İnsanlara hürriyət, millətlərə istiqlal!

Press pressi sevməz - qalmaqallı hadisələrin pərdəarxasını yazmaq medianın işidir

Ölkədə ajiotaja, geniş ictimai polemikaya səbəb olan bir hadisə baş verəndə və söz-söhbətlər əndazəsini aşanda, bir qayda olaraq mediaya xəbərdarlıqlar gəlir, bizi “məsuliyyətli olmağa”, “yoxlanmamış məlumatlar yaymamağa”, “rəsmi məlumatların yayılması”nə gözləməyə çağırırlar.

Yazanda nə olacaq ki? Bir qəza-intihar-qətl hadisəsi barədə müxtəlif versiyaların səslənməsinin, bunların cinayətin üstünün açılmasına, təqsirkarların (varsa) ortaya çıxarılmasına kömək etməsinin dövlətin siyasətinə, lap elə iqtidar komandasının reputasiyasına nə aidiyyatı var?

Həqiqət ortaya çıxacaqsa, günahkarlar tapılacaqsa, ictimaiyyət məmnun qalacaq və bu, hakimiyyətə, hüquq-mühafizə orqanlarna rəğbət gətirəcək. İnsanlar deyəcəklər ki, bəli, iqtidar komandası bir yetimin qanının batırılmasına və ya kimlərinsə şərlənməsinə imkan vermədi.

Həqiqət hər şeydən üstündür. Onun tərəfində olanlar hər zaman sevilir, ona qarşı olanlar, onun ağzına daş basanlar isə, ağızları ilə quş tutsalar da, sevimli ola bilmirlər, ayaqları bir balaca büdrəyəndə isə balta üstündən baltaya məruz qalırlar. O zaman onların tərəfdarları haqsız yerə deyirlər: “Yıxılana balta çalmaq kişilikdən deyil”.

Bəs qan batırmağa cəhd etmək kişilikdəndirmi? Məsələ budur.

Bir çox dövlət strukturları var, ali rəhbərliyin gözündən düşməmək üçün həmişə çalışırlar ki, barələrində mənfi planda heç nə yazılmasın. Eyni zamanda onlar bildikləri, özlərinə sərf etdiyi kimi işləməkdə davam edirlər. Düstur isə sadədir: haqqında pis yazılmasını istəmirsənsə, pis işləmə, neqativ hallara yol vermə.
Yoxsa bəziləri korrupsiya qazanında çömçə bulaya-bulaya özünü toxunulmaz elan edir. Axtarsan, elə maxinasiyaları var ki, Çində olsa, onu edənləri divara söykəyib güllələyərdilər.

Amma bura Azərbaycandır, burada qanunlar Çindəki kimi sərt deyil, korrupsiyaya görə heç kəsi güllələmirlər, eləcə, 3-5 və ya 6-7 il həbsə məhkum edir, müddətin yarısını yatandan sonra səhhətinə görə azad edirlər, o da çıxıb biznesmen olur.

Belələri vəzifədə olanda medianı şişə taxırdı, hansısa yazıda adı çəkildiyi üçün qəzeti, saytı, tənqidi məqalə yazmış jurnalisti məhkəməyə verir, qalib gəlir, redaksiyanı cərimələdir, daha sonra başqa bir media qurumuna əkəc-əkəc müsahibə verərək deyirdi: “Jurnalist peşə etikasına riayət etməlidir, yoxlanılmamış materialı yaymamalıdır, qarşı tərəfin mövqeyini dinləməlidir, böhtan atmamalıdır”. Bir sürü süni öyüd-nəsihət. Boşboğazlıq. Qırmızı demaqogiya.

Fəqət prokuror onun üzünə ittihamnamə oxuyanda, cinayətlərini, haramçılıqla topladığı sərvətlərin tam olmayan mündəricatını sadalayanda, hakim “müttəhimin təqsiri sübuta yetirilmişdir” deyə hökm verəndə susur. Jurnalist o deyilənlərin onda birini yazanda “sizinlə vəkilim danışacaq” deyə hədə sovuran kişinin vəkili də belə durumlarda quzuya dönür.

Jurnalist hər şeyi yazmalıdır - gördüyü neqativ əməlləri, problemləri, hər şeyi. Rəsmi versiyalarla, press-relizlərlə qane olmaq jurnalistika deyil. Olan-bitənlərin pərdəarxası məqamlarını araşdırmaq jurnalistin müqəddəs borcudur. Konkret olaraq, Gəncədə həyatını itirmiş 18 yaşlı gəncin hansı şəraitdə ölməsinə dair müəmmalar var və xalq həqiqəti bilmək istəyir.

Jurnalistin bu vəzifəsini yerinə yetirməsinə mane olmaq həm düzgün deyil, həm də əbəs işdir. 50 jurnalist baş vermiş hadisəni yazmayacaq, sosial şəbəkələrin 500 (hətta 5 min) istifadəçisi yazacaq. Özü də ikincilər heç kəsin, o cümlədən yazdıqlarını dərc etdirdikləri platformanın qarşısında məsuliyyət daşımadıqları üçün daha çox təhrif olunmuş, şişirdimiş məlumatlar yayacaqlar və sonda onsuz da alternativ ictimai rəy yaranacaq. Peşəkar medianın yaradacağı rəy isə həqiqətə daha yaxın olacaqdı.

Uzun sözün kəsəsi, ən acı həqiqət belə şirin yalandan yaxşıdır. Qoy həmişə həqiqət üzə çıxsın və xalq onu görsün, xatircəm olsun. Belə olanda şayiələr baş alıb-getməz, ortalığa sui-qəsd nəzəriyyələri çıxmaz.
Əgər həqiqətin ortaya çıxmasıyla, ranqından asılı olmayaraq hansısa məmurun kreslosu altından, poqonu çiynindən gedəcəksə, dünəndən getsin. Əlində qumbara partlamış məmuru reabilitasiya etməkdənsə, qulluğa yeni, normal adamlar götürmək daha yaxşıdır.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

03 Iyun 2026

31 May 2026

29 May 2026

23 May 2026

21 May 2026

19 May 2026

15 May 2026

13 May 2026

11 May 2026

08 May 2026

06 May 2026

04 May 2026

02 May 2026

29 Aprel 2026

27 Aprel 2026

24 Aprel 2026

20 Aprel 2026

18 Aprel 2026

15 Aprel 2026

13 Aprel 2026

11 Aprel 2026

08 Aprel 2026

06 Aprel 2026

03 Aprel 2026

01 Aprel 2026

30 Mart 2026

27 Mart 2026

25 Mart 2026

23 Mart 2026

21 Mart 2026