Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Rusiya işğalı altında olan ərazilərində Dövlət Dumasına növbədənkənar “səsvermə” qeyri-adi şəraitdə keçirilir. Bəzi yaşayış məntəqələrində seçki komissiyalarının üzvləri daşınan qutularla evləri gəzir, sakinlər isə həyətlərdə, küçədə, hətta avtomobillərin kapotu üzərində səs verirlər.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, təhlükəsizlik əsas gətirilərək seçki məntəqələrinin siyahısı, sərhədləri və ünvanlarının açıqlanmamasına icazə verilib.
Xerson vilayətində səsvermə cəbhə xəttindən təxminən 15 kilometr məsafədə də aparılır. Komissiya üzvləri evləri gəzir, sakinlər qapılarının qarşısında səs verirlər. Hərbçilər üçün isə səsvermənin birbaşa mövqelərdə təşkil edildiyi bildirilir.
Yerli seçki komissiyasının rəhbərlərindən biri atəş təhlükəsinə baxmayaraq keçirilən prosesi hətta “bayram” adlandırıb.
Zaporojye vilayətinin işğal altındakı ərazilərində də seçicilərin evbəev gəzilməsi üsulundan istifadə olunur.
İşğal altındakı Donetskdə isə “mobil qruplar” səsvermə qutuları və kiçik kabinələrlə yaşayış məhəllələrini dolaşırlar. Yayılan görüntülərdə insanların həyətlərdə və avtomobillərin kapotu üzərində bülleten doldurduğu görünür.
Bəzi yaşayış məntəqələrində mobil seçki qruplarını silahlı hərbçilərin müşayiət etdiyi də bildirilir.
Seçkilərdə mübahisəli şəxslər də namizəd kimi iştirak edirlər. Xersondan “namizəd” Yelena Dmitruk Ukraynada dövlətə xəyanət və kollaborasion fəaliyyətdə ittiham olunur. Zaporojyedən “namizəd” Aleksey Tixomirovun isə 2015-ci ildən Ukraynada dövlətə xəyanət işi üzrə axtarışda olduğu bildirilir. Digər namizəd Yuri Onişuk əvvəllər Melitopol şəhər şurasının deputatı və şəhər merinin müavini olub.
Donetskdə Rusiyanın “Birinci kanal”ının hərbi müxbiri kimi təqdim etdiyi İrina Kuksenkova da namizədlər sırasındadır.
İşğal altındakı Luqansk vilayətində isə bəzi seçki komissiyalarına müharibədə ölən hərbçilərin adları verilməyə başlanıb. Buradan Dövlət Dumasına namizədlər arasında döyüşlərdə iştirak etmiş Aleksandr Bebeşko və Vitali Narijnı da var.
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ