Onlayn ictimai-siyasi qəzet
"Ukrayna Donbası təcavüzkar dövlət olan Rusiyanın nəzarətinə təslim edə bilməz".
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, bu əraziləri müdafiə edərkən minlərlə insan həlak olub.
"Sadəcə təslim olmaq? Mən belə bir fikri dəstəkləyə bilmərəm. Və əmin deyiləm ki, xalqımız buna hazır olacaq. Minlərlə, on minlərlə ukraynalı Ukraynanın bu hissəsini müdafiə edərkən həlak olub", - deyə o, jurnalist Piers Morqana verdiyi müsahibədə izah edib.
Dövlət başçısı qeyd edib ki, Donbas məsələsi təkcə ərazi ilə bağlı deyil, həm də insanlar və dövlətin müdafiə strategiyası ilə bağlıdır.
"Donbas müstəqilliyimizin və dəyərlərimizin bir hissəsidir. Azadlıq bizim üçün boş söz deyil", - deyə prezident əlavə edib.
Zelenski Ukraynanın beynəlxalq təhlükəsizlik zəmanətlərinə ehtiyacı olduğunu vurğulayıb.
Onun sözlərinə görə, hətta bunlarla belə, heç kim Putinin Ukraynaya qarşı təcavüzü yenidən başlatmayacağına zəmanət verə bilməz:
"Amerikaya güclü bir ölkə kimi bütün hörmətimizi nəzərə alaraq, təhlükəsizlik zəmanətlərinə ehtiyacımız var. Amma heç kim Putinin geri qayıtmayacağına söz verə bilməz".
NYT xəbər verir ki, Kreml Ukraynaya qarşı daha iki il müharibə aparmağa hazırdır. Hesablamalara görə, Rusiyaya Donbası işğal etməsi üçün bu qədər vaxt lazımdır.
İqbal RZAYEV,
Musavat.com
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ