Onlayn ictimai-siyasi qəzet
Gedənin arxasınca Azərbaycanda da çox danışırlar. Abdullah Zubir də onlardan biridir. Zubirin gedişinin bir az da yarıgizli olması “Qarabağ” azarkeşləri üçün müəyyən qədər gözlənilməz oldu. Görünür, tərəflər də bunu bilərəkdən digər oyunçuların gedişi ilə eyni vaxtda elan etməyiblər. Çünki ön xətdə Andrade və Durandan sonra Zubirin də gedişi əsəbi zəif olan azarkeşə daha da pis təsir edərdi. Ona görə kluba bu duyğusallığına görə təşəkkür də düşür. Beləliklə, gerçək bu ki, “Tvente” ilə vacib oyunlar ərəfəsində Zubir də getdi. O, karyerasını Qətərin “Əl-Şahaniya” klubunda davam etdirəcək. “Qocalar liqası” deyirəm mən ərəb futboluna. Niyə gedirlər oralara, səbəb bəllidir. O səbəbdən yas tutmağa, qaralar bağlamağa gərək yoxdur. Belə futbolçu ayrılıqlarına öyrəşməliyik.

Düzü, hələ Qətər klubuna getməsi barədə xəbər çıxmazdan əvvəl yazmışdım ki, yaş öz işini görüb, Zubirə də əvəzedici tapılmalıdır. Mən onu “Qarabağ”da heç vaxt böyük meydanın oyunçusu kimi bəyənmədim. Zubirin əsas üstünlüyü texnikası idi. Rəqibini yaxşı aldadır, cərimə meydançasına girə bilirdi. Amma mini-futbol keçmişi onu əsl futbolçu kimi yarımçıq edirdi.
Cərimə meydançasına yaxşı girirdi, amma fiziki göstəriciləri qol vurmaq üçün məhdud idi, ayağında elə zərbə gücü yox idi ki, hətta yaxın məsafədən təhlükəli zərbələr vursun. Amma kim o faktı da dana bilər ki, “Qarabağ” üçün vacib qollar vurmayıb? Statistika da onun zəhmətkeş olduğunu deyir. Zubir “Qarabağ”ın heyətində 368 oyuna çıxıb və 78 qol vurub. O, klub tarixində ən çox matç keçirən futbolçular arasında 7-ci, ən çox qol vuranlar sırasında isə 2-ci yerdədir. Yeri gəlmişkən, Peşəkar Futbol Liqası nə işdirsə, Zubirlə bağlı xüsusi paylaşım da edib. Zubir özü “Qarabağ”dan vida oyunu keçirmədən getmək istədiyi deyilir. Heç sırası deyildi, nə vida oyunu?
İndi baxıram, Zubir haqqında hətta “əfsanə” yazırlar, onu “Qarabağ” tarixinin ən yaxşı legioneri adlandırırlar. Olsun. Bizdə çox vaxt insanların qədrini gedəndən sonra bilirlər. Səkkiz il bu klubun formasını geyinib, çox oyunlarda komandaya fayda verib. Ona xoş sözlər deməkdə heç bir qəbahət yoxdur. Amma “əfsanə” deyildi axı...
“Qarabağ”da Zubirdən daha yaxşı legionerlər də olub. Əgər əfsanə axtarırıqsa, klubun əsl əfsanəsi kapitan Bədavi Hüseynovdur. Çünki əfsanə olmaq yalnız yaxşı driblinq etmək, qol vurmaq və uzun illər komandada oynamaq deyil. Əsl peşəkarlıq, komandanın çətin günündə məsuliyyəti üzərinə götürmək və klubun sənə ehtiyacı olan anda meydanda olmaqdır.

Bədavi bunu dəfələrlə göstərib. Xüsusilə Bəhlul Mustafazadənin zədələnməsindən, Medinanın ayrılmasından sonra onun komandadakı dəyəri daha aydın göründü. “Dinamo” ilə son oyunda da Bədavini sadəcə müdafiəçi kimi yox, əsl kapitan kimi gördük. O, “Qarabağ”ın oyunçusu olmaqla yanaşı, klubun xarakterini meydanda daşıyan futbolçulardandır.
Bu mövsüm “Qarabağ”dan əvvəlki illərdə olduğu qədər böyük gözlənti içində deyiləm, o səbəbdən bir azarkeş kimi reallığı qəbul etmişəm. “Tvente” səddini bir kənara qoyaq, məni daha çox Misli Premyer Liqasında komandanın (bu gün ilk turda “Şamaxı” ilə qarşılaşır) özünü necə göstərəcəyi düşündürür. Çünki avrokuboklarda bir-iki oyunun nəticəsi ilə vəziyyəti izah etmək mümkündür, amma uzun çempionat məsafəsində komandanın dərinliyi, rotasiya imkanları və liderlərinin itkisini necə kompensasiya edəcəyi daha ciddi məsələdir. Ona görə bu mövsüm baş məşqçi Qurban Qurbanovun ən böyük işi nəticə qazanmaqdan əvvəl yeni “Qarabağ” yaratmaq olacaq.
Bacarar, inşallah...
Nazim SABİROĞLU,
Musavat.com
17 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ