İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşaqlarla bağlı valideynlərə yeni qadağalar gəlir - DEPUTAT

Azərbaycanda “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi qəbul olunacaq. Qanun layihəsi Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, valideynlərin uşaqları dinə etiqad etməyə məcbur edilməsi qadağan olunur. Qanun layihəsində qeyd olunur ki, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir. Valideynlər (onları əvəz edən şəxslər) qarşılıqlı razılıq əsasında uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə edə bilərlər. Yalnız qanunda nəzərdə tutulan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın, mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün uşağın dini etiqad azadlığına məhdudiyyətlər qoyula bilər. Qeyd edilir ki, hər bir uşağın vicdan azadlığı vardır və hər kəs uşağın vicdan azadlığına hörmətlə yanaşmalıdır.

Yeni qanun layihəsi uşaq-dini etiqad münasibətlərindəki hansı problemlərin həll olunmasına yardımçı ola bilər?

Milli Məclisin Əmək və sosial siyasət komitəsi sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Elşad Musayev Musavat.com-a bildirib ki, yeni qanun layihəsi məcburi dini tərbiyənin qarşısının alınması baxımından vacib əhəmiyyətə malikdir: “Praktikada uşaqların yaşına, psixoloji hazırlığına baxmadan dini ayinlərə zorla cəlb edilməsi, sərt qadağalarla böyüdülməsi, məcburi hicab örtməsi və sair bu kimi halları mövcuddur. Qanun layihəsindəki “Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır” müddəası uşağın fikir və vicdan azadlığını qoruyacaq, dini inancların zor və təzyiq yolu ilə aşılanmasının qarşısunu alacaq, uşağın gələcəkdə dinə qarşı radikal reaksiyalar formalaşdırması riskini azaldacaq”.

Deputat qeyd edib ki, uşağın psixi və fiziki sağlamlığının qorunması baxımından Qanun layihəsinin əhəmiyyəti yüksəkdir:
“Dini tərbiyə bəzi hallarda qorxu üzərindən, dostlardan, dünyəvi fəaliyyətdən uzaqlaşdırma, tibbi müdaxilələrdən imtina-məsələn, müalicənin “günah” sayılması kimi zərərli nəticələrə gətirib çıxara bilir. Qanun layihəsi bu cür məhdudiyyətlərin qoyulmasına qarşı dövlətə müdaxilə mexanizmi yaradacaq. Dini motivli, lakin uşağın sağlamlığına zidd davranışlar hüquqi məsuliyyət predmetinə çevrilələcək. Bundan başqa, yeni qanun uşaqların erkən yaşda radikal dini qrupların təsirinə düşməsinin qarşısını almağa, ailə daxilində ekstremist düşüncələrin “tərbiyə” adı ilə ötürülməsinə hüquqi əngəl yaratmağa xidmət edəcək. Ən mühüm məqam odur ki, layihə uşağı valideynin mülkiyyəti kimi deyil, müstəqil hüquq subyekti kimi qəbul edir. Təklif olunan əlavələr dini azadlıqları məhdudlaşdırmaqdan çox, uşaq hüquqlarını qoruyan balans mexanizmi rolunu oynayacaq”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR