İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni oyun: Kərkini qaytarmır, Başkəndi istəmirlər

Ermənistanda isterika - Azərbaycan Qazağın kəndləri və Kərki ilə bağlı hədəfində israrlıdır

Ermənistanda Azərbaycanın hələ də işğalda olan Kərki kəndi ətrafında yeni isterika başlayıb. Bu məsələnin xüsusi yenilik olmadığı bir vaxtda gündəmə gətirilməsi sual doğurur. Erməni hərbi ekspert Hayk Nahapetyan bildirib ki, Azərbaycanın guya indi əsas hədəfi Kərki kəndidir. 

“Əgər Kərki təhvil verilərsə, Ermənistan faktiki olaraq iki yerə parçalanacaq. Bununla da Azərbaycan tərəfi Sünikə gedən bütün yolumuza nəzarəti bərqərar edəcək”. O, Başkəndin Ermənistana “qaytarılması” məsələsinə də toxunub. “Çoxları Başkənd məsələsini şişirdir. Bu kənd sərhəddən çox içəridə olmaqla yanaşı, həm də əvvəlki strateji mövqeyə malik deyil. Onun geri alınıb-alınmaması Ermənistan üçün heç bir üstünlük yaratmayacaq”.

Yada salaq ki, Sədərək rayonunun Kərki kəndi 1992-ci ildə Ermənistan tərəfindən işğal olunub. Həmin vaxtdan bəri Kərkinin geri alınması üçün edilən bütün cəhdlər səmərə verməyib. Ermənistan hələ də Kərki məsələsindən boyun qaçırır. Ermənilərin Kərki narahatlığı, hərbi ekspertin dediyi kimi, səbəbsiz deyil. Belə ki, bu kənddən keçən əsas yol İrəvanla Zəngəzur vilayətini birləşdirir. Daha doğrusu, İrəvanla Zəngəzuru quru yolla birləşdirən həm yaxın, həm də ən əlverişli yol Kərkidən keçir. Erməni ekspertlər də bildirirlər ki, əgər Kərki verilərsə, İrəvanla Zəngəzur arasında quru yol kəsiləcək. Yəni yüklərin daşınması dağlıq ərazidən həyata keçiriləcək ki, orada da faktiki olaraq yol yoxdur.

Bildirək ki, Ermənistanın şimalı ilə cənubunu birləşdirən iki yol var. Onlardan biri Qubadlı ərazisindən keçən, hazırda Azərbaycanın nəzarətində olan Gorus-Qafan yoludur. Digəri isə İrəvandan Kərkini keçməklə Mehriyə uzanan yoldur. Birinci yol faktiki olaraq Azərbaycan ərazisidir və orada gömrük postu qurulub. Ermənistan bu yola alternativ olaraq Tatev yolunu çəkib ki, o da qışda demək olar ki, işləmir. Həm də iri həcmli maşınlar üçün əlverişli deyil. İkinci yol olan Kərki yolu isə hazırda Ermənistanın nəzarətindədir. Bu yolun təkcə əhəmiyyəti İrəvanla Süniki birləşdirmək deyil. Həm də İran üzərindən daşınan yüklərin İrəvana asanlıqla çatdırılmasını həyata keçirir. Ona görə də Ermənistan Kərkini verməkdən hər vəchlə imtina edir. Amma 30 ildən artıq müddətdə işğal altında olan kəndlərimizi geri qaytaracağı halda Ermənistanın yol problemi ilə üzləşəcəyi haqda iddiaları yoxdur.

 Azər Hüseynov

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov bildirdi ki, Azərbaycanın gücü yalnız əraziyə nəzarət və hərbi üstünlüklə ölçülmür: “Ermənistanın Kərki kəndinə dair isterikası əslində regionda güc balansının Azərbaycanın əlində olduğunu açıq şəkildə göstərir. 

Kərkidə və ümumilikdə işğal olunmuş ərazilərdə Azərbaycanın üstün mövqeyi bir daha göstərir ki, əsl qalib tərəf məhz Azərbaycan dövlətidir. Bu qalibiyyət yalnız hərbi və strateji üstünlüklərlə deyil, həm də prinsipial, hesablı və diplomatik yanaşmada özünü göstərir. Azərbaycan beynəlxalq öhdəliklərini nəzərə alaraq hərəkət edir, Ermənistan isə prosesi sürətləndirmək və regionda mövqeyini gücləndirmək istədikdə Azərbaycanın qaydalarını nəzərə almaq məcburiyyətindədir. Bu isə Ermənistanın regional siyasətdə balanssız və özünü itirməyə meylli olduğunu açıq şəkildə göstərir.

Beləliklə, Kərki kəndi məsələsi yalnız ərazi və yol problemi deyil; bu, Azərbaycanın qalibiyyətinin, diplomatik üstünlüyünün və regionda əsas tərəfdaşı olmasının göstəricisidir. Ermənistan yalnız Azərbaycan və Türkiyə ilə münasibətləri düzgün qurarsa və regionda balanslı siyasət yürüdərsə, gələcəkdə hər hansı bir uğura nail ola bilər. Lakin hazırkı vəziyyətdə qalib tərəf açıq şəkildə Azərbaycan olaraq qalır və prosesin sürəti, təzyiqlərin səviyyəsi tam olaraq Azərbaycanın əlindədir. Başkənd məsələsi isə simvolik xarakter daşıyır. Ona görə Ermənistana qaytarılması məqsədəuyğun deyil. Ermənistan Qazağın azad olunmamış torpaqlarından da çıxmalı və regionda Azərbaycanın hamı üçün əsas tərəfdaş olduğunu dərk etməlidir".

Jurnalist Səxavət Məmməd azadlığa buraxıldı | Modern.az

Səxavət Məmməd

Hərbi ekspert Səxavət Məmmədin sözlərinə görə, Kərkinin Azərbaycana təhvil verilməsi ilə bağlı Ermənistanda müxtəlif fikirlər, təkliflər ortaya atılır: “Ərazi bütövlüyü prinsipinə əsasən, Ermənistan bu əraziləri dərhal və qeyd-şərtsiz geri qaytarmalıdır. Ermənistanlı siyasətçilər, ekspertlər "yol problemi"ni əsas gətirərək Kərkinin geri qaytarılmaması üçün bəhanələr gətirirlər, müxalifətdə olanlar isə hazırkı Paşinyan hakimiyyətinə təzyiq kimi bundan istifadə edir. Ermənistan “yol problemi” ilə Kərkinin işğalını haqqlandıra bilməz. Kərki və digər kəndlərin geri qaytarılması məlum 10 noyabr bəyanatında açıq şəkildə qeyd olunmuşdu. Ermənistan tərəfi o zaman Başkəndi Azərbaycandan tələb etməmişdi. Əgər onlar Başkəndi Azərbaycandan tələb edəcəklərsə, əvvəla, hüquqi cəhətdən bunu etməkləri doğru deyil. Lap hesab edək ki, bunu etdilər, o zaman tarixi torpaqlar tezisi gündəmə gələcək və Azərbaycan tərəfi iddialarını ortaya atacaq. Bundan əlavə, Kərkidən başqa Azərbaycanın Ermənistanda bir neçə əlavə anklav torpaq sahəsi də var. Laçın rayonunun bir neçə belə torpaq sahəsi mövcuddur. Hətta 90-cı illərin əvvəllərində bu məsələ xəritələr üzərində qeyd olunub. Ancaq oranın yaşayış məntəqəsi olmaması, strateji əhəmiyyət kəsb etməməsi, hətta Başkəndi Ermənistan tərəfinin tələb etməməsi üçün rəsmi Bakı onun üzərində çox durmur. Əgər Ermənistan tərəfi Başkənd məsələsini qabardarsa, Azərbaycan tərəfi də o anklav torpaqları gündəmə gətirə bilər. Bunu rəsmi İrəvan da bilir. Ona görə də Başkənd məsələsini açıq şəkildə tələb etmir. Ermənistanda bəzi ekspertlər bildirir ki, Kərki Azərbaycana qaytarılarsa, Ermənistan iki yerə bölünəcək. Çox maraqlıdır, onlar hansı xəritəyə baxaraq bu cür absurd fikirlər ortaya atırlar? Onların hansısa yol qovşaqları kəsiləcəkmiş. Adama sual verərlər, işğal etdiyin ərazidən niyə strateji yollar çəkirdin ki, indi də o kəndin qaytarılması başağrısına çevrilsin. Ermənistan tərəfi də, siyasətçiləri də, ekspertləri də fərqindədirlər ki, Kərki və digər kəndlər hüquqi baxımdan Azərbaycana məxsusdur və geri qaytarmaqla bağlı öhdəlikləri var. Ona görə də indi qeyri-adi, hətta deyərdim gülməli ideyalar ortaya atırlar".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR