Onlayn ictimai-siyasi qəzet
Hörmətli Elm və Təhsil Nazirliyimiz hələ 3-4 gün öncədən anons etmişdi, 15 sentyabr “Bilik günü”ndə ümumi təhsil müəssisələrinin 2-11-ci siniflərində ilk dərs “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunmalıydı. Mən dünən bir neçə qahımın orta məktəbə gedən cocuqlarından dəqiqləşdirdim, necə deyərlər, jurnalist araşdırması apardım, həqiqətən ilk dərs “Konstitutiya və Suverenlik İli” mövzusunda olmuşdur.
Burada haşiyə çıxaraq qeyd edim ki, milli mətbuatımızın 150 yaşının tamam olduğu bu gözəl günlərdə jurnalist araşdırmaları da məhz belə gözəl temalarda aparılır. Məsələn, bu yaxınlarda jurnalistlər dəhşətli faktın üstünü açmışdılar, sən demə, hava limanına gedən taksilər şlaqbaumu keçmək üçün lisenziya almalıdır. Yaxud kanalizasiya suları duz gölünə axırmış. Hansısa uşaq bağçasında tərbiyəçi balacaları çimdikləyirmiş. Avtobusda sərnişin sürücü ilə dalaşmışdı. Və sairə və ilaxır. Başqa problemlər, əlhəmdüllah, tamamilə həll edilibdir. Doğrudur, bunun üçün bizə 150 il lazım oldu, ancaq ziyanı yoxdur. Dədə-babalarımız demişkən, gec olsun, güc olsun. Bağban tələsər, armud vaxtında yetişər. Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş (sanki sonuncu məsəlin mövzumuza dəxli yox idi, amma pozmuram, pozuntu jurnalistikamıza yaraşmır).
Mövzuya dönsək, məktəblilərə konstitusiyamız haqqında danışılması çox müsbət hadisədir. Əsas qanunu hamı bilməlidir. Orada o qədər gözəl mövzular açılmışdır ki... Bilmirəm hansını yazım, ona görə heç birini yazmıram.
Yaxşı olar qızlar gəlin köçəndə ər evinə konstitusiyamızı cehiz kimi aparsınlar. Ailəni əbədi qoruyacaqları haqda and içsinlər.
Sadəcə, mən bir iradımı, daha doğrusu, yüngülvari incikliyimi büruzə verməkdən çəkinərək burada yazıram: niyə konstitusiya və suverenlik haqda ilk dərs 2-ci sinifdən başlamışdır? Bəs “birinci”lər? Məncə, onlara da əsas qanunumuz öyrədilməlidir. Bu haqda hədis var. Deyir, bir nəfər gəlir imamın yanına, soruşur ki, uşağı tərbiyə eləməyə haçan başlasam məsləhətdir. İmam sual verir ki, uşağın neçə yaşı var. Valideyn deyir, 6 aylıqdır. İmam buyurur: “Artıq gecikmisən”. Bunun elmi və helmi dildə tərcüməsi də vardır: “Kafər bəcəhənnəm nəmirəvəd, Kəşan-kəşan mibərənd”.
Ümid edək, qabaqkı illərdə konstitusiyanın tədrisinə uşaq bağçası və körpələr evlərindən başlanar. Yavaş-yavaş hamısı düzələcək, müdrik deputatlarımızdan birinin dediyi kimi, tələsəcək yerimiz yoxdur.
Universitetlərdə də dərslər başlandı, sevindirici haldır ki, yayda bir beynəlxalq reytinq çıxmışdı, orada Bakının dünyada ən yaxşı tələbə şəhərlərindən olduğu açıqlanmışdı. Bir az qəribə reytinq idi, çünki faktiki tələbələrimizi adam yerinə qoyan olmur. Onların nə nəqliyyatda, nə iaşə sektorunda hansısa güzəşti var. Yataqxana yox, kirayə qiymətləri kəlləçarxda, təqaüd də ki, maşallah, yemə-içmə, gül cəmalına, xətti-xalına tamaşa elə... Bəs Bakı niyə dünyanın ən yaxşı tələbə şəhərlərindən sayılmışdı? Güman edirəm, bunun səbəbi ali təhsil ocaqlarımızın istisində hazırlanan ucuz, sərfəli tələbə dönərləri olmuşdur.
Yeri gəlmişkən, universitetlərdə təhsil haqqının bu il bir daha artması, bəzi fakültələrdə illik 6-7 min manatı ötməsi yayda müzakirəyə çıxarılmışdı. Məsələn, elə ixtisas var onu 4 il oxumaq üçün ali məktəbə cəmi 25 min manat pul vermək lazımdır. Bu heç də çox deyil, çünki sovetin vaxtında da təxminən bu qədər pul verib instituta girirdilər. Bəzi ixtisaslarda 40 min rubla çatırdı. O vaxt bu vəsait təxminən 2-3 “Qaz-24"ün qiyməti idi. İndi isə 25 minə uzağı 1 babat maşın alınır. Deməli, qiymətlər xeyli ucuzlaşıbdır.
Əgər ikinci dərs “Riyaziyyat” olsa, bunları uşaqlara başa salmaq lazımdır.
04 Iyun 2026
03 Iyun 2026
02 Iyun 2026
01 Iyun 2026
31 May 2026
29 May 2026
28 May 2026
27 May 2026
25 May 2026
24 May 2026
22 May 2026
21 May 2026
20 May 2026
19 May 2026
18 May 2026
17 May 2026
15 May 2026
14 May 2026
13 May 2026
12 May 2026
11 May 2026
10 May 2026
08 May 2026
07 May 2026
06 May 2026
05 May 2026
04 May 2026
03 May 2026
01 May 2026
ŞƏRHLƏRŞƏRH YAZ