İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndi və İrəvan arasında “iplər” qoparıldı: Qarabağın bütün yolları indi yalnız Bakıya çıxır

Paşinyan hakimiyyətinin son hərbi təxribatı rəsmi Bakının həlledici və prinsipial qərarlar qəbul etməsini sürətləndirdi, Cənubi Qafqazın “qapılar”ından qovulacaq iki dövlətə regionun “pəncərələr”indən içəri giriş imkanı verilməyəcək... Xankəndi və ətraf bölgədə yaşayan erməni azlığı isə tibbi və humanitar ehtiyaclarını ödəmək üçün bundan sonra daha Ermənistana deyil, məhz yaxındakı Azərbaycan şəhərlərinə üz tutmaq barədə düşünməli olacaqlar...

Cənubi Qafqazda geopolitik situasiya yenidən dəyişdi. İndi Azərbaycan bu regionda artıq şəriksiz geopolitik iradə sahibidir. Bundan sonra rəsmi Bakı Cənubi Qafqazda bütün geopolitik, geoiqtisadi və geoiqtisadi prosesləri birmənalı şəkildə Azərbaycanın milli maraqları çərçivəsində istiqamətləndirmək şansı qazanıb. Və məhz kənar qüvvələrin Ermənistan üzərindən Cənubi Qafqaza müdaxilə cəhdləri mövcud situasyanın yaranmasına, rəsmi Bakının geopolitik təşəbbüsü öz əlində cəmləşdirməsinə səbəb olub.

Məsələ ondadır ki, Azərbaycanın Laçın yolunda quraşdırdığı nəzarət-buraxılış məntəqəsinə qarşı Ermənistanın hərbi təxribatı rəsmi Bakını qətiyyətli və prinsipial qərarların qəbuluna sövq edib. Belə ki, rəsmi Bakı Ermənistandan törətdiyi hərbi təxribatın rəsmən etiraf olunmasını tələb edir. Əks halda, Laçın yolunda hərəkətin məhdudlaşdırılacağını və hətta bloklanacağını vurğulayır. Və bu, hazırda Cənubi Qafqazda “erməni faktoru”na ən ağır zərbə hesab olunur.

Belə anlaşılır ki, rəsmi İrəvanın hərbi təxribatı bumeranq effekti verməklə, Ermənistanın özünə qarşı çevrilməyə başlayıb. Çünki indi bir tərəfdən, rəsmi İrəvan törətdiyi hərbi cinayəti etiraf etməlidir və bunun beynəlxalq təsirlərinə də mütləq hazır olmalıdır. Digər tərəfdənsə, Paşinyan hakimiyyəti həm də Ermənistanın Laçın postu ilə bağlı uzunmüddətdən bəri gündəmdə saxlamağa çalışdığı propoqandanın boşa çıxması ilə barışmaq məcburiyyətindədir.

2b76e4d189a0fd6d58d12f09b4eea6ff.jpg (158 KB) 

Məsələ ondadır ki, rəsmi İrəvan israrla Laçın postu vasitəsilə Azərbaycanın Xankəndi və ətraf bölgəsinin Ermənistanın kommunikasiya əlaqəsinin kəsildiyini iddia edirdi. İndi rəsmi Bakının son prinsipial qərarından sonra Paşinyan hakimiyyətinin Laçın postu üzərindən hərəkətin bərpasına yönəlik çağırışları Ermənistanın beynəlxalq səviyyədə yalan propoqanda apardığını birmənalı şəkildə təsdiqləyir. Və bu baxımdan, əslində, rəsmi İrəvan özünü təkzib etmək məcburiyyəti ilə üzləşib.

Ancaq rəsmi İrəvan hələlik dolayısı açıqlamalarla vaxt qazanmağa çalışır. Ermənistan baş naziri Nikol Paşinyan son silahlı toqquşmadan sonra Laçın yolu ilə hərəkərin dayandırıldığını bildirib: “Əgər, ötən ay Azərbaycan təbliğat məqsədilə BQXK və rus sülhməramlıları vasitəsilə Laçın dəhlizi ilə hansısa nəqliyyatın hərəkətini təmin edibsə, dünəndən bu hərəkət dayandırılıb, hətta (Dağlıq) Qarabağa ərzaq məhsullarının girişi də bağlanıb. Biz Azərbaycanın bu davranışla Qarabağda etnik təmizləmə siyasəti aparmasından narahatıq".

Göründüyü kimi, erməni baş nazir Laçın yolunda hər hansı blokadanın olmadığını dolayısı ilə etiraf edir. Ancaq baş nazir Nikol Paşinyan indi Laçın yolunda hərəkətin hansı səbəbdən mümkün olmadığını izah etməyə həvəs göstərməyib. Çünki bu halda, Ermənistanın Laçın postuna qarşı hərbi təxribat törətməsi barədə də danışması lazımdır.

Maraqlıdır ki, rəsmi İrəvan Laçın postu ətrafında baş verən hadisələrlə bağlı Rusiyaya nota verilməsi barədə erməni siyasətçilərin tələblərinə də reaksiya verə bilmir. Çünki rəsmi İrəvanın iddialarının əksinə olaraq, Azərbaycan məhz öz suveren ərazisində dövlət bayrağını ucaldıb. Və bu zaman rus sülhməramlıları da Azərbaycan hərbçilərini müşayiət ediblər.

İndi rəsmi İrəvan Rusiyaya etiraz edərsə, Azərbaycanın öz ərazisində bayraq ucaltdığı barədə cavab alacağını bilir. Üstəlik, Rusiya informasiya məkanında Ermənistanın törətdiyi hərbi təxribatın rus sülhməramlılara atəş açılması kimi müzakirə edilməsi də rəsmi İrəvanı ciddi şəkildə narahat edir. Və bu baxımdan, Paşinyan hakimiyyəti əslində, kənar qüvvələrin hərbi təxribat sirafişini icra edərkən, Ermənistanın özünü açıq hədəfə çıxartdığını da anlamamış deyil.

8c46ee73a41fc84751fbb6dbdf80463e.jpg (36 KB) 

Məsələ ondadır ki, Ermənistanın son vaxtlar törətdiyi bütün hərbi təxribatlar birmənalı şəkildə Rusiya və Fransanın maraqlarına cavab verir. Fransa Cənubi Qafqaza yerləşmək üçün istinad mexanizmi axtarır. Rusiya isə bu regionda mövcudluğunu qorumağa çalışır. Ona görə də, bu iki dövlətə Cəbubi Qafqazda silahlı toqquşmaların baş verməsi tamamilə sərfəlidir. Bu baxımdan, Rusiya və Fransanın Cənubi Qafqazda sülh prosesini pozmaq üçün ortaq planlar üzrə hərəkət etdiyini də düşünmək olar.

Ona görə də, Ermənistanın son hərbi təxribatlarının arxasında Fransa və Rusiyanın olduğu qətiyyən şübhə doğurmur. Belə ki, məhz Fransanın xarici işlər naziri Katrin Kolonnanın Azərbaycanı Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurmasına görə ittiham etməsindən dərhal sonra Ermənistan həmin təxribatı törətdi.

Eyni zamanda, Rusiya mətbuatı da bu təxribata paralel olaraq, ABŞ-ın Qarabağ bölgəsindəki erməni separatçı-terrorçulara qarşı təzyiq göstərməsi barədə uydurma iddialar ortaya atdı. Həmin iddialara görə, guya Ağ Ev erməni separatçı-terrorçuları Azərbaycanla üçüncü ölkədə danışıqlara razılaşmayacaqları təqdirdə, rəsmi Bakının antiterror əməliyyatına başlayacağı ilə hədələyib.

Bunun böyük bir yalan olduğu dərhal nəzərə çarpır. Çünki erməni separatçı-terrorçular üçüncü ölkədə müzakirələrə onsuz da hazırdırlar. Ancaq rəsmi Bakı Qaradağ mövzusunun Azərbaycanın daxili işi olduğunu bəyan edib. Onu hər hansı üçüncü ölkədə hansısa vasitəçinin iştirakı ilə müzakirə etmək niyyətində deyil. Yəni, Rusiya belə uydurma iddialar ortaya atmaqla, əslində, Azərbaycanı dolayısı ilə şantaj etmiş olur.

Ancaq Azərbaycan antiterror əməliyyatı məsələsində prinsipial qərarlar üzrə hərəkət etməklə, həm Fransanın, həm də Rusiyanın məkrli planlarını pozmağa nail olur. Belə ki, Azərbaycan erməni separatçı-terrorçulara qarşı antiterror əməliyyatına əslində, çoxdan başlayıb. Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin quraşdırılması Azərbaycanın başlatdığı antiterror əməliyyatında ilk mərhələnin sona çatması anlamı daşıyırdı.

1528745391_4e61f958d4a76fb410b67ebb35ebd14c.jpg (420 KB) 

Ermənistanın Laçın postuna qarşı hərbi təxribatı isə indi bu nəqliyyat-buraxılış məntəqəsinin tamamilə bağlanmasına da səbəb ola bilər. Ermənistanın təxribat törətdiyini rəsmən etiraf etməsinə qədər bu vəziyyətin dəyişməz qala biləcəyi qətiyyən istisna deyil. Belə olarsa, Xankəndi və ətraf bölgədə yaşayan ermənilər müalicə və s. ehtiyaclarını ödəmək üçün daha Ermənistana deyil, məhz yaxındakı Azərbaycan şəhərlərinə üz tutmalı olacaqlar.

Azərbaycan həm də bu bölgədə yaşayan erməni etnik azlığının bütün humanitar ehtiyaclarını da təmin edə bilər. Yəni, bu, Qarabağdakı erməni azlığın Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesini sürətləndirə biləcək önəmli faktordur. Bu baxımdan, hesab etmək olar ki, hazırda Azərbaycan antiterror əməliyyatında ikinci mərhələyə də artıq start vermək üzrədir.

Bu mərhələnin nə qədər sürəcəyi isə daha çox erməni separatçı-terrorçulardan asılı olacaq. Əgər, onlar təslim olmasalar, erməni azlığın Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesini əngəlləməyə çalışsalar, rəsmi Bakı antiterror əməliyyatının növbəti mərhələsinə də start verməli olacaq. Yəni, Azərbaycanın artıq çoxdan başlanmış və intensiv şəkildə davam edən antiterror əməliyyatı tezliklə aktiv hərbi fazaya keçirilə bilər. Bu halda, nə Rusiya, nə də Fransa erməni separatçı-terrorçulara dəstək verə bilməyəcək.

Bütün bunlar onu göstərir ki, Cənubi Qafqazda hərbi-siyasi proseslər məhz Azərbaycanın nəzarəti altındadır. Ona görə də, Fransa və Rusiyanın Ermənistan üzərindən qurduğu məkrli planların iflasa uğraması qaçılmaz xarakter daşıyır. Böyük ehtimalla yaxın vaxtlarda Cənubi Qafqazda hərbi təxribatların əsas mənbəyi və sifarişçisi olan həm Fransa, həm də Rusiya üçün regionun “giriş qapıları” bağlanmış olacaq. Yəni, Cənubi Qafqazın “qapılar”ından qovulmuş bu iki dövlətə regionun “pəncərələr”indən içəri girməyə imkan verilməyəcək.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR