İnsanlara hürriyət, millətlərə istiqlal!

Üç qrupda ÖLÜM-DİRİM mübarizəsi –Gözlər SON dəfə Türkiyədə…

2026-cı il dünya çempionatının qrup mərhələsi artıq son döngəyə daxil olub. ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi mundialda hər gün yeni sürprizlər yaşanır, favoritlər güclərini nümayiş etdirir, kiçik futbol ölkələri isə dünya nəhənglərinə meydan oxuyurlar. İyunun 25-dən 26-na keçən gecə keçiriləcək altı qarşılaşma da məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

E qrupunda Almaniya, Fil Dişi Sahili, Ekvador və Kürasao, F qrupunda Niderland, Yaponiya, İsveç və Tunis, D qrupunda isə ABŞ, Türkiyə, Paraqvay və Avstraliya mübarizə aparır. Qarşıdakı oyunlar yalnız növbəti mərhələyə yüksələcək komandaları müəyyən etməyəcək, həm də qrup liderlərinin kim olacağına aydınlıq gətirəcək.

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Kürasao-Fil Dişi Sahili bu gün 00:00-da başlayır. Burada əsas bir sual var: O nağıl davam edəcəkmi?
Bu dünya çempionatının ən romantik hekayələrindən biri şübhəsiz ki, Kürasaoya məxsusdur. Karib hövzəsinin kiçik ada dövləti mundialın ən kiçik iştirakçılarından biri olsa da, milyonlarla futbolsevərin rəğbətini qazanmağı bacarıb.

Almaniya ilə ilk matçda ağır məğlubiyyət alan komanda ikinci oyunda Ekvador qarşısında göstərdiyi əzmkarlıqla diqqət çəkib. Qolsuz heç-heçə Kürasaonun qrupdakı vəziyyətini tam dəyişib və son turun önəmini artırıb.

Fil Dişi Sahili isə daha təcrübəli və güclü kollektiv kimi görünür. Afrika təmsilçisi sürətli əks-hücumları, fiziki üstünlüyü və fərdi ustalığı ilə seçilir. Komanda Ekvador üzərində qələbə qazanaraq vacib üstünlük əldə edib.

Bu oyunda iki fərqli futbol fəlsəfəsi qarşılaşacaq. Kürasao daha çox kollektiv oyun və müdafiə intizamına güvənirsə, Fil Dişi Sahili fərdi keyfiyyətlər hesabına nəticə əldə etməyə çalışacaq. Qələbə Kürasao üçün tarixi sensasiya anlamına gələ bilər. Bu səbəbdən Filadelfiyada keçiriləcək görüşün son dəqiqələrinə qədər böyük gərginlik yaşanacağı gözlənilir.

Eyni saatda E qrupunun digər qarşılaşmasında Almaniya və Ekvador üz-üzə gələcək. Bu matça nəhəngə qarşı son ümid kimi baxaq…

Tunis yığmasının DÇ-2026 üçün heyəti açıqlanıb

Almanlar indiyədək keçirdikləri oyunlarda öz güclərini nümayiş etdiriblər. Hücum xəttində yüksək məhsuldarlıq, orta sahədə nəzarət və müdafiədə sabitlik Almaniyanı turnirin əsas favoritlərindən birinə çevirib. Julian Nagelsmannın rəhbərlik etdiyi kollektiv son illərdə dünya çempionatlarında yaşadığı uğursuzluqları unutdurmağa çalışır. Komandanın əsas məqsədi yalnız qrupdan çıxmaq deyil, kuboku qazanmaqdır.
Ekvador isə çətin vəziyyətdədir. Cənubi amerikalılar ilk iki matçda qol vurmağı bacarmayıblar. Buna baxmayaraq, onların sürətli cinah oyunçuları və mübariz ruhu almanlar üçün müəyyən problemlər yarada bilər. Bu görüşdə Almaniyanın topa daha çox sahib olması, Ekvadorun isə əks-hücumlara üstünlük verməsi gözlənilir. Qrup liderliyini artıq təmin etmiş Almaniyanın müəyyən rotasiyalar etməsi ehtimalı da var.

Lakin hətta ehtiyat heyətlə belə Almaniya matçın favoriti hesab olunur. 03:00-da start veriləcək Yaponiya-İsveç duelində Asiya intizamı Skandinaviya gücünə qarşı savaşacaq. Bu, F qrupunun ən maraqlı görüşlərindən biridir.

Yaponiya son illərdə dünya futbolunun ən sürətlə inkişaf edən komandalarından biridir. Texniki futbol, sürətli keçidlər və taktiki nizam-intizam onların əsas üstünlükləridir. Tunis üzərində qazanılmış böyükhesablı qələbə komandanın özünəinamını daha da artırıb. Yaponiya artıq təsadüfi komanda olmadığını sübut edib.
İsveç isə ənənəvi olaraq fiziki gücə və hava toplarında üstünlüyə güvənən komandadır. Skandinavlar sürətli hücumlarla rəqiblərini cəzalandırmağı bacarırlar. Bu qarşılaşmada oyunun taleyini orta sahədəki mübarizə həll edə bilər. Yaponiya topa nəzarət etməyə çalışacaq, İsveç isə sürətli keçidlərdən yararlanmağa can atacaq.

Tunis-Niderland (03:00) görüşündə narıncı fırtına davam edəcəkmi?

Niderland bu turnirin ən baxımlı futbol oynayan komandalarından biridir. Məhz təsadüf deyil ki, əsas favoritlər sırasında yer almaqdadır. Komanda sürətli hücumları, yüksək pressinqi və qol imkanlarından maksimum istifadə etməsi ilə seçilir. İsveç üzərindəki böyükhesablı qələbə bunu bir daha təsdiqlədi.
Tunis üçün isə vəziyyət son dərəcə çətindir. Komanda ilk iki görüşdə müdafiədə ciddi problemlər yaşayıb və çoxlu qol buraxıb. Afrika təmsilçisi son matçda azarkeşlərini sevindirmək istəsə də, qarşılarında çox güclü rəqib var. Niderlandın erkən qol vuracağı halda oyuna tam nəzarət etməsi mümkündür. Buna görə də tunislilərin əsas vəzifəsi ilk dəqiqələrdə müdafiə sabitliyini qorumaq olacaq.

Futbolseverler, Dünya Kupası'nda yeni kurallara tanıklık edecek

Gecənin digər qarşılaşmasında bütün türk dünyasına üzüntü yaşadan, azarkeşlərdə xəyal qırıqlığı və qəzəb yaradan qardaş Türkiyə millisi 06:00-da ev sahibi ABŞ ilə təsəlli oyununa çıxacaq. Bu baxımdan görüş gecənin ən emosional matçıdır. Amma istənilən halda D qrupunun mərkəzi oyunu budur.

ABŞ ev sahibi statusundan maksimum yararlanır. Komanda iki oyunda nümayiş etdirdiyi futbol ilə qrupun ən güclü kollektivinə çevrilib. Amerikalılar sürətli oyun tərzi, yüksək fiziki hazırlıq və azarkeş dəstəyi sayəsində ciddi üstünlük əldə ediblər.
Türkiyə isə dediyimiz kimi gözləniləndən zəif çıxış edib. İlk iki oyundakı uğursuz nəticələr komandanı çətin vəziyyətə salıb. Bununla belə, Türkiyə millisinin dünya futbolunda sürprizlər etməyi bacaran komanda olduğunu hamı yaxşı bilir. Hakan Çalhanoğlu kimi təcrübəli futbolçuların liderliyi altında türklər son şanslarından istifadə etməyə çalışacaqlar. Los-Anceles stadionunda minlərlə türk azarkeşinin yaratdığı atmosfer oyuna əlavə rəng qatacaq. Bu görüş həm taktiki, həm emosional, həm də psixoloji baxımdan turun ən maraqlı matçlarından biri hesab olunur.

Qrupun digər görüşündə Paraqvay və Avstraliya pley-of uğrunda son döyüşə atılacaqlar. Bu görüş də böyük əhəmiyyət daşıyır. Hər iki komanda növbəti mərhələ uğrunda mübarizəni davam etdirir və məğlubiyyət onların ümidlərini ciddi şəkildə azalda və ikisindən birini ən yaxşı üçüncülükdən məhrum edə bilər. Paraqvay texniki futbolu və topa nəzarəti ilə seçilir. Avstraliya isə fiziki gücü və döyüşkən xarakteri ilə tanınır. Bu səbəbdən oyunda iki fərqli üslubun toqquşmasını izləyəcəyik. Bir qol belə qrupun yekun mənzərəsini dəyişə bilər.

Yazımıza belə yekun vuraq:

Futbolsevərlərə məlumdur ki, dünya çempionatı tarix boyu sürprizləri, dramatik sonluqları və unudulmaz hekayələri ilə seçilib. Qarşıdakı altı oyun da həmin ənənənin davamı ola bilər.
Bir tərəfdə Almaniya, Niderland və ABŞ kimi favoritlər var. Digər tərəfdə isə Kürasao, Yaponiya və Paraqvay kimi öz nağıllarını yazmağa çalışan komandalar.

Bu gecə milyonlarla azarkeşin gözü ABŞ stadionlarında olacaq. Bəzi komandalar üçün bu oyunlar sadəcə növbəti matçdır. Digərləri üçün isə dünya çempionatı xəyalının davam edib-etməyəcəyini müəyyənləşdirəcək son imtahandır.
Bir sözlə, futbol dünyası yeni bir möhtəşəm gecəyə hazırlaşır...


Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR