Свобода людям, независимость нациям!

Karaciçin aqibəti necə olmuşdusa, Araikgilinki də elə oldu – Ədalətin təcallası

Rusiyalı siyasi xadimlərin hərbi caniləri müdafiə etməsi, onların mühakimə olunmasını qınaması ilk dəfə deyil, heç sonuncu da olmayacaq.

10 il öncə Moskva Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş Bosniya serb lideri Radovan Karaciçi müharibə cinayətlərinə görə 40 il həbs cəzasına məhkum etməsini də qınamışdı.

Təkcə Rusiya deyildi, onun slavyan qardaşı Serbiya da Karaciçə çıxarılmış hökmə etiraz edirdi. Serbiyanın ədliyyə naziri Nikola Selakoviç bəyanat yaymışdı ki, Haaqa məhkəməsinnin Serbiya vətəndaşlarına qarşı çıxardığı hökmləri illərdir qərəzli olub. Belqrad hesab edirdi ki, Haaqa tribunalı ayrı-seçkilik edir, yalnız "bir millətin nümayəndələrini” cəzalandırır.

RF-nin xarici işlər nazirinin müavini Gennadi Qatilov da "bu müharibədə yalnız bir tərəfin cinayət törətdiyini təsəvvür etmək çətindir" deyə bəyanat vermişdi.

Haaqa tribunalı isə Radovan Karaciçin 1992-1995-ci illərdə Bosniya və Herseqovinada baş verən vətəndaş müharibəsi zamanı mülki şəxslərin qətli və məcburi köçürülməsində günahkar olduğunu müəyyən etmişdi. Xüsusilə də, o, 1995-ci ilin iyul ayında 8000-ə qədər Bosniya müsəlmanının öldürüldüyü Srebrenitsada soyqırımda, eləcə də BMT sülhməramlılarının girov götürülməsində günahkar bilinirdi.

Təsəvvür edin, Karaciçin birbaşa rəhbərliyi ilə serb cəlladlar bir gecənin içində Srebrenitsa şəhərinin 8 min nəfər mülki sakinini güllələyib öldürüblər, amma Rusiya və Serbiya tərəfi deyir ki, Karaciçin günahı yoxdur, müharibə olub, hər iki tərəf cinayət törədib.

Bu halda Haaqa məhkəməsi tərəflər arasında necə bərabərlik işarəsi qoya bilərdi ki, müsəlman boşnaklar həmişə yalnız müdafiə olunublar və bu, heç də hər zaman uğurlu alınmayıb, sayca üstün olan, yaxşı silahlanmış aqressiv serblər onlara qarşı qətliamlar törədiblər. Qətliam törədənlə qətliama, genosidə məruz qalanı eyni məhkəmədə necə mühakimə etmək olardı?

Bax, Rusiya və Serbiya siyasiləri bu qədər həyasız iddialar irəli sürürdülər.

Eyni yanaşma Serbiyanın qanlı diktatoru Slabodan Miloşeviçin və hərbi cani general Ratko Mladiçin məhkəməsində də oldu. Rusiya və Serbiya onların da “günahsız” olduğunu iddia edir, müdafiələrinə qalxırdı. Onların məntiqinə görə, Balkan yarımadasının qan gölündə boğulmasının günahkarı Serbiya ilə eyni ittifaqda olmaq istəməyən boşnaklar, xorvatlar, albanlar və başqaları idi.

Bu baxımdan zatulinlərin Qarabağın erməni icmasının liderlərinin mühakiməsini və onlara verilmiş hökmü qınaması anlaşılandır. Zatulinlər bu məsələyə nasizm mövqeyindən, irqçi prizmadan yanaşır, erməniləri “bizimkilər” sayır, onların nə kimi cinayətlər törətdiyinə yox, dini mənsubiyyətlərinə baxır.

30 mindən artıq insanın ölümünə, əsir və girov götürülmüş 4 min nəfərin məhv edilməsinə, bir suveren ölkənin 1000-ə yaxın yaşayış məntəqəsinin yer üzündən silinməsinə bais olmuş, ən qəddar hərbi cinayətləri törətmiş şəxslərin müdafiəsi üçün dil tərpədən istənilən siyasətçi və ya beynəlxalq təşkilat məsələyə məhz dini təəssübkeşlik prizmasından yanaşır. Onlar ədalətdən çox-çox uzaqdırlar.

Əgər bu şəxslər və dairələr gerçəkdən də bir etnik qrupun öz müqəddəratını təyinetmə hüququnu dövlətin ərazi bütövlüyünü qorumaq haqqından üstün tutsaydılar, o zaman ilk növbədə Kataloniyanın həbsdə olan liderlərini müdafiə edərdilər. Qarabağ canilərindən fərqli olaraq kataloniyalı liderlər müstəqil dövlət təsis etmək üçün bir nəfəri də öldürməyiblər, heç yeri partlatmayıblar, ispanlara qarşı qətliamlar, terror aktları törətməyiblər, sadəcə, əvvəlcə referendum yoluyla xalqın rəyini öyrəniblər, sonra parlamentdə Kataloniyanın müstəqil dövlət olması haqqında bəyannamə qəbul ediblər. Fəqət, bu gün onların çoxu həbsxanadıdır, “demokratiya və azadlıq aşiqi” olan avropalı siyasilər isə onları müdafiə etmirlər.

Ayrı-seçkilik və ədalətsizlik budur: günahsız liderlərin taleyinə biganə qalmaq və 30 il boyunca Azərbaycana qarşı törətmədikləri hərbi cinayət qalmayan erməni separatçıların müdafiəsi üçün canfəşanlıq etmək.

Əslində təkcə bu günlərdə barələrində layiq olduqları cəza hökmləri çıxarılmış şəxslər yox, onlarla bərabər Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan, Samvel Babayan kimi hərbi canilər də mühakimə olunmalıydılar. Onlar heç də Miloşeviçdən, Mladiçdən, Karaciçdən az hərbi cinayət törətməmişdilər.

Ancaq 1992-95-ci illərdə və daha sonralar Avropa erməni liderlərin törətdiyi cinayətlərə kor oldular. Onlar arxalı, biz arxa-dayaqsız idik, onları mühakimə etdirməyə gücümüz çatmadı. Torpaqlarımız onların əlindəydi. Gün gəldi, vəziyyət dəyişdi, igid əsgərlərimiz torpaqlarımızı geri aldı, üstündə də həmin hərbi caniləri götürüb gətirdi və ədalət mühakiməsinə verdi. Bu, ədalətin təcallası idi.

Ona görə də zatulinlərin və başqalarının hürüşməsi heç nəyi həll etməyəcək – necə ki karaciçlər və digər ...içlər canlarını tribunaldan qurtara bilmədilər, öləni türmədə öldü, qalanı da cəza çəkir.

 

Нет комментариев