İnsanlara hürriyət, millətlərə istiqlal!

Üç "oyun": 11 sentyabr, 15 iyul və 24 iyun – gizli sövdələşmələr versiyasının puçluğu

Rus folklorunda məşhur və lakonik bir kəlam var: “İqra ne stoit sveç”.

Bu atalar sözünün hərfi tərcüməsi və ilkin mənası belədir ki, bu cür oyuna görə bu qədər şam yandırmağa dəyməz.

Bizim folklarda bu kəlamın təxmini qarşılığı bu cürdür: “Astarı üzündən baha çıxdı”.

Bu ifadələri iyun ayının 24-də Rusiyada baş verən hərbi-siyasi təlatüm və onun ətrafında gedən söz-söhbətlər, ortaya atılan versiyalar aktual edir.

Söz yox, istənilən hadisə barədə hər kəsin fərdi düşünmək, fikir söyləmək haqqı var, amma minlərlə adam ortaya çıxıb israrla yanlış fikri söyləyəndə, bu, artıq, ictimai rəyi çaşdırmaq, bilə-bilə (və ya inanaraq) həqiqəti təhrif etmək cəhdidir.

Hələ ayın 24-də axşam, hərbi qiyam qaldırmış “Vaqner” muzdlularının rəhbəri Yevgeni Priqojin Moskvaya doğru irəliləməyi dayandırb geri çəkildiyini bəyan edəndə sosial şəbəkələrdə yüzlərlə belə status və şərh yazıldı ki, guya bu, prezident Putin və Priqojin tərəfindən düzülüb-qoşulmuş oyun, şou, tamaşa imiş.

“Hərbi qiyam” tamaşası səhnələşdirməkdə məqsəd isə filan şeymiş, bəhmən şeymiş... bir sürü cəfəngiyyat.

Bəz bu oyun üçün bu qədər şam yandırmağa dəyərdimi? Bu suala sonrakı abzaslarda cavab verərik.

İndi isə “oyun”, “düzməcə” adlandırılan analoji hadisələrə diqqət yetirək.

Bu saat dünyada milyonlarla adam inanır ki, 2001-ci ilin sentyabr ayının 11-də beynəlxalq terrorçu Üsamə bin Ladenin rəhbərlik etdiyi terrorçuların ələ keçirdikləri təyyarələrlə Nyu-Yorkdakı əkiz qüllələri, Pentaqonun binasını taran etmələrini ABŞ dövləti, konkret olaraq, Buş administrasiyası özü təşkil edib.

11sent.jpg (125 KB)

Bu iddianı irəli sürənlər xeyli arqument də sadalayır və “sübut edirlər” ki, məhz belədir: hər şeyi ABŞ dövləti özü edib.

Bu cür fikirlər daha çox ərəb-müsəlman ölkələrində, Rusiyada, eləcə də ABŞ-la düşmənçilik münasibətlərində olan digər ölkələrdə populyardır. Onlar israrla bu analoqsuz terror aktlarına və böyük cinayətə görə ABŞ-ın özünü “günahkar” çıxarmaq istəyirlər.

Bəs ABŞ bu terror aktlarından nə qazanc əldə etdi ki, bu qədər “şam yandırdı”?

Sonrakı aylarda ABŞ bu teraktlara görə İraqa və Əfqanıstana qoşun yeritdi, Səddam Hüseynin və “Taliban”ın hakimiyyətinə son qoydu. Həmin ölkələrdə onun nə qazandığı barədə elə bir səhih informasiya yoxdur, amma orada qoşunların saxlanmasına, hərbi əməliyyatlara, oyuncaq hökumətlərin dəstəklənməsinə bir neçə trilyon dollar pul xərclədi.

Guya ABŞ istəsəydi, həmin ölkələrə “qaçırılmış təyyarələrlə taran terror-şousu” təşkil etmədən girə bilməzdi? Lap əla girərdi. ABŞ-a kim mane olacaqdı? Bütün anqlosakson və Frankofoniya dövlətləri arxasındadır və hər zaman ona dəstək verirlər.

Hələ 11 sentyabr hadisələrindən sonra dünya hegemonu ABŞ-ın beynəlxalq miqyasda istehza hədəfi olması, məsxərəyə qoyulması, reputasiyasının sarsılması, ilk günlərdə çarəsiz görünməsi kimi heç bir maddi dəyərlə kompensasiya edilməyəcək zərəri hesablamırıq. Bu, təxminən ağır çəkili pəhləvanın özünü hansısa məqsədlə yüngül çəkili atletə döydürməsi kimi bir şey olardı. 2001-dən bəri ABŞ hələ də “güclü pəhləvan” imicini tam bərpa edə bilməyib.

Bütün bunlar bir yana, ələ keçirilmiş və Ağ Evə doğru uçan sərnişin təyyarəsinin Pensilvaniya ştatının Şanksvilli şəhəri üzərində ABŞ hərbi hava qüvvələri tərəfindən vurulmasının mənası nəydi? Düzdür, ABŞ tərəfi təyyarənin vurulmadığını, terrorçularla sərnişinlər arasında baş verən münaqişə üzündən düşdüyünü deyir, amma ilk yayılan informasiyada təyyarəni ABŞ qırıcısının vurduğu bildirilirdi. Məqsəd onun Ağ Evi taran etməsinin qarşısını almaq olub.

Bu necə “oyun”dur ki, ondan ötrü 16 min adamın həyatı riskə atılıb, onlardan 2977-ü ölüb, 6300 nəfəri yaralanıb, bütün ölkə, eləcə də dünya dəhşətə gəlib?

Üstəlik, teraktlardan sonra Üsamə bin Laden, Ayman əz-Zəvahiri, Xalid Şeyx Məhəmməd kimi terrorçular bu əməliyyatları ilə fəxr edir, müsahibələr verirdilər. Taranı həyata keçirən bütün ərəb terrorçuların adı da məlumdur, amma yenə də milyonlarla insan o teraktları ABŞ-ın özünün təşkil etdiyinə inanır.

24iyunda.JPG (53 KB)

Eyni meyarla 2016-cı ilin iyul ayının 15-də Türkiyədə baş verən və uğursuzluqla nəticələnən hərbi çevrilş cəhdinə yanaşanlar da var. Bu gün Türkiyənin özündə və kənar ölkələrdə milyonlarla adam inanır, onlardan bir neçə yüz mini əminliklə iddia edir ki, 15 iyul qiyamını prezident Ərdoğan özü təşkil edib.

Bu hadisələr zamanı qiyamçılar 248 adam öldürüblər (180 mülki şəxs, 62 polis, 6 əsgər), özlərindən də 36-sı hadisə günü, 22-si isə həbsxanada ölüb.

Qiyama ordunun içindən, hərbi hava qüvvələrindən, hərbi dəniz qüvvələrindən, prezidentin mühafizə alayından, jandarma birliklərindən silahlı qruplar qatılıblar. Təşkilatçı (Fətullah Gülən) ortada, ona gizli şəkildə dəstək verən dövlət (ABŞ) bəlli, açıq dəstəkləyən ölkələr məlum (Misir və BƏƏ), amma yenə də tarixi həqiqəti təhrif edən, ictimai rəyi çaşdıran versiyalar göydə uçuşur.

Düzdür, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi 15 iyul qiyamına hər hansı bağlılığı olduğu barədə ittihamları rədd etdi, amma belə təşkilatlardan Türkiyənin özünün də varı. Onlar da işləyirlər, əllərinə çatan minlərlə informasiyanı çeşidləyir, analiz edir və bilirlər ki, kimlər harada, nə məqsədlə görüşüblər, nə danışıblar, necə razılaşıblar və nə cür hərəkətə keçiblər.

15 iyulda və ondan sonra “yanan şamlar”ın (ölənlər, tutulanlar, minlərlə yaralanan, bir neçə min tutulan, on mindən çox işini itirən) çoxluğu istər-istəməz adamı düşünməyə vadar edir ki, bu “qiyam oyunu”na görə bunları sərf etməyə dəyərdimi.

İndi gələk Priqojinin qiyamına.

24iyun.jpg (49 KB)

Bu necə oyundur ki, Rusiyanın reputasiyası bərbad olub, prezident Putinin xarizması cızılıb, “ötkəm lider” portreti ləkələnib, dövlətə məxsus hərbi hava vasitələri vurulub, pilotlar və 20 desant öldürülüb, ordu demoralizə olunub, xalqın əslində kimə rəğbət bəslədiyi və ya kimə rəğbət bəsləmədiyi çılpaq şəkildə ortaya çıxıb, ölkə dünyada biabır-rüsvay duruma düşüb və s.

Putin bütün bunları niyə etməliydi, əlindəki baltanı niyə öz ayağına vurmalıydı?

Bu, oyundursa (0 ehtimal), demək, dünyanın ən zəif oyunçusu bu oyunda oynayanlardır.

Konspirologiyaya meyllilik də bir yerə qədər. Əslində baş verən hadisələrin çoxunun pərdə arxasında heç bir oyun və ya gizli sövdələşmə-filan olmur. Hər şey gerçək planda baş verir. Qəsdən quraşdırılmış, çoxpilləli və çoxməqsədli “oyun”lar olanda isə bunun üstü 50 ildən sonra açılır, ta oyun qurtarmamış yox.

Araz Altaylı, Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR