İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp İrana əl uzatdı, amma blokadanı saxladı: Tehran geri addım atacaq?

ABŞ-İran qarşıdurmasında hərbi təhdidlərlə diplomatik mesajların bir-birini əvəz etdiyi yeni mərhələ başlayıb. Vaşinqton bir tərəfdən Tehranla razılaşma imkanını gündəmdə saxlayır, digər tərəfdən isə İrana qarşı təzyiq mexanizmlərini qoruyur. Xüsusilə Hörmüz boğazı və ABŞ-ın İran üzərində tətbiq etdiyi blokada danışıqların əsas düyün nöqtəsinə çevrilib. Tehran isə blokadanın aradan qaldırılmasını və digər şərtlərin yerinə yetirilməsini danışıqların əsas şərti kimi təqdim edir.

Belə vəziyyətdə Trampın birbaşa dialoqa açıq mesajları Vaşinqtonun hərbi təzyiqlə diplomatiyanı paralel apardığını göstərir. ABŞ prezidenti razılaşma ehtimalını tamamilə qapamır, İran isə güzəştə getmədən əvvəl qarşı tərəfdən konkret addımlar gözləyir. Bu, sadə diplomatik dialoqdan daha çox, tərəflərin kimin ilk geri çəkiləcəyini gözlədiyi sərt siyasi pokerə bənzəyir.

Tehran ABŞ-ın təklif etdiyi danışıqlar masasının arxasına hansı şərtlərlə oturacaq? Trampın təzyiq və diplomatiyanı eyni anda işə salması İranı güzəştə məcbur edə biləcəkmi?

Ədalət partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a bildirdi ki, Amerika Birləşmiş Ştatları son zamanlar Hörmüz boğazının açılması ilə bağlı səbirsiz hərəkət etməyə başlayıb və nəyin bahasına olursa-olsun, Hörmüz boğazından neftin təhlükəsiz daşınmasının həyata keçirilməsinə nail olmaq istəyir: "Bununla yanaşı, İran mövqeyində kifayət qədər ciddi olduğunu göstərir və Birləşmiş Ştatların həmlələrini nəinki səbirlə qarşılayır, eyni zamanda sərt mövqe sərgiləməkdən də çəkinmir. Hətta bu günlərdə İranın rəsmi nümayəndələrindən biri Hörmüz boğazı ilə bağlı öz müttəfiqləri Çin və Rusiya ilə daim məsləhətləşdiklərini bildirmişdi. Bu isə onu göstərir ki, Hörmüz boğazı məsələsi təkcə İran və Birləşmiş Ştatlar arasında olan məsələ deyil, kifayət qədər mürəkkəb məsələdir və dünya güclərinin toqquşduğu bir məkana çevrilib. Ona görə də Birləşmiş Ştatların diplomatik və yaxud sərt həmlələri İranı mövqeyindən geri çəkindirə bilməz. Bu, İran üçün heç nə demək deyil. Ona görə ki, Hörmüz boğazını biz həm də Rusiyanın nəfəsliyi adlandıra bilərik. Çünki dörd ildən çoxdur ki, sanksiyalara məruz qalan Rusiya iqtisadiyyatı son dövrlər, xüsusilə də fevral ayından bəri Hörmüzdə yaranmış vəziyyətlə əlaqədar olaraq neftin qiymətinin iki dəfədən çox qalxması ilə nəfəs almaqdadır və Rusiya da asanlıqla bu boğazın açılmasını istəməz.

Eyni zamanda, biz qeyd etməliyik ki, Birləşmiş Ştatların hərbi həmlələri də davam edir. Xüsusilə, Yəməndə dövlət səviyyəsində husilərə qarşı hərbi mübarizənin başlaması buna misaldır. Bu o deməkdir ki, Birləşmiş Ştatlar Hörmüzə İranın əlavə hərbi güclərdən istifadə edərək nəzarət etməsinin qarşısını almağa çalışır və husiləri Yəmən hökumətinin əli ilə neytrallaşdırmaq niyyətindədir.

Bütün bunlar İranın geri çəkilməsi üçün əsas ola bilməz. İran da şərtlərinin üzərində kifayət qədər dayandığını nümayiş etdirir. Sanksiyalar ləğv olunmalıdır, uranın zənginləşdirilməsi məsələsi danışıqların predmeti ola bilməz və üstəlik, İran İsrail və ABŞ-ın hücumu nəticəsində ölkəyə dəymiş ziyanın ödənilməsi məsələsini də qaldırır. Burada da haqlı məqamlar var. Ona görə ki, heç bir beynəlxalq təşkilatın, xüsusilə BMT-nin sanksiyası olmadan belə bir təcavüz başlayıb və İranın da tələb etmək haqqı var".

Partiya sədri bir məsələni də xüsusi qabartdı: "Tramp noyabr seçkilərində qələbə qazanmaq niyyətindədir. Əks halda, məğlubiyyət ona baha başa gələ bilər. Ona görə sanki Hörmüz boğazında hövsələsizlik göstərməkdədir. Bir əlində diplomatiya, digər əlində hərbi təhdidlər İranın qarşısına çıxıb. Çox güman ki, özü də yaxşı dərk edir ki, Hörmüz boğazı ilə bağlı qərar vermək səlahiyyəti yalnız İrana məxsus deyil. Bu məsələdə Çin və Rusiya ilə razılaşmalıdır".

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR