tutulur. Bu istiqamətdə vəsait 1,75 milyard manatdan 857,6 milyon manata düşəcək ki, bu da təxminən 895 milyon manat və ya 51 faiz azalma deməkdir.
Büdcə gəlirlərinin strukturunda da dəyişiklik gözlənilir. 2026-cı ildə dövlət büdcəsi gəlirlərinin 42,6 faizi neft-qaz, 57,4 faizi isə qeyri-neft-qaz sektorunun payına düşür. 2027-ci ildə isə neft-qaz sektorunun payının 39,5 faizə enməsi, qeyri-neft-qaz sektorunun payının 60,5 faizə yüksəlməsi proqnozlaşdırılır. Bu dəyişiklikdə vergi daxilolmalarının artımı da mühüm rol oynayır. Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 16,91 milyard manatdan 18,43 milyard manata yüksəlməsi gözlənilir. Artım 1,52 milyard manat və ya 9 faiz təşkil edəcək. Bu məbləğin 14,85 milyard manatının qeyri-neft-qaz, 3,58 milyard manatının isə neft-qaz sektorunun hesabına formalaşacağı proqnozlaşdırılır. Dövlət Gömrük Komitəsi üzrə daxilolmalarda isə ciddi artım nəzərdə tutulmur. 2026-cı ildə 6,862 milyard manat olan göstəricinin 2027-ci ildə 6,865 milyard manat təşkil edəcəyi gözlənilir. Fərq cəmi 3 milyon manatdır. 2027-ci ildə büdcəyə Dövlət Neft Fondundan 11,9 milyard manat transfert edilməsi, dövlət payı olan müəssisələrdən 855 milyon manat dividend, büdcə təşkilatlarının büdcədənkənar fəaliyyətindən 599 milyon manat, digər mənbələrdən isə 585 milyon manat gəlir daxil olması nəzərdə tutulur. Xərclərin strukturuna gəldikdə isə, 42,4 milyard manatlıq büdcə xərclərinin 26,4 milyard manatı cari xərclərə, 13,8 milyard manatı əsaslı xərclərə, 2,2 milyard manatı isə dövlət borcuna və öhdəliklərə xidmətə yönəldiləcək. Bu xərclərin büdcədə xüsusi çəkisi müvafiq olaraq 62,3 faiz, 32,5 faiz və 5,2 faiz təşkil edəcək”.
Afaq Mirayiq,
Musavat.com
18 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ