İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yeni Moskvanın kralı” həbs edildi

Rusiyada əvvəllər də bir sıra qalmaqallarla gündəmə gəlmiş keçmiş polis əməkdaşı Karaxan Balakerimov saxlanılıb.

Musavat.com xəbər verir ki, özünü “Yeni Moskvanın kralı” adlandırdığı bildirilən Balakerimovun həbsi təxminən bir il əvvəl “Stroymaster” avtomobil bazarında baş vermiş hadisələrlə əlaqələndirilir.

Mənbələrin iddiasına görə, Balakerimov həmin ərazidə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşını döyərək qanunsuz şəkildə saxlayıb. Hadisəyə müdaxilə etməyə çalışan bazar ziyarətçisinin də döyüldüyü və qarət edildiyi bildirilir.

Hadisə yerinə gələn polis əməkdaşlarının isə hücumun qarşısını almaq əvəzinə FTX əməkdaşını və ona kömək edən şəxsi qandallayaraq Kommunarka polis şöbəsinə apardıqları iddia olunur. Mənbənin məlumatına görə, saxlanılan şəxslərin döyülməsi polis əməkdaşlarının yanında da davam edib.

Hazırda hadisə Rusiya İstintaq Komitəsinin diqqət mərkəzindədir. İstintaq çərçivəsində Balakerimovla birlikdə hərəkət etdiyi iddia edilən daha beş nəfərin müəyyənləşdirildiyi bildirilir. Onların bazar ərazisində insanlara qarşı dəfələrlə zorakılıq törətdikləri, lakin bəzi yerli vəzifəli şəxslərin himayəsi sayəsində məsuliyyətdən yayındıqları iddia edilir.

Balakerimov kimdir?

1991-ci il təvəllüdlü Karaxan Balakerimov Yeni Moskvada müxtəlif bazarların, mağazaların, anbarların, avtomobil servislərinin və torpaq sahələrinin sahibi kimi tanınan iş adamı Lazer Balakerimovun oğludur. Balakerimov özü də əvvəllər hüquq-mühafizə sistemində çalışıb. Rusiya Daxili İşlər Nazirliyinin V.Y.Kikot adına universitetinin məzunu olan Balakerimov 2017-ci ilin yanvarına qədər Yeni Moskvada əməliyyat müvəkkili vəzifəsində işləyib.

Onun adı Rusiya mediasında hələ 2016-cı ildə keçirilən öz toyundan sonra geniş yayılmışdı. Həmin vaxt internetdə bahalı avtomobillərdən ibarət toy karvanının Moskva küçələrində yol hərəkəti qaydalarını kobud şəkildə pozmasını əks etdirən görüntülər yayılmışdı. Kadrlarda avtomobillərdən birinin Vernadski prospektində geriyə doğru hərəkət etdiyi, Balakerimovun isə sərnişin oturacağından dostlarını həvəsləndirdiyi görünürdü.

Sonradan o, polis orqanlarından uzaqlaşdırılıb. Balakerimov daha əvvəl də yol hərəkəti ilə bağlı qalmaqalla gündəmə gəlib: Rusiya mediasının məlumatına görə, bir dəfə sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə saxlanılıb və məhkəmənin qərarı ilə 10 sutkalıq inzibati həbs cəzası alıb.

Rusiya mediasında Yeni Moskvanın bəzi ərazilərində biznes, kriminal qruplar və ayrı-ayrı hüquq-mühafizə əməkdaşları arasında mümkün əlaqələr barədə əvvəllər də iddialar səsləndirilib. Balakerimovun həbsindən sonra İstintaq Komitəsinin yerli polis əməkdaşlarının və digər vəzifəli şəxslərin mümkün rolunu da araşdırdığı bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR