Onlayn ictimai-siyasi qəzet
Qabaqlar 3-5 nəfər tələbə qəbulunda ən yüksək balı toplayanda toy-bayrama çevrilirdi, qəzetlər yazırdı, televiziyalar intervü götürürdü, yalan olmasın, rektor universitetin qabağında xınalı qoçu yıxıb kəsirdi. İndi isə, xüsusilə son 2 ildə ən yüksək bal toplayanların sayında ciddi artış vardır. Məsələn, 2024-cü ildə 55 nəfər, bu il isə 43 nəfər 300 bal toplayıbdır, hələ türkün sözü, dalı gəlir.
Deməli təhsil sahəsində aparılan islahatlarımız uğurlu nəticələr verməkdədir. Məktəb direktorları şərəf lövhəsindən bələdiyyə üzvlüyünə namizədləri silib əlaçı şagirdləri yapışdırmağa kley çatdırmır. Gəncədə uşaqlar müəllimin sualına cavab vermək üstündə bıçaqlaşmışdılar. Bakı kəndlərindən birində iki rəfiqə, yaxud, təmiz ana dilimizdə yazsam, padruqa mobil telefonsuz qalıb onlayn dərslərə qatıla bilmədikləri üçün repetitora qoşulub evdən qaçmışdılar. Hələ gör zalım ata bunlara telefon versə tədrisin keyfiyyəti nə qədər yüksələrdi. Ola bilsin Sinqapura çatıb, Finlandiyanı keçərdik. Ya da İsveçi ötüb, Danimarkanın böyründən fırlanardıq. Yaponiyaya bir karate qoyardıq, dombalaq aşıb Sakit okeana düşərdilər. Amerikanı ümumiyyətlə qatlayıb cibimizə qoymuşuq.
Uzun sözün qısası, təhsil inkişaf edir. Yaxşı yadıma düşdü, bir ara sayın təhsil nazirimiz böylə ərz etmişdi ki, ailəvi, yəni külfət şəklində şam yeməyi yeyən ailələrdə fənnləri öyrənmək qabiliyyəti yüksək olur. Ata-ana ayrı, uşaqlar ayrı yeyəndə, yaxud uşaq repetitorla, valideyn də rayon təhsil şöbəsinin müdiri ilə nahara oturanda isə tədrisin keyfiyyəti aşağı düşür. Bu barədə Şellak Araşdırmalar Mərkəzi araşdırma aparıbmış. Ya da Gellap. Açığı, dəqiq yadımda qalmayıb, oxuculardan üzr istəyirəm. O vaxt hansısa zalım xəbərin altından şərh yazmışdı ki, indi ana-atalar uşağın yeməyini gözləyir, onun qabından qalan artıqla birtəhər başlarını girləyirlər, eyni vaxtda süfrəyə nə cür otursunlar.
Açığı, o şərh mənim elə cızdağımı çıxarmışdı, hələ də yanıram. İki ildən çox keçib, bəlkə. Amma mən hələ yanıram.
Bizim üçün, əlbəttə, çox fərqi yoxdur. Şellak-Gellap məsələsini deyirəm. Əsas elmdir. Təhsildir. Əflatun deyib ki, (Platonu nəzərdə tuturam, keçmiş Mətbuat Şurası sədrimizi yox) valideynim məni göydən yerə endirdi, müəllim isə təzədən göyə qaldırdı. Dərin söhbətdir. Bu haqda, yeri gəlmişkən, səhih hədislərdə də yazılıbdır. Deyir, bir gün adam ölür, o biri dünyada Tanrı ilə qarşılaşır. Tanrı deyir ki, səni dünyada hansı sual maraqlandırıbsa, indi soruşa bilərsən. Adam dünyanın necə yaradıldığını soruşur, Tanrı deyir: “Əvvəl Böyük Partlayış elədim, sonra ulduzlar və planetləri yaratdım, sizin planetdə həyat qurdum, bakteriyalar, heyvanlar, təkamül və sairə. Bir də sən bunu niyə soruşursan, bəyəm məktəbdə oxumamısan?” Adam deyir: “Oxumuşam, ancaq bəs müqəddəs kitablardakı 6 gün, mələklər və sairə mifologiya nə üçündür?”. Tanrı deyir: “Rəhmətliyin oğlu, mən bu dinləri camaata göndərəndə 2-3 min il qabaq idi. Hələ qoyun otarmağı təzə öyrənirdiniz, kim kimi tutsa, başını kəsirdi. İndi sən istəyirsən ki, mən o camaata peyğəmbərlərim vasitəsiylə DNT və qara dəliklər haqda xəbər, bilgi yollayaydım?”
Bəli. Mövzu budur. Yoxsa uşağı mollalığa göndərmək istəyirsən, böyürdən hansısa Mirzə Şəfi çıxır, deyir sən də mi riyakar olmaq istəyirsən.
İstəyir, istəyir da bə. Sənə nə dəxli? Riyakarlıq yaxşı şeydir. Bir üzün olanda silməyə vaxt gedir, ikiüzlü olanda isə bir üzünə tüpürdülər, o birini çevir.
Əsl dini ehkam kimi alındı, vallah. Bizim təhsil sektorunda riyakarlığın ən gözəl örnəklərindən birini də 4-5 gün qabaq yaşadıq. Regional təhsil idarələrinə (qəşəng adları da var: Dağlıq Şirvan, Mil-Muğan, Mərkəzi Aran, Qazax-Tovuz, Şirvan-Salyan; bir dənə Turan və Göytürklər çatışmır) yeni müdirlər qoyulmuşdu. Maraqlıdır ki, bu 5 müdirin 5-i də erkək cinsindən idi. Məktəb müəllimlərinin 80 faizdən çoxu zənəndir, ancaq müdirlər mütləq erkək olmalıdır.
Şair demişkən, Hər kimin aləmdə miqdarıncadır təbində meyl, Mən ləbi-cananimi, Xızr abi-heyvanın sevər.
İndi söz əlaqədar təşkilatlarındır.
04 Iyun 2026
03 Iyun 2026
02 Iyun 2026
01 Iyun 2026
31 May 2026
29 May 2026
28 May 2026
27 May 2026
25 May 2026
24 May 2026
22 May 2026
21 May 2026
20 May 2026
19 May 2026
18 May 2026
17 May 2026
15 May 2026
14 May 2026
13 May 2026
12 May 2026
11 May 2026
10 May 2026
08 May 2026
07 May 2026
06 May 2026
05 May 2026
04 May 2026
03 May 2026
01 May 2026
ŞƏRHLƏRŞƏRH YAZ