Onlayn ictimai-siyasi qəzet
Yaxın Şərqdə artan gərginlik İran ətrafında vəziyyətin mürəkkəbləşməsi, regionda davam edən qeyri-sabitlik investorları daha ehtiyatlı davranmağa vadar edir. Riskli aktivlərdən çıxış meyllərinin güclənməsi fonunda enerji daşıyıcıları və qiymətli metallar bazarında da dalğalanmalar müşahidə olunur.
Yaxın Şərqdə baş verən hadisələr qlobal iqtisadiyyata necə təsir edir? Neft və qızıl bazarlarında növbəti mərhələdə hansı tendensiyalar gözlənilir? Azərbaycanın iqtisadiyyatı üçün mümkün risklər varmı?
İqtisadçı Vüsalə Əhmədova mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib: “Tarixi təcrübə göstərir ki, Yaxın Şərqdə artan gərginlik, hər zaman qlobal iqtisadiyyata enerji daşıyıcıları, inflyasiya və maliyyə bazarları vasitəsilə təsir edib. Birincisi, enerji daşıyıcılarının qiymətlərinin yüksəlməsi istehsal və nəqliyyat xərclərini artır. İkincisi, inflyasiya təzyiqləri güclənir və nəticədə mərkəzi banklar faiz endirimlərində daha ehtiyatlı davranmağa başlayırlar”.
Maliyyə bazarlarına gəlincə, iqtisadçı əlavə edib ki, səhmlərdə eniş yaşanır, qızıl və dövlət istiqrazları kimi təhlükəsiz aktivlərə isə tələbat artır. Yaxın Şərq dünya neft ehtiyatının təxminən 48%-nə, gündəlik neft hasilatının isə 30%-dən çoxuna sahibdir. Bundan əlavə, dünya üzrə dəniz yolu ilə daşınan neftin təxminən 20%-i Hörmüz boğazından keçir. İsrail-Livan arasında yeni atəşkəs xəbərlərinin bazarda müəyyən rahatlama yaratdığı doğrudur. Lakin, İran ətrafında gərginlik hələ də davam edir. Əgər gərginlik yenidən artsa və təchizat riskləri güclənərsə, neftin yenidən bahalaşması mümkündür. Hətta vəziyyət daha da gərginləşərsə və enerji daşımalarında fasilə yaranarsa, "Brent" markalı neftin qiyməti qısa müddətdə 90-110 dollar diapozonuna yüksələ bilər”.

İqtisadçının sözlərinə görə, qızıl ənənəvi olaraq geosiyasi böhranlar zamanı "təhlükəsiz liman" aktividir: “Qlobal qeyri-müəyyənlik dövrlərində investorlar əsasən qızıla üz tuturlar. Lakin, qızılın qiyməti yalnız geosiyasətdən deyil, həm də ABŞ dollarının məzənnəsindən və faiz dərəcələrindən də asılıdır. Bilirsiz ki, dollar gücləndikcə qızılın yüksəlişi məhdudlaşır. Əgər Yaxın Şərqdə risklər yüksək qalarsa, qızılın qiymətinin yenidən rekord səviyyələrə yaxınlaşması mümkündür. Geosiyasi risk indeksində hər ciddi artım qızıl qiymətlərində orta hesabla 3-8% yüksəlişə səbəb olur. Son iki ildə qızılın qiyməti hardasa 2.000-2.400 dollar/unsiya intervalında hərəkət edib. Lakin dediyim kimi, ABŞ-da faiz dərəcələrinin yüksək qalması bu artımı müəyyən qədər məhdudlaşdıra bilər. Maliyyə bazarlarına gəlincə isə, böyük geosiyasi şoklardan sonra qlobal fond indeksləri qısa müddətdə orta hesabla 5-10% korreksiya yaşayır”.
Azərbaycana gəldikdə, Vüsalə Əhmədova qeyd edib ki, neft qiymətlərinin yüksək qalması dövlət büdcəsi və ixrac gəlirləri üçün əlavə dəstəkdir: “Azərbaycanın ümumi ixracının təxminən 85-90%-i enerji daşıyıcılarının payına düşür. Əgər gərginlik davam edərsə, enerji ixracatçısı olan ölkəmizin valyuta gəlirləri təbii olaraq artacaq. Neft qiymətinin hər 10 dollar artması, ölkənin ixrac gəlirlərinə yüz milyonlarla dollar əlavə vəsait gətirir. Yüksək geosiyasi risk mühiti davam edərsə, yaxın aylarda "Brent" markalı neftin bir barrelinin qiymətinin 80-100 dollar diapazonunda dəyişməsi, qızılın isə yüksək səviyyələrdə qalması ehtimal edilir. Lakin, digər tərəfdən, geosiyasi gərginliyin davam etməsi eyni zamanda da, investisiya axınına mənfi təsir göstərir, regionda logistika və ticarət marşrutları üzrə riskləri artırır. Həmçinin, inflyasiya təzyiqləri idxal olunan məhsulların qiymətlərini yüksəldir. Eləcə də, qlobal iqtisadi artımın zəifləməsi enerji tələbatını azalda bilər. Bu səbəbdən, geosiyasi risklərin yaratdığı müvəqqəti üstünlükləri uzunmüddətli iqtisadi faydaya çevirməyin ən effektiv yolu, neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına yönəldilməsidir”.
Afaq Mirayiq
Müsavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ