İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin 44 günlük müharibə “taktikası” – biz üç rayonu, o Donbası...

Zelenski Rusiyanın boşaldılmasını istədiyi əraziləri almaq üçün 4 il vaxt lazım olduğunu dedi; “Moskva ərazi güzəştlərinə razıdır” iddiasının sirri də açıldı, sən demə...

Yaxşı xəbər budur ki, bir neçə gün əvvəl Donbasın hələ də işğala qarşı müqavimət göstərən, Putinin isə boşaldılmasını tələb etdiyi 9 şəhərinin adını yazmış, əvvəldən Ukraynanın ərazilərdə ciddi müdafiə istehkamları qurduğu üçün müharibə davam edəcəyi təqdirdə Rusiyanın daha bir neçə ay yubultmağın mümkünlüyünü qeyd etmişdim.

Ukrayna Prezidenti Zelenski isə bildirib ki, Donbası tam ələ keçirmək üçün Rusiyaya təxminən... 4 il lazım olacaq! “Demək olar ki, dörd il davam edən genişmiqyaslı müharibədə Rusiya Donetsk bölgəsinin üçdə birini işğal edib. İlin sonuna qədər Donbası işğal etmələri ilə bağlı söhbətlər gedir, amma bunun üçün onlara daha dörd il lazımdır”. 

SDD.jpg (52 KB)

Zelenski doğrusunu bilir və bu, gerçəkdirsə, Rusiyanın Ukrayna bataqlığında daha 4 il qalması bu ölkənin gələcəyini sual altına qoyur.

Putin 44 günlük müharibədə danışıqlarda fəal iştirakçı idi və 2020-ci il 10 noyabr razılaşmasında Ermənistanın Ağdam, Laçın və Kəlbəcəri müqavimətsiz təhvil verilməsinə imzası ilə şahidlik edib. Azərbaycan Ali Baş Komandanı İlham Əliyev müharibənin sonlarına yaxın bu tələbləri səsləndirməyə başlamışdı, Ermənistan ordusunun beli birdəfəlik qırıldıqdan (Şuşa zəfəri) sonra bu üç rayonu əsgər itkisi verməmək üçün gərəksiz hesab etdi. Həm də ermənilərin də neçə yüz əsgərinin həyatını xilas etmək şansı verdi, Ermənistan da ordusunun tör-töküntüsünü və qanunsuz məskunlaşanları götürərək o üç rayonu boşaltdı.

Rusiya tarixən çox müharibələr görüb və belə torpaq boşaltmaq tələblərini ilk dəfə deyil irəli sürür. Putin və onun generaliteti məhz Donbasdakı hərbi istehkamları keçməyin necə çətin olduğunu və itkilərinin daha da artacağını bildikləri üçün indi Ukrayna ordusunun o ərazilərdən çəkilməsini əsas tələblərinə çeviriblər. 

don.jpg (61 KB)

Zelenski hamının maraq etdiyi “Rusiya ərazi güzəştlərinə razıdır” iddiasının sirrini də açıb. Sən demə, Rusiya inzibati cəhətdən Nikolaev vilayətinə aid, lakin ərazi baxımından rus qoşunlarının nəzarətində olan Xerson vilayətinin sol sahilində yerləşən uzunluğu təqribən 10 kilometr və eni 1 kilometr olan... ərazini qaytarmağı düşünür. Ukraynaya öz ərazisini alver predmeti kimi təklif etmək başqa həngamədir, amma Amerikanın vasitəçiliyi ilə Kiyevə belə bir ərazini həm də güzəşt adı ilə təklif etmək təhqirdir, həqarətdir. Amerikalılar postsovet ölkələrində ərazi münaqişələrinin tarixini indi-indi öyrənirlər, amma necə ola bilir ki, Rusiya Amerikanın vasitəçiliyi ilə bu cür gülünc güzəşt təklif edir? Həm də sülh müqaviləsi qarşılığında. Üstəlik, Ukrayna üçün heç bir strateji və hərbi əhəmiyyəti qalmayacaq “Kinburnskaya kosa”nı güzəşt kimi təklif etmək Trampın sülhyaratma cəhdlərinə lağa qoymaq, ciddiyə almamaq deməkdir. 

Кінбурнська_коса_восени.jpg (9.62 MB)

Rusiyanın güzəştə getdiyi ərazi

Rusiyanın ABŞ prezidentinin sülhyaratmaq cəhdlərinə sözdə dəstək verib, əslində isə sabotaj etməsinə məntiqli izah tapmaq çətindir. Putin yaxşı bilməlidir ki, indi Qərb dünyasında onun düşdüyü qaranlıqdan xilas edə biləcək yeganə qüvvə ABŞ hökuməti, daha doğrusu, Prezident Trampdır. Trampın arzusunda olduğu Sülh Nobelini boş verin, bu bir istək, keçici həvəs ola bilər. Ortada dünyanın əziyyət çəkdiyi, günahsız insanların öldüyü və 2022-ci ilin fevralından davam edən müharibə var. Zelenskinin “Rusiyaya daha 4 il lazımdır” sözlərini yazının girişində “yaxşı xəbər” kateqoriyasına aid etmək müharibə həvəsi, iki qardaş xalqın qırğının azarkeşlik istəyi deyil. Rusiyanın bu bataqlıqda qalması yeni itkilər, yenə günahsız insanların ölməsinə səbəbdir. Amma indi dünyada Rusiya hakimiyyətinə qarşı elə bir pis münasibət var ki, insanları hisslərinə görə qınamaq da olmur. 

Screenshot_2.png (572 KB)

Rusiya Ukrayna palçığını, günahsız insanların qanını üzünə-gözünə bulaşdırmaqla qalmır, bütün aqressiyasını həm də ətrafa saçır. Ona görə dünyada bir çox dövlətlər, xüsusilə Rusiyaya qonşu Avropa ölkələrinin əhalisi tədirgindir. Həm də o düşüncə var ki, Rusiya Ukrayna bataqlığından çıxarsa, nəfəsini dərmədən, ölkənin hərbi-sənaye kompleksini dinc dövrə transformasiya etmək zəhmətini çəkməyə bilər, yeni işğal, hədə planları qura bilər.

Bir il əvvələdək mən də inanırdım ki, Rusiya Ukrayna müharibəsindən qurtularsa, bir neçə onillik ancaq imicini düzəltmək, ətraf ölkələrlə, dünya birliyi ilə münasibətlərini xilas etmək siyasəti yeridər. Normal məntiqlə işğalçı müharibədən çıxan ölkə belə siyasət yürütməlidir. Almaniya Hitlerin işğalçı siyasətinin altını 80 ildir çəkir, hələ də hansısa dövlətlərə kompensasiya verir. Rusiya isə təəssüf ki, indidən tam yanlış, tam əks siyasət peşindədir. 

Screenshot_1.png (245 KB)

Daha bir yaxşı xəbəri də bu saatlarda Tramp yazıb. ABŞ Prezidenti sələfi Co Baydenin Ukraynaya Rusiya ərazisinə hücumunu qadağan etməklə onu məhv etdiyini bəyan edib. “Truth Social” sosial şəbəkəsindəki yazısında o, düşmən ərazisinə hücum etmədən müharibədə qalib gəlməyin “çox çətin, hətta qeyri-mümkün” olduğunu yazıb. Bu mesajı Zelenski ilə masaya oturmaqdan ən müxtəlif bəhanələrlə imtina edən Rusiyaya xəbərdarlıq kimi izah edilir. Bir müddət əvvəl Trampın Zelenskiyə “niyə Moskvanı vurmursuz” soruşduğu haqda xəbər vardı. Tramp o mesajını intriqalı bir cümlə ilə yekunlaşdırıb: “Qarşıda maraqlı vaxtlar var!!!”

 

Nazim SABİROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

24 May 2026

30 Aprel 2026

29 Aprel 2026

26 Aprel 2026

23 Aprel 2026

18 Aprel 2026

13 Aprel 2026

09 Aprel 2026

08 Aprel 2026

03 Aprel 2026

01 Aprel 2026

22 Mart 2026

18 Mart 2026

13 Mart 2026

09 Mart 2026

06 Mart 2026

05 Mart 2026

04 Mart 2026

01 Mart 2026

25 Fevral 2026

23 Fevral 2026

20 Fevral 2026

18 Fevral 2026

13 Fevral 2026

06 Fevral 2026

05 Fevral 2026

04 Fevral 2026

01 Fevral 2026

28 Yanvar 2026

24 Yanvar 2026