Onlayn ictimai-siyasi qəzet
Rusiyanın ultra-millətçi Liberal-Demokrat (RLDP) partiyasının lideri Leonid Slutski ilə bağlı yeni maliyyə iddiaları ortaya çıxıb. Bildirilir ki, siyasətçinin Türkiyənin Egey sahillərində iki lüks villası var və onların saxlanılması üçün yaranmış yarım milyon avrodan çox borcun ödənilməsində vaxtilə milyarder Roman Abramoviç ona yardım edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Vladimir Jirinovskinin ölümündən sonra RLDP-də rəhbərliyə gətirilən Leonid Slutski partiyanın gözlənilən siyasi nəticələri əldə etməsinə nail ola bilməyib. Seçkilər ərəfəsində keçirilən sorğuların partiya üçün zəif nəticələr göstərdiyi, LDPR-in Kommunist Partiyası ilə ikinci yer uğrunda mübarizədən geri qaldığı və hətta üçüncü yeri “Yeni insanlar” partiyasına uduzmaq təhlükəsi ilə üzləşdiyi bildirilir.
Araşdırma müəllifləri Slutskinin dəbdəbəli həyat tərzinin də partiya üçün reputasiya problemi yaratdığını iddia edirlər.
Söhbət ilk növbədə Türkiyənin Egey dənizi sahilində yerləşən premium “Six Senses Kaplankaya” kurortundakı daşınmaz əmlakdan gedir.
Mənbənin məlumatına görə, Slutskinin burada 1101 və 1102 nömrəli iki villası var. Bu daşınmaz əmlak barədə məlumatlar hələ 2021-ci ildə ictimailəşmişdi.
İddia olunur ki, 2022-ci ilin iyun ayının sonuna Slutskinin villaları idarə edən Türkiyə şirkətinə borcu 500 min avronu keçib.
Lakin həmin ilin sentyabrında borc tamamilə ödənilib.
Rucriminal.info saytının iddiasına görə, Slutskiyə bu məsələdə kömək edən şəxs rusiyalı milyarder Roman Abramoviç olub. Abramoviçin özünün də “Six Senses Kaplankaya”da rezident olduğu bildirilir.
Bununla belə, Abramoviçin verdiyi vəsaitin kredit, əvəzsiz maliyyə yardımı və ya başqa formada təqdim edildiyi barədə dəqiq məlumat yoxdur.
Mənbənin iddiasına görə, yarım milyon avroluq problemin həllindən sonra da Slutski Türkiyədəki bahalı daşınmaz əmlakından imtina etməyib.
Nəticədə 2026-cı ilin avqustunun əvvəlinə onun villaların saxlanılması ilə bağlı yenidən təxminən 140 min avro borcunun yarandığı bildirilir.
Araşdırma müəllifləri istehzalı şəkildə bu dəfə də Abramoviçin LDPR liderinin köməyinə gəlib-gəlməyəcəyinin seçkilərdən sonra məlum olacağını yazırlar.
Slutski və Abramoviçin sözügedən maliyyə əməliyyatı ilə bağlı mövqeyi materialda təqdim edilmir.
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ