Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Trabzon şəhər sakinləri İsrail baş naziri Binyamin Netanyahunun samanla doldurma heykəlini qayırıb, üzərindən də “Edam” şüarıyla küçədən asmışdılar. 3-4 gün qabaq bunu görəndə xatirələrin qucağına biletsiz tullanaraq keçmişə yollandım.
1990-cı ildə sovetlərin müdiri Mişa Qorbaçov Bakıya qoşun yeridib bizim milləti qırandan sonra doğulduğum Füzuli rayonunda da kəndçilərimiz oxşar metodla mübarizəyə qalxmışdı. Onların əlinə haradansa yazıq bir tülkü keçmişdi, tülkünü öldürüb boğazından “Qorbaçov” yazılmış karton lövhə ilə birgə şossenin kənarındakı telefon dirəyindən asmışdılar. Tülkü uzun müddət o dirəkdə qaldı. Yalan olmasın, ermənilər gəlib kəndi yandırana qədər.
Yadımdan çıxmamış, bizim kənddə maraqlı əhvalatlar çox olurdu, elə həmin SSRİ ilə bağlı, söz vaxtına çəkər, oktyabr ayına aid birini yazım. Anekdot kimi mövzudur. Sovet vaxtı bizim kəndin sovxozu (yəni sovet təsərrüfatı; bu, kolxoza nisbətən guya daha müstəqil və mütərəqqi təsərrüfat subyekti forması idi, camaata heç olmasa maaş verirdilər) bolşevizmin fikir babalarından alman Fridrix Engelsin adını daşıyırdı. 1991-ci ilin oktyabrında müstəqillik haqqında qanun-filan qəbul ediləndə sovxozun adını dəyişib... “18 oktyabr adına sovxoz” qoymuşdular. Necə deyərlər, tam bir oksümoron, anaxronizm. Ömərov soyadlı ailədə uşağın adını Əli qoymaq kimi. Səhrada ağ ayı, Azərbaycanda futbol, Ramiz Mehdiyevdə vicdan və sairə kimi... Ola bilsin həmyerlilərim həm Sovet hökuməti, həm yeni müstəqillik və Meydan hərəkatımızla eyni toponim ətrafında məzələnmək qərarına gəlmişdilər.
Bəs o vaxtkı tülkülü aksiyanın nəticəsi oldumu? Əlbəttə. Bir-iki il keçdi, SSRİ dağıldı. Belə qədimi mübarizə üsulları həmişə fayda verir. Yanılmıramsa, Qobustan qayalarında bu proseslərin rəsmləri də vardır: yerdə, qayada ovuna çıxılacaq canlının, heyvanın cizgiləri çəkilir, qəbilə üzvləri həmin cizgi daxilinə ox, nizə, daş atırlar, bu minvalla ovun ruhunu zədələdiklərini düşünürlər.
İndi Trabzonda Netanyahunun müqəvvasını asmısansa, deməli, İsrailin axırı çatmışdır. Yazıq yəhudi xalqı. Yenə dünya üzünə dərbədər düşəcəklər.
Vay-fayın içərisinə qoyulan cadunun videosunu mütləqa görmüsünüz. İndiki dövrdə insanların mübarizə üsulları da təkmilləşir. TikTokda arvad boşatdırma duaları, Yutuba qurd yağı sürtülməsi, Vatsap profilini bağlatdırmaq kimi cadu üsulları geniş yayılıbdır.
Mövzu açılmışkən, bu yaxında bir dəyərli dostumuz Azərbaycan Milli Elmlər Akademiyasındakı qeyri-adi elmi proseslər haqqında mənə məlumat verdi, heyran qaldım. Deyir, orada əvvəllər hər institutun otaqlarında pəncərələri gül dibçəkləri bəzəyirmiş. Amma sonra məlum olub ki, bir-birinə pislik istəyən alimlərimiz o dibçəklərdə cadu-piti basdırırlar. Hətta hansısa işçi başqa şöbəyə köçürüləndə, yaxud işdən çıxanda əgər dibçəyini özü ilə aparmasa otaq yoldaşları şübhələnir, elmi araşdırma aparır və gülün dibini qazaraq həmin təhlükəli duanı aşkara edərək götürürmüşlər. Ona görə bədbəxtlikdən sığortalanmaq üçün AMEA rəhbərliyi qərar çıxarıb, bundan sonra heç bir otaqda dibçək olmamalıdır.
Güman edirik bu mütərəqqi üsuldan orta məktəblər, xəstəxanalar və digər əlaqədar dövlət qurumlarımız yararlanmağa borcludur. Şəxsən mən məktəbin pəncərəsində dibçək görəndən uşağa demişəm, a bala, ta ora getməginən, salamatı repetitordur. Gərək sayın Emin müəllim də bu barədə düşünsün. Yoxsa dibçəklər qaldıqca onun guya işdən çıxarılacağı haqda lüzumsuz şaiyələr artır, təhsilimizə sağalmaz yaralar vurur.
P.S. Füzulidən olan başqa bir dostum təzəlikcə öz kəndlərinin xarabalığına baş çəkmişdi. Deyir orada tülkülər dolu idi.
03 Iyun 2026
02 Iyun 2026
01 Iyun 2026
31 May 2026
29 May 2026
28 May 2026
27 May 2026
25 May 2026
24 May 2026
22 May 2026
21 May 2026
20 May 2026
19 May 2026
18 May 2026
17 May 2026
15 May 2026
14 May 2026
13 May 2026
12 May 2026
11 May 2026
10 May 2026
08 May 2026
07 May 2026
06 May 2026
05 May 2026
04 May 2026
03 May 2026
01 May 2026
29 Aprel 2026
ŞƏRHLƏRŞƏRH YAZ