İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskinin qarşısına general çıxdı - Ukraynada hakimiyyət uğrunda döyüş başladı

Ukraynada müharibə davam etsə də, ölkə daxilində hakimiyyət uğrunda mübarizənin konturları artıq aydın görünməyə başlayıb. Uzun müddətdir müxtəlif sorğularda prezident Volodimir Zelenskinin əsas rəqibi kimi göstərilən Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda isə Böyük Britaniyada səfir vəzifəsində çalışan Valeri Zalujnının prezident seçkilərində iştirak etmək qərarı ölkənin siyasi gündəmini silkələyib. Məlumata görə, o, bu niyyətini birbaşa Zelenskinin özünə də çatdırıb və geri çəkilmək fikrində olmadığını açıq şəkildə bəyan edib.

Bu məlumatlar təsdiqlənərsə, Ukraynada müharibə başlayandan bəri ilk dəfə hakimiyyət daxilində açıq siyasi rəqabətin formalaşdığı müşahidə olunacaq. Bir tərəfdə müharibə dövrünün prezidenti Zelenski, digər tərəfdə isə cəbhədə qazandığı nüfuzla milyonlarla ukraynalının etimadını qazanan general Zalujnı dayanır.

0bba36b2-2f41-3adb-be1a-48b0c3554385_1200.jpg (161 KB)

Təsadüfi deyil ki, Qərb mediası bu qarşıdurmanı artıq indidən Ukraynanın gələcək siyasi taleyini müəyyən edə biləcək ən mühüm proses kimi qələmə verir.

Zelenski ilə Zalujnı arasında mümkün siyasi duel Ukraynanın daxili sabitliyinə necə təsir göstərəcək?Müharibə şəraitində seçki keçirmək nə dərəcədə realdır? Zalujnının namizədliyi cəmiyyətin gözləntilərindən doğur, yoxsa bu, Qərbin dəstəklədiyi yeni siyasi ssenaridir? Ən əsası isə mümkün hakimiyyət dəyişikliyi Rusiya-Ukrayna müharibəsinin gedişinə və sülh danışıqlarına hansı təsirləri göstərə bilər?

azer.jpg (84 KB)

Siyasi şərhçi Azər Hüseynov Musavat.com-a açıqlamasında bildirib ki, istənilən halda müharibə şəraitində seçkinin Ukraynanın xeyrinə olmadığını düşünür:

“Ukraynada müharibə başlayan ilk günlərdən dəfələrlə qeyd etmişdim ki, müəyyən mərhələdən sonra Qərb Zelenskini əvvəlki səviyyədə dəstəkləməyə bilər. Eyni zamanda proqnozlaşdırırdım ki, zaman keçdikcə Ukrayna hakimiyyətinin daxilində də ciddi çatlar yaranacaq. Bu gün Zelenski ilə Valeri Zalujnı arasında hakimiyyət uğrunda mümkün siyasi rəqabətin müzakirə olunması həmin ehtimalın müəyyən mənada özünü doğrultduğunu göstərir. Siyasi hakimiyyət rasional qərarvermə qabiliyyətini zəiflətməyə başladıqda bunun mənfi təsirləri təkcə ölkə daxilində deyil, onun müttəfiqləri arasında da hiss olunur. Böyük ehtimalla, Qərbdə artıq belə bir qiymətləndirmə formalaşır ki, Ukrayna rəhbərliyi əvvəlki kimi praqmatik və rasional siyasi xətt yürütməkdə çətinlik çəkir. Son dövrlərdə Ukrayna ilə, xüsusilə, Polşa arasında yaşanan fikir ayrılıqları və siyasi gərginliklər də bu tendensiyanın göstəricilərindən biri kimi qiymətləndirilə bilər. Buna görə də Ukraynada baş verən daxili siyasi prosesləri yalnız hakimiyyət daxilindəki rəqabətlə izah etmək düzgün olmaz. Burada həm daxili sosial sifarişin dəyişməsi, həm də beynəlxalq siyasi mühitdə baş verən transformasiyalar mühüm rol oynayır. Ancaq Zelenski də kifayət qədər güclü dayaqlara malikdir. Onu da həmçinin ölkə daxilində və xaricində dəstəkləyənlər az deyil. Hər bir halda müharibə zamanı seçki özlüyündə Ukraynanın xeyrinə olmaz. Çünki bu, xarici manipulyasiyaları artıra bilər”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR