İnsanlara hürriyət, millətlərə istiqlal!

15 İyun - Tarixi zəfərlərin başlanğıc günü

 

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”  - Ulu Öndər Heydər Əliyev.

Hər ilin 15 iyun günü  Azərbaycanda 1993-cü ilin 6-cı ayında baş verənlər bir daha yada salınır, təftiş edilir. Əslində, bunlar elə hadisələrdir ki, sonrakı illərdə də Azərbaycanın taleyinə, inkişafına birbaşa təsir edib. Ona görə də unudulması heç də asan deyil və 31 ildir nə qədər haqqında yazılsa da, danışılsa da deyiləcək sözlər bitməyib.

15 iyun Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd edilir. Əgər bu tarix olmasaydı, bəlkə də bugünki Azərbaycan da olmazdı. Çünki qarışıq vəziyyətdən istifadə etmək eşqinə düşən Azərbaycana dost olmayan dövlətlər tətikdə idilər. Onlar ölkəyə müdaxilə edib, müstəqilliyimizə son qoymaq istəyirdilər... 

1623733587415925923_1200x630.jpg (90 KB)

Öncə yaxın tarixə nəzər salaq. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra ölkədə problemlərin yaşanması başlandı. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib. İstefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırdı və Azərbaycan xalqının faciələri o gündən başladı.

Əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər.

Müstəqilliyin ilk illərində ölkədə siyasi səriştəsizlik müşahidə olundu və problemlər bir-birinin ardınca yaşandı, xalq çətin vəziyyətə düşdü, dövlət hətta müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı.

Həmin dövrü Heydər Əliyev bu cür təsvir etmişdi:

“Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

13 iyun 1993-cü ildə Milli Məclisdə Gəncə hadisələri ilə bağlı gərgin müzakirələr başlayıb. Gəncədəki hərbi qiyamı yatırtmaq üçün həyata keçirilən uğursuz əməliyyata görə məsuliyyət daşıyan AXC iqtidarının ikinci şəxsi, parlamentin sədri İsa Qəmbər istefa verib. Onun istefasını Surət Hüseynovun başçılıq etdiyi qiyamçılar dəstəsi və onlara dəstək verən bir sıra deputatlar tələb edirdi. Prezident Elçibəy və digər hakimiyyət mənsubları parlament sədri postunu Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə təklif etsələr də, o, mövcud vəziyyəti bilavasitə öyrənmək üçün Gəncəyə gedəcəyini və yalnız bundan sonra təklifə cavab verəcəyini bildirib. Heydər Əliyev bir qrup jurnalistin müşayiəti ilə həmin gün Gəncəyə yola düşüb. Gəncədə vəziyyətlə yaxından tanış olan Heydər Əliyev nəticələr barədə Milli Məclisdə ətraflı məlumat verib.

Screenshot_1.png (700 KB)

15 iyun 1993-cü ildə Milli Məclisin iclasında təşkilati məsələyə baxılıb. İclasda iştirak edən Prezident Əbülfəz Elçibəyin təklifi ilə deputat, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Azərbaycan parlamentinin sədri seçilib. Heydər Əliyevin dövlətin rəsmi ikinci postuna seçilməsi ona ölkəni xilas etmək üçün rəsmi status da vermiş olur.

17 iyun 1993-cü ildə isə Prezident Əbülfəz Elçibəy respublika rəhbərliyindən heç kimi xəbərdar etmədən gecə ikən bir qrup AXC fəalı ilə Bakını tərk edərək doğulduğu Naxçıvanın Ordubad rayonunun Kələki kəndinə gedib. Bu hərəkət ölkədə hakimiyyət böhranını daha da ağırlaşdırıb. İyunun 18-də televiziya ilə ölkə əhalisinə müraciət edən Ali Sovetin sədri Heydər Əliyev respublikaya rəhbərliyi öz üzərinə götürməyə məcbur olub.

58432277-6865-40A4-9E8A-CFD9FF0D.jpg (97 KB)

24 iyun 1993-cü ildə Milli Məclisdə ölkədəki ağır siyasi böhran geniş müzakirə olunub. Prezident Ə.Elçibəylə danışıqlar aparmaq üçün Kələkiyə getmiş bir qrup ziyalının nəticəsiz geri dönməsindən sonra parlament prezident səlahiyyətlərinin Ali Sovet sədrinə verilməsi barədə qərar qəbul edib. Parlamentin qərarı ilə Ali Sovetin sədri Heydər Əliyev prezident səlahiyyətlərini icra etməyə başlayıb.

Tarix və hadisələrin gedişatı da göstərdi ki, Heydər Əliyev 15 iyunda Milli Məclisin sədri seçilməsəydi-ölkə rəhbərliyinə gəlməsəydi Azərbaycanın üzləşdiyi uçurumdan geri dönüşü mümkün olmayacaqdı.

 “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” – deyən Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu. Böyük risklərə baxmayaraq, Ulu Öndər dövlətin və dövlətçiliyin qorunması məsuliyyətini öz üzərinə götürdü.

Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir.

 Tarixi Qələbəyə aparan yol

Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. “Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan!” - Prezident İlham Əliyev 8 noyabr 2020-ci ildə demişdi.

VITfhtLlYZ7HOHMbIn-FmM1WZl5bX87U.jpg (976 KB)

Bu gün  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR