Onlayn ictimai-siyasi qəzet
İyul ayının 1-dən əmi, dayı, bibi, xala uşaqlarının evlənməsinə qoyulan qanuni qadağa qüvvəyə mindi. Hesab edirəm ki, burada xarici qara qüvvələrin pis niyyəti öz rolunu oynamışdır. Axı onlar dünyada müsəlmanların artımından böyük narahatçılıq keçirirlər! Müsəlmanlar arasında isə qahım nikahları vacibdir. Məkruhdur, naharamdur, hətta hədisə görə əmioğlu ilə əmiqızının nikahı göyün yeddinci qatında, cinlər padşahı Ümmül-səbiyan tərəfindən şəxsən kəsilibdir.
Xalaoğlu ilə bibiqızının mazaqlaşmasına digər cin Gulğul ibn Hənnas baxır. Bacanaqla yeznənin nikahı Mətkun əbu Arizin yurisdiksiyasındadır, qayınana ilə kürəkənin qoşulub qaçmağı isə Əsəmül Təmrihin “yaxşı yol” diləməyindən sonra mümkündür.
Yeri gəlmişkən, bugünlərdə bir nəfər qahım (təəssüf ki, xalam qızı deyil, yoxsa bunu tutub ikinci dəfə evlənərdim, lap qanun pozuntusu hesabına olsa da) Vatsapda Həcc ziyarətinin müsbət cəhətləri haqda maraqlı söhbət paylaşmışdı. Belə qandım ki, bu söhbəti edən Bakıda və ya Abşeron yarımadasındakı hansısa məscidin mübarək axundu və ya imamıdır. İmam həmin videoda Həcc ziyarətinə kasıbların getməyinin o qədər vacib olmadığını əsaslandırırdı. Və orada çox xoşuma gələn bir cümlə işlətdi: “Əgər sənin pulun çatmırsa getməyə, yaxşı olar hansısa Həccə gedənin ailəsinə burfda baxasan, ona qayğı göstərəsən”.
Vallah, elə bu cür də söylədi. Məsələn, təklifdən belə ayan olurdu ki, kimin pulu yoxdursa, canı çıxsın Hacı Qalib 37-ci dəfə ziyarətə gedəndə onun ev-eşiyinin qulluğunda dursun. Bir həcinin həyət-bacasını 7 dəfə süpürmək təxminən Mərva təpəsinin ətrafına 60 dəfə fırlanmağın bədəli imiş. Əlbəttə, saat əqrəbinin tərsi istiqamətində süpürsən daha məqbuldur.
Fürsətdən istifadə edərək Xamneyi müəllimin qardaş İran cəmaətini bəni-İsrail üzərində möhtəşəm qələbə münasibətilə təbriklərinə gec də olsa qoşuluram. Bu çox yaxşı haldır. Məsələn, biz də tez-tez futbol üzrə dünya çempionu oluruq. “Neftçi”nin UEFA kuboklarını yığmaq üçün AFFA ayrıca anbar kirayələmişdir.
Qayıdaq mövzuya. Mövzu isə qahım evliliyi idi. Məhz bu qadağanın qüvvəyə minməsi ərəfəsində nikah şöbələrində güclü basabas yaranmışdı. Bütün qahımlar çalışırdı 1 iyulacan kəbin evinə qədəmlərini qoysunlar. Deməli, gələn yaz, 9 aydan sonra, inşallah, bizi növbəti sağlam nəsil gözləyir.
Ümumiyyətlə, qahımlıq vacib bəşəri faktordur. Sivilizasiya məhz qahımlıq əlaqələri sayəsində qabağa gedir, tərəqqi tapır. Bu haqda atalarımız da yaxşı demişdir: “Yaxın qahım, uzaq qonşudan yeydir”, “Xalamın vəzifəsi olsaydı, ona dayı deyərdim”, “Dədəmizi öldürək, göruna and içək”, “Məhləmizdə bir quyu var, əmiqızı” və sairə. Axırıncı isti yay aylarında özəlliklə aktual təklifdir.
Ancaq proses müasir dövrün tələblərinə də cavab verməlidir. Artıq qahımlıq əlaqələri əmi-dayı, xala-bibi kimi primitiv platformalardan çıxmalı, icra başçısı-prokuror, rəis-deputat, nazir-komitə sədri, bələdiyyənin katibinin oğlu-selsovetin müdirinin balaca nəvəsi və sairə müstəvilərə daşınmalıdır. Allaha şükür, hələlik bu cür qahımlıq əlaqələrinə, belə nikahlara hər hansı qadağa qoyulmayıb. Hətta bəzən bu tip nikahlar əlaqədar orqanlar tərəfindən mükafatlandırılır, gələcəkdə doğulan sağlam nəsil əmlik vaxtından dövlətçilik proseslərinə cəlb olunur.
Yadımdan çıxmamış, iyul ayı zənənlərin pensiya yaşının daha 6 ay artması ilə də yadda qaldı. Bu isə artıq uzunömürlülər diyarı olmağımıza görədir. Zənən var idi, seçkidə intervü vermişdi, 130 yaşına çatıbmış. Təbii ki, belə olan halda pensiya yaşı 100-120 olsa düzgündür.
İndi söz əlaqədar cinlərin... üzr istəyirəm, təşkilatlarındır. Yazın görüm siz haçan pensiyaya çıxırsınız.
04 Iyun 2026
03 Iyun 2026
02 Iyun 2026
01 Iyun 2026
31 May 2026
29 May 2026
28 May 2026
27 May 2026
25 May 2026
24 May 2026
22 May 2026
21 May 2026
20 May 2026
19 May 2026
18 May 2026
17 May 2026
15 May 2026
14 May 2026
13 May 2026
12 May 2026
11 May 2026
10 May 2026
08 May 2026
07 May 2026
06 May 2026
05 May 2026
04 May 2026
03 May 2026
01 May 2026
ŞƏRHLƏRŞƏRH YAZ