Onlayn ictimai-siyasi qəzet
Yunanıstanda Türkiyənin hərbi imkanları və mümkün böhran zamanı Afinanın nə qədər müqavimət göstərə biləcəyi yenidən müzakirə mövzusuna çevrilib.
Musavat.com bildirir ki, Türkiyənin “Sabah” qəzeti Yunanıstan mediasında yayılan diqqətçəkən təhlilə yer verib.
“Geopolitico” saytı yazır ki, Ankara Yunanıstanın təkcə silahlanma proqramlarını deyil, hərbi hazırlığını və siyasi reaksiyalarını da yaxından izləyir. Türkiyənin Yunanıstan cəmiyyətinin mümkün böhran və müharibə şəraitində nə dərəcədə dayanıqlı olacağını da təhlil etdiyi iddia edilir.
“Geopolitico”nun baş redaktoru Xristos Konstantinidisin fikrincə, Ankara Yunanıstanın üstünlükləri ilə yanaşı, onun zəif nöqtələrini və müdafiə imkanlarının real həddini də araşdırır.
Yunan nəşri mümkün Türkiyə-Yunanıstan qarşıdurmasının bir neçə saatlıq hərbi böhranla məhdudlaşmaya biləcəyindən narahatdır. Bildirilir ki, qarşıdurma uzanarsa, təkcə orduların malik olduğu silahlar deyil, dövlətlərin istehsal gücü, hərbi ehtiyatları və cəmiyyətlərinin uzunmüddətli müharibəyə davam gətirmək qabiliyyəti həlledici olacaq.
Xüsusi diqqət Türkiyənin pilotsuz uçuş aparatları sahəsindəki potensialına yönəldilib. “Geopolitico” Türkiyədə 1,8 milyondan çox lisenziyalı İHA operatorunun olmasını iki ölkə arasındakı imkan fərqinin diqqətçəkən göstəricilərindən biri kimi təqdim edib.
Müzakirədə Yunanıstan, Cənubi Kipr və İsrail arasındakı strateji əməkdaşlıq, Hindistan–Yaxın Şərq–Avropa İqtisadi Dəhlizi (IMEC), eləcə də Afinanın Hindistanla münasibətlərini dərinləşdirməsi imkanları da nəzərdən keçirilib.
Yunan ekspertlər hesab edirlər ki, milli təhlükəsizlik yalnız sərhədlərin və ordunun müdafiəsi ilə məhdudlaşmır, ölkə daxilində siyasi və ictimai dayanıqlıq da mühüm rol oynayır.
Yayım isə diqqətçəkən etirafla yekunlaşıb:“Türkiyə bizi öyrənir. Əsas sual budur: biz öz zəif tərəflərimizi vaxtında görüb onları aradan qaldırmağa cəsarət edəcəyikmi?”
Musavat.com
16 Sentyabr 2026
15 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ