Onlayn ictimai-siyasi qəzet
Türkiyədə yeni Konstitusiya ilə bağlı hazırlıqlar yeni mərhələyə qədəm qoyur.
Musavat.com habertürk kanalına istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) yeni Konstitusiya işləri çərçivəsində “siyasət sənədi” hazırlamağa başlayacaq.
Məlumata görə, vitse-prezident Cevdet Yılmazın rəhbərlik etdiyi Konstitusiya Komissiyası yaxın günlərdə yenidən toplanacaq. Komissiya əvvəlki iclaslarda müəyyənləşdirilmiş əsas istiqamətlər əsasında yeni Konstitusiyaya dair yanaşmaları özündə əks etdirən sənəd hazırlayacaq.
Habertürk-ün məlumatına görə, Qurban bayramından əvvəl keçirilən görüşlərdə konkret Konstitusiya mətninin hazırlanması deyil, əsas prinsip və istiqamətlərin müəyyənləşdirilməsi üzərində iş aparılıb.
Hazırlanacaq sənəddə toxunulmazlıqlar, məhkəmə sistemi, siyasi partiyaların statusu və Konstitusiyanın ümumi çərçivəsi ilə bağlı məsələlərin yer alacağı gözlənilir.
AK Parti mənbələri hazırkı Konstitusiyanın ilk dörd maddəsinin Türkiyənin respublika quruluşunu, demokratik, dünyəvi və sosial hüquq dövləti xarakterini, dövlətin bölünməz bütövlüyünü, rəsmi dilini, bayrağını, himnini və paytaxtını müəyyən edən ilk dörd maddə) dəyişdirilməsinin nəzərdə tutulmadığını və həmin müddəaların olduğu kimi qorunacağını bildiriblər.
Komissiyanın işləri yekunlaşdıqdan sonra sənəd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim ediləcək. Daha sonra sənəd ictimaiyyətə açıqlanacaq və digər siyasi partiyalarla müzakirələrə başlanılacaq.
Qeyd edək ki, Konstitusiya Komissiyasının tərkibində AK Parti rəhbərliyinin aparıcı simaları, o cümlədən Efkan Ala, Mustafa Elitaş, Hayati Yazıcı, Ali İhsan Yavuz, Ömər Çelik, Abdullah Gülər və partiyanın qrup sədr müavinləri təmsil olunurlar.
Musavat.com
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ